Azərbaycan Təhsil İşçiləri Azad

12-12-2023, 17:52
186
Azərbaycan Təhsil İşçiləri Azad
Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir.
Heydər Əliyev Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, 101 illik tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.
Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi bütün sovetlər birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması, onun müddətinin 11 illik olması təklifləri də Heydər Əliyev tərəfindən irəli sürülmüşdü.
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət, Ermənistanın təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi sual altına almışdı. Təhsil müəssisələri bağlanır, əraziləri zəbt olunurdu, ziyalılar, alimlər ölkəni kütləvi şəkildə tərk edirdilər. Bu çətin anlarda, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu və təhsil islahatlarının aparılması üçün də əlverişli imkan yarandı.
Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların davamlılığı təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi. Əlamətdar haldır ki, təhsilin inkişaf strategiyası həmin ildə dövlət başçısının yeni prezidentlik müddətində imzaladığı ilk sənəd olmuşdur. Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir.
Ötən müddət ərzində strategiyanın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev "azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.
Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir. 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, 2018-ci ildə "Azərbaycan Dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır.
Cənab Prezident vurğulamışdır: "...həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.скачать dle 12.1
Xəbər lenti