Orta məktəblərdə ingilis dili öyrətmək problemi

25-02-2023, 12:38
10 863
Orta məktəblərdə ingilis dili öyrətmək problemi

Xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər-niyə?

Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçilməsinə I sinifdən başlanır. Araşdırmalar zamanı müəyyən olunub ki, sadalanan xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər. Bunu nəzərə alan bir çox valideyn övladının xarici dilə yaxşı yiyələnməsi üçün onu ya repetitor yanına göndərir, ya da əlavə kurslara yazdırır.

Onu da qeyd edək ki, buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur. Ancaq abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkir. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmamasıdır.

Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. İkinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. İllər öncə orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq  tədris olunurdu. Hazırda məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunur. Amma keyfiyyət dəyişikliyi xüsusi hiss olunmur.

Elçin Əfəndi: “İmtahanlar tədris ili başa çatdıqdan sonra keçirilə bilər”

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, orta ümumtəhsil məktəblərində ibtidai təhsil pilləsində ingilis dili öyrədilməyə başlanılır, amma nəticə etibarilə uşaq 11 il ingilis dilini keçməsinə baxmayaraq məktəbi bitirəndə uğurlu nəticəsi olmur: “Təbii ki, bunun bir neçə səbəbi var. Burada dərsin tədrisindən çox şey asılıdır. İkinci valideynin diqqəti, üçüncü isə formal qiymətləndirmənin olmasıdır. Bu üç faktor təkcə ingilis dili deyil, eyni zamanda digər fənlərdə də ümumi biliyin əldə olunmasına  mühüm töhfə verən amillərdir. Bu üç amil qaydasında olsa, o zaman biz ingilis dili, riyaziyyat, ana dilində şagirdlərin mükəmməl səviyyədə öyrəndiyini müşahidə edə bilərik. Bu gün Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və təbii ki, bu şagirdlərin hər birinin ümumi bilikləri qəbul etməsi, beyin tutumu eyni deyil. Amma biz nəzərə alsaq ki, hər şey başlanğıcdan öyrədilir, o zaman şagird bunu öyrənməyə borcludur. Müəllimdən çox şey asılıdır. Müəllim dərsi auditoriyada normal tədris edərsə, əlbəttə, bu, şagird tərəfindən verilən informasiyanın qəbul olunmasına gətirib çıxaracaq. Eyni zamanda valideyn keçilən dərslə bağlı övladı ilə yarım saat məşğul olarsa, bu da mühüm töhfə verə bilər. Bundan əlavə, əgər şagird müvafiq fənləri yaxşı bilmirsə, onun sinifdən sinfə adlaması doğru deyil. Bu, birbaşa oxumağa təhrikdir. Amma bizdə şagird qeyri-obyektiv qiymət yazılaraq sinifdən sinfə adladılır”.

Ekspertin sözlərinə görə, yeganə çıxış yolu kimi ilk növbədə şagird sıxlığı minimallaşdırılmalıdır: “İkinci növbədə şagirdlərə qeyri-obyektiv qiymətlərin verilməsindən çəkinməliyik. Şagird nəyi real bilirsə, ona uyğun qiymətləndirilmə aparılmalıdır. Üçüncü növbədə dərs məktəblərdə tədris olunmalıdır. Daha mən evdə dərsi qismən keçim, uşaq evdə yanıma hazırlığa gəlsin prinsipi ilə yanaşılmamalıdır. Təbii ki, bunları tətbiq edəriksə, 11 ildə uşaq niyə ingilis dilini öyrənmir sualına cavab tapa bilərik”.

Kamran Əsədov: “ Təhsil sisteminn qarşısında duran ən vacib məsələlərdən biri də Təhsil menecmentinin formalaşdırılmasıdır”

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı dedi ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir: “Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər-ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq  zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər.  Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir. Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Və dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan  şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar”.

Ekspert əlavə edib ki, hazırda məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunur: “Əslində bu ilk baxışdan normaldır. Əvvəla bizdə şagirdlərin mühiti başqadır, yəni xaricdəki kimi deyil. Məsələn, xaricdə uşaq məktəbə getməmişdən əvvəl, yəni uşağın məktəbəqədər dövrü zamanı da  ingilis dili dərsləri keçirilir. Təbii ki, yaşa uyğun şəkildə. Və uşaq artıq məktəbə gedəndə daha rahat şəkildə dərsləri mənimsəməyə başlayır. Qəbul və buraxılış imtahanlarının nəticələrini analiz  edəndə görürük ki, şagirdlər xarici dildən minimum tələbləri ödəyiblər.  11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə 2 qiyməti alanların sayı ingilis dilindən 2 alanların sayından çoxdur. Ana dilindən "5" qiyməti alanların faizi (20.47) isə ingilis dilindən "5" qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Yəni həm IX, həm də XI siniflərdə şagirdlərin ingilis dilindən nəticələri digər fənlərlə müqayisədə yaxşıdır”.

K.Əsədov deyir ki, dövlət orta məktəblərində ingilis dili bölmələri yoxdur və yaxın gələcəkdə də yaradılması nəzərdə tutulmur: “Bəzi özəl ümumtəhsil məktəblərində ingilis dili bölmələri fəaliyyət göstərir. Bütün dünyada insanlar ingilis dilini öyrənirlər. Rus bölməsinin fəaliyyəti sosial sifariş olduğu üçün vətəndaşların istəyi günü-gündən artır, fəaliyyət göstərir. Rus bölməsinin fəaliyyətinin dayandırılmamasının da səbəbləri var. Belə ki, rus bölməsində təlimin keyfiyyəti Azərbaycan bölməsindəkinə nisbətən yüksəkdir. Bu xüsusilə də ibtidai siniflərdə qabarıq müşahidə olunur. Azərbaycan bölməsində çatışmayan cəhətlərdən biri uşağın sosiallaşmasına, cəmiyyət üçün hazırlanmasına diqqət yetirilməməsidir. Onu da qeyd edim ki, rus bölmələrində də çalışan müəllimlərin 99 faizi azərbaycanlıdır. Lakin bu bölmədə çalışan Azərbaycan müəllimləri daim axtarışdadır, öz üzərində işləyir, valideynin tələbatını, sosial sifarişi mükəmməl şəkildə yerinə yetirir. Bizim valideynlər bunu dərk edir. Ona görə də uşaqlarını əlindən tutub ibtidai siniflərdə rus bölməsinə aparırlar. Hətta uşaq bağçasında da rus bölməsinə qoymağa üstünlük verirlər. Rus dili ilə yanaşı, bu gün ingilis dilinə böyük tələbat var. İngilis dilinin tədrisi ilə bağlı saatların sayı da orta məktəblərin tədris proqramında rus dili ilə müqayisədə üstünlük təşkil edir. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Amma ingilis dilinin Azərbaycan dilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır.

Hesab edirəm ki, ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır. Şagirdləri müxtəlif fənləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırmalıdır. Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmadı. İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək. Düşünürəm ki, ingilis dilinin ibtidai siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır".

скачать dle 12.1
Xəbər lenti