Məktəbin uğuru direktordan başlayır - onları düzgün necə seçməli...

18-11-2023, 13:59
186
Məktəbin uğuru direktordan başlayır - onları düzgün necə seçməli...
Deputat: “Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktorluq qazanır, daha sonra isə...”
Məktəbdə təhsilin keyfiyyəti, sözsüz ki, onun rəhbərindən - direktorundan da asılıdır. Təşkilatçılıq bacarığı, savadlı və peşəkar pedaqoji kollektivin formalaşdırılması, əlbəttə ki, təhsil ocağı rəhbərinin üzərinə düşən ən mühüm missiyadır. Yüksək və nümunəvi əxlaqla bağlı tələb də öz yerində.   
Təəssüf ki, zaman-zaman məktəb direktorları ilə bağlı narazı fikirlər səslənir. Bəs görəsən, direktorların ən düzgün seçimi necə aparılmalıdır?
Ceyhun Məmmədov: Radikal təriqətli insanlara qarşı mübarizə  gücləndirilməlidir - AZƏRTAC
 Ceyhun Məmmədov
“Yeni Müsavat”ın məlumatına görə, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədova görə, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır: “Bu məsələyə dəfələrlə münasibət bildirmişəm. Hətta parlamentin komitə iclasında da bu mövzunu qaldırmışam. Düşünürəm ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır. Direktorlar təyin olunarkən yalnız onların bilikləri deyil, eyni zamanda onların psixoloji vəziyyəti, keçmişi, rüşvətə meyilli olub-olmaması, xarakteri təyin olunmalıdır. Bununla yanaşı onların təcrübəsi də nəzərə alınmalıdır”.
Deputat qeyd edib ki, direktor seçimində bir müddət məktəb direktor müavinlərinə üstünlük verilməlidir: “Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktorluq qazanır, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışır. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti, təcrübəsi nəzərə alınmalıdır. Hesab edirəm ki, direktor seçimində bir müddət məktəblərin direktor müavinlərinə üstünlük verilməlidir. Hansı ki, onların keçmişində şübhəli məqam, problem yoxdur. Bu məsələnin həlli üçün qeyd etdiyim məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bilik əsas meyar olmalı deyil”.
Ekspertlər də qeyd edir ki, məktəb direktorları üzərlərinə düşən funksiyaları vaxtında, ardıcıl, sistemli, davamlı və keyfiyyətlə həyata keçirmək üçün məktəb direktoru dərin elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. O, uşaqları   sevməli və onlara qayğı ilə yanaşmalı, bir pedaqoq kimi peşəsinin ustası, ixtisasının sahibi, lider-müəllim olmalı,  pedaqoji kollektivdə olan nüfuzlu müəllimlərə hörmətlə yanaşmalı, onlardan çəkinməməlidir. Həmçinin vicdanlılıq, obyektivlik, məsuliyyətlik, alicənablıq xüsusiyyətləri xas olmalı, paxıllıq və kinlilikdən uzaq olmalıd, əla metodist, nəzakətli məsləhətçi, mehriban tərbiyəçi olmalı, təmkinlə, səbrlə uşaqları da, böyükləri də dinləməyi bacarmalıdır. İlk növbədə, özünə, sonra isə digərlərinə qarşı tələbkarlıq göstərməli, incə psixoloq olmalı, lazım gəldikdə o özünü müəllimin də, şagirdin də, valideynin də yerinə qoymağı bacarmalıdır.
Əsl direktor formal icraçı deyil, təşəbbüskar, yaradıcı insan olmalıdır, məktəbin hər bir işçisinin uğurunu məmnunluqla qarşılamalı, layiqincə qiymətləndirməli, dəstəkləməli, digərlərinə nümunə göstərməlidir. O, formalizmə, yalana, gözdən pərdə asmağa qarşı amansız olmalı, səhvləri, nöqsanları etiraf etməyi, onların aradan qaldırılması yollarını tapmağı, məktəb həyatının gündəlik cari işləri axarında əsas məsələləri nəzərdən qaçırmamalıdır. Direktorun xarakterində ən böyük nöqsan kobudluq, qabalıq, sərtlik, çılğınlıq, özünü ələ ala bilməməkdir.
Bu baxımdan ekspertlər direktorların təkcə test müsabiqəsi ilə bilik, bacarıqlarının deyil, həm də digər alətlərlə onların şəxsi xüsusiyyətləri, xarakteri, kollektivlə davranışlarının da yoxlanılmasının tərəfdarıdır.
Kamran Əsədov məhkəməyə verilir -
 Kamran Əsədov
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov da “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, ölkədə hazırda 4432 orta ümumtəhsil məktəbi var ki, bu müəssisələrdə fəaliyyət göstərən 3 minə qədər direktor müsabiqə yolu  vasitəsi ilə vəzifəyə təyin olunub.
Xatırladım ki, direktorların işə qəbulu 2013-cü ildən etibarən mərkəzləşmiş qaydada həyata keçirilir. Bu format etibarı ilə şəffaflığın, əlçatanlığın təmin olunmasına xidmət etsə də, keyfiyyət  baxımından o qədər də effektli deyil. Çünki bəzi hallarda sualları əzbərləyənlər, müsabiqədən bu və digər yollarla  keçənlər də məktəblərə direktor təyin oluna bilirlər. Bu baxımdan hesab edirəm ki, direktorlar vəzifəyə təyin olunarkən onların təkcə test tapşırıqları ilə vasitəsi ilə yoxlanılması effektli deyil. Biz mütləq şəkildə xarici təcrübəni tətbiq etməliyik.
Fikrimcə, müsabiqədən öncədən müəllimlər ən azı 3-6 aylıq təlimlərə cəlb olunmalı, daha sonra imtahan keçirilməlidirlər. Müsabiqədən uğurla keçənlər isə tanınmış, nəticləri yaxşı olan direktorların yanında  bir müddət dirketor köməkçisi kimi çalışmalı, sistemi dərindən bilməlidirlər. Çünki bəzi hallarda görürük ki, direktorların bir qismi məktəb sənədləşməsini bilmirlər. Hətta bəzi hallarda jurnal yazanda belə ciddi qüsurlara yol verirlər. Bütün bunlar  ciddi məsələlərdir.
Bəzi hallarda isə müşahidə edirik ki, testdəın yüksək bal toplayan, amma xarakteri, şəxsi xüsusiyyətləri  yaxşı olmayan şəxslər direktor təyin olunur. Onlar vəzifəyə gedəndən sonra məktəb daxilində konfliktlər baş verir, müəllimlərlə, kollektivlə davranışda müəyyən qüsurlar ortaya çıxır. Buna görə də mütləq şəkildə məktəb direktorlarının təkcə biliklərini deyil, həm də onun şəxsi psixologiyasını, kollektivə uyğunluğunu müəyyən alətlər vasitəsi ilə yoxlamalıyıq. Hesab edirəm ki, əsas meyar testdən toplanan bal olmamalıdır. Həmin şəxs haqqında sınaq müddətində çalışdığı dövrdə rəylər verilməlidir. Rəylər də obyektiv  olmalıdır.
Beləliklə, təlimin, tədrisin uğurlu, keyfiyyətli olması bilavasitə  direktora bağlıdır. Bəzi hallarda məktəbin komanda üzvləri yüksək hazırlıqlı olur, amma direktor onlarla işləyə bilmir. Bəzən isə görürük ki, peşəkar, yaxşı direktor zəif müəllimlərlə bilik və bacarığı o qədər də yüksək olmayan müəllimlərlə yaxşı uğur əldə edə bilir. Bu baxımdan hesab edirəm ki, biz  məktəbi təşkil edənlərin yetişdirilməsi ilə məşğul olmalıyıq. Ali məktəblərdə necə ki, həkim, kitabxanaçı, müəllim kadrı hazırlanır, eləcə də bakalavr səviyyəsində direktor kadrı hazırlamalı, bu ixtisas üzrə ixtisaslaşma olmalıdır".скачать dle 12.1
Xəbər lenti