Test üsulunun ləğvi təklifi - kim nə dedi...

11-03-2023, 13:02
8 657
Test üsulunun ləğvi təklifi - kim nə dedi...

Təhsil ekspertləri qəbul imtahanı formatının dəyişdirilməsini vacib hesab edir, çünki...

“Test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir”.

Deputat Fazil Mustafa mediaya açıqlamasında belə deyib. Onun sözlərinə görə, hazırlıqsız şəxs, inkişaf etmiş ölkələrdə olduğu kimi, rahatlıqla daxil olduğu məktəbi asanlıqla bitirə bilmir: “Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsvirdir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütaliə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir. Yaxın çevrədə olan və testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütaliənin faydasını hələ də təlqin edə bilmirik. Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri ilə, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram. Çıxış yolu ali məktəblərin girişini açıb, çıxışını daraltmaqdır. Bir şeyi də etiraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlarla doludur”.

Qeyd edək ki, zaman-zaman test üsulunun ləğvi ilə bağlı məsələ gündəmə gəlsə də, real olaraq bununla bağlı hər hansı dəyişiklik edilməyib.

Elçin Əfəndi: “İmtahanlar tədris ili başa çatdıqdan sonra keçirilə bilər”

 Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, test üsulunun ləğvi deyil, formatda dəyişiklik edilməlidir: “Yəni qəbul imtahan formatı mütləq dəyişilməlidir. Hətta 2019-cu ildən etibarən biz qəbulda kurrikulum sistemini tətbiq etmişik. Çünki 2008-2009-cu illərdən etibarən ölkədə təhsil sistemində kurrikulum sisteminə keçid olub və 2019-cu ildən bu əsasla qəbul imtahanları keçirilməyə başlayıb. Keçən 4-5 il ərzində biz onu müşahidə edirik ki, qəbul imtahanları abituriyentlər üçün həddən artıq çətindir. Eyni zamanda onların valideynləri üçün. Ümumiyyətlə, qəbul imtahanlarının proqram çətinliyi, ümumi qəbul imtahanı formatının çətinliyi həm repetitorluq hazırlığının geniş vüsət almasına gətirib çıxarıb, ailələr maddi cəhətdən həddən artıq itkiyə məruz qalıblar. Bu günün ən acı reallığı ondan ibarətdir ki, abituriyentlər orta məktəb təhsili əsasında ali təhsili qazana bilmirlər. Bu gün əgər 85 min abituriyent 11 sinif şagirdi orta məktəbi bitirirsə, onun içərisindən cəmi 5-6 min nəfər demək olar ki, məktəb biliyi əsasında ali təhsil, yaxud kollecləri qazana bilər. Yerdə qalan 80 min nəfər ancaq hazırlıqlara üz tutur. Onun da içərisindən 50 min nəfərə yaxını ali məktəbi, yaxud orta ixtisas müəssisəsini qazanan tələbələr olur. Onlar da hamısı hazırlıq kurslarının gücünə. Biz sistemi dəyişməliyik”.

Ekspert əlavə edib ki, artıq qəbul proqramı yüngülləşdirilməlidir: “Şagirdlərin fənn yükü azaldılmalıdır. Şagird 6-7 fəndən imtahan verməməlidir. Şagird, sadəcə olaraq, 2-3 fəndən bilikləri qiymətləndirilməli, onun əsasında qəbul həyata keçirilməlidir. Necə ki, biz bu gün ADA Universitetində SAT, yaxud İELTS imtahanları əsasında qəbul müşahidə edirik, necə ki, xarici ölkə universitetlərində müvafiq olaraq SAT, yaxud İELTS, TOİFL bilik əsasında qəbulun həyata keçirildiyini görürük. Yaxud dost və qardaş ölkə Türkiyədə də İÖS proqramı əsasında məntiq və riyaziyyatdan, iki fəndən şagirdlərin biliyi qiymətləndirilib, onların qəbulunu biz müşahidə edirik. Bu qədər fənnin olması, 6-7 fənni salırlar bir ixtisas qrupuna, nəticədə şagird pərakəndə vəziyyətdə 6-7 fənn üzrə hazırlıq keçir. Hər fənnə də yazıq valideyn 100-150 manat pul ödəyir. Siz təsəvvür edin, bir ailə təxmini olaraq minimal 250 manatdan 2000 manata qədər hazırlıqlara pul tökür. Nəyin hesabına, çünki qəbul imtahanları çox çətindir. Test üsuluna 1992-ci ildən keçmişik, bu gün 2023-cü ildir, görün neçə il vaxt keçib. 31 il ərzində test üsulunu saxlamışıq. Bəli, dünyanın bir çox ölkələrində test üsulu saxlanılır, amma formatda dəyişiklik var, fənn sayı azaldılıb. Yaxud da qəbul qaydasında elə bir dəyişiklik etməliyik ki, şagird bir-iki fəndən imtahan verməli, onun əsasında da biliyi qiymətləndirilir, ali təhsil müəssisəsinə daxil olub-olmadığını üzə çıxarmalıyıq.  Amma bugünkü reallıq ondan ibarətdir ki, Fazil bəyin təklifinə müsbət yanaşıram, şagirdlər test üsulu ilə əzbərçiliyə meylləniblər. Nəticədə onlar özlərini ifadə edə bilmirlər. Bu gün universitetləri gəzsək, auditoriyada olan 30 tələbədən yalnız biri çıxıb danışacaq, digərləri bacarmır. Nitq inkişaf etmir. Çox bərbad bir vəziyyət yaranıb, şagirdə əzbərçiliyi öyrətməməliyik, bilik verməliyik. Tələbə özünü ifadə edə bilmirsə, əzbərçiliklə qəbul olursa, bu sistem bizim nəyimizə lazımdır”.

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni Sabah

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, keyfiyyətli ali təhsilin ən mühüm meyarlarından biri də imtahan verənin bilik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir: “İndiyədək tətbiq edilən qiymətləndirilmə üsulları - sorğu şəklində aparılan və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir. Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır. Test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin özəlliyi odur ki, kim nə bilirsə, onu aşkara çıxarır. Test insanın biliyinin qiymətini obyektiv müəyyən edir. Amma qəbul liberallaşmalıdır. Liberallaşsa, ali məktəblər rahat, öz imkanlarına uyğun, istədikləri qədər tələbə götürə biləcəklər. Bununla ali məktəblərə qəbul olanların sayını artırmaq olar. Test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin heç bir günahı yoxdur. Günah məktəb, müəllim, şagird və valideyndədir. Düzdür, apardığımız müşahidələr göstərir ki, test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir. Bu, şagirdlərdə digər bacarıqların - nitq qabiliyyətinin, problemli situasiyalarda çıxış etmək bacarığının formalaşmasına mane olur. Ənənəvi test tapşırıqlarının yığışdırılmasına doğrudan da ehtiyac var. Hər kəs etiraf edər ki, test üsulu Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında inqilabi dəyişiklik yaratdı. Düşünmək lazımdır ki, test sisteminin bir çox üstünlüklərini əvəz edə bilməmək var: seçimdə demokratizm, obyektivlik, ən savadlı abituriyentin təhsildən kənarda qalmaması, vaxt itkisinin qarşısının alınması, vətəndaşın daha az əziyyət çəkməsi və sair amilləri. Gördüyümüz kimi, test üsulunun nə qədər çatışmaz cəhətləri olsa da, sadalanan səbəblərə görə bu üsul əvəzedilməzdir: test üsulu ilə imtahanlara müəllimlərin müdaxiləsi qeyri-mümkündür”.

 

скачать dle 12.1
Xəbər lenti