Gözəl Bayramlı: “Korrupsiya üzrə çempion olanlar məni ittiham edirlər” VİDEO

16-01-2018, 20:11
35 745
Gözəl Bayramlı: “Korrupsiya üzrə çempion olanlar məni ittiham edirlər” VİDEO

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının məhkəməsi yanvarın 10-da Qazaxda davam etdirilib. Bugünkü məhkəmədə Gözəl Bayramlı ona verilən qaçaqmalçılıq ittihamına özünəməxsus şəkildə münasibət bildirib: “Korrupsiya, qaçaqmalçılıq üzrə çempion olanlar məni qaçaqmalçılıqda ittiham edirlər”.

Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən bu məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlayıb. Bugünkü məhkəmə iclasında da cinayət işinin materiallarında olan bir sıra sənədlər, o cümlədən ekspert rəyləri, protokollar və s. elan olunub.
Amma iclas başlamamışdan öncə G.Bayramlı məhkəməsinin paytaxtdan 500 kilometr kənarda keçirilməsini nəzərdə tutaraq, yarızarafat belə deyib: “Sağ olsunlar, bunlar gətirib məhkəməmi bura saldılar, mən də müxalif düşərgəni Avropanın sərhədinə qədər gətirdim…”

AXCP sədrinin müavini eyni zamanda, hər dəfə uzaq yolu qət edərək, onun məhkəməsinə gələn ictimai-siyasi fəallara minnətdarlıq edib.

Məhkəmə iclası başlayandan sonra hakim əvvəlcə ekspert rəylərini elan edib. Onlardan biri G.Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dollar yüzlük əskinasların qanun uyğun şəkildə çap edilməsi, saxta olmaması haqda olub. Digər rəydə isə G.Bayramlı müayinə olunarkən üzərində xəsarət izinin aşkarlanmadığı yazılıb.
“Sınıq körpü” gömrük-keçid məntəqəsində gömrük əməkdaşı Alidə Əzizovanın iştirakı ilə tərtib olunmuş, malların yoxlanmasına dair protokol da elan olunub. Sənəddə G.Bayramlıya aid bir ədəd çanta və içindəki dörd cüt ayaqqabıdan, dərmanlardan və yüz ədəd ardıcıl, 20 ədəd isə müxtəlif seriyalı yüzlük dollar əskinaslarından bəhs olunur.

Azərbaycanda 1 dolların 1 manat 70 qəpiyə olması haqda Mərkəzi Bankdan alınmış arayış, G.Bayramlı haqqında əvvəllər cinayət təqibi olmamasına dair onun yaşadığı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsindən alınmış sənəd, Kürdəxanı təcridxanasına daxil olarkən üzərində heç bir xəsarət aşkarlanmaması haqda arayış və başqa sənədlər elan edilib.

“Əli Kərimliyə zəng edib dedim ki…”

G.Bayramlının gömrük-keçid məntəqəsində saxlandıqdan sonra telefon danışıqları haqda məlumat da elan olunub. Bildirilib ki, o, saxlandıqdan sonra AXCP sədri Əli Kərimli, Gürcüstana gedib-qayıdarkən onunla yol yoldaşı olmuş Almaz Rəhimova və partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova ilə əlaqə saxlayıb. İş materiallarında yazılıb ki, G.Bayramlı saxlandıqdan sonra ona yaxınları ilə əlaqə yaratmağa imkan verilib və bu da onun sübutudur.
G.Bayramlı isə bildirib ki, çantasına bağlama atıldığını görən kimi özü tez Əli Kərimliyə zəng edərək, bu haqda məlumat verib. Bildirib ki, nəsə atdılar, amma nə olduğunu bilmir. Həmin vaxt ətrafdakılar ona mane olmağa çalışıblar, amma qısa da olsa, baş verənləri çatdıra bilib. Sonra xeyli vaxt ona əlaqə saxlamağa icazə verilməyib. Yalnız təhqiqatçı gələndən sonra gecə saat 1 radələrində qohumlarına zəng etməyə icazə verildiyi deyilib. Qardaşının isə səhhətində problem olduğuna görə Solmaz Hüseynovaya zəng edərək məlumat verib.
G.Bayramlı həmin vaxt Ə.Kərimli və digərləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyib: “Mənim telefonum “Samsung” markalıdır və onda danışıqların avtomatik səsyazma funksiyası var. Mənim həmin gün Əli bəylə, Solmaz xanımla danışıqlarım da telefonun yaddaşındadır. Xahiş edirəm, elan olunsun”.

Dövlət Sərhəd Xidmətinin öncəgörənliyi və ya sifarişin sübutu

Vəkilin daha bir vəsatəti isə DSX-nın 26 may 2017-ci ildə G.Bayramlı haqda bəyanatının iş materiallarına əlavə edilməsi ona qiymət verilməsi haqda olub. Müdafiəçi deyir ki, DSX bəyanatı 26 may saat 13.25-də yayıb. Həmin vaxt G.Bayramlı heç təqsirləndirilən şəxs deyildi, ona ittiham elan olunmamışdı. DSX-nın bəyanatında isə öncədən CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmasından söhbət gedir. Bu bəyanatdan altı saat sonra eyni maddə ilə G.Bayramlıya ittiham verilib.

E.Sadıqov məhkəmədən xahiş edib ki, DSX-nın bu addımı G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirilsin.

Hakim A.Səmədov bu vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedib. İki saat çəkən müşavirədən sonra isə vəsatətin təmin olunmadığını elan edib.

Hakim məhkəmənin yanvarın 23-nə qədər təxirə salındığını açıqlayıb.

Gözəl Bayramlıdan çağırış…

Məhkəmədə G.Bayramlı son günlərdə bir neçə gəncin intiharı haqda xəbərlərdən üzüldüyünü söyləyib.
“Amandır, intihar etməyin, mübarizə aparın…”, – G.Bayramlı dəmir barmaqlıqlar arxasından gənclərə səslənib.
Bugünkü məhkəmə iclasının sonunda prosesi izləyən ictimai-siyasi fəalların, media nümayəndələrinin bəzilərinin telefonla çəkiliş aparmaq istəməsi onlarla polislər və məhkəmə nəzarətçiləri arasında qarşıdurmaya səbəb olub. Polislər və məhkəmə nəzarətçiləri onların telefonlarını əllərindən alaraq, çəkilişləri siliblər.

Əli Kərimli: “Bu gün oğrular doğruları məhkəmə qarşısına çıxarıb”

Məhkəmədən sonra AXCP sədri Əli Kərimli prosesdə baş verənlər və ümumiyyətlə, G.Bayramlının həbsi ilə bağlı jurnalistlərə açıqlama verib. Bildirib ki, G.Bayramlının işi üzrə istintaq Bakıda aparılsa da, məhkəməni Qazaxda keçirdilər. Amma məsafənin uzaqlığı da G.Bayramlının məhkəməsinə gəlib ona dəstək olmaq istəyənlərin qarşısını ala bilmədi.

“Biz hamımız şahidik ki, Gözəl Bayramlını şərləyirlər. Bugünkü məhkəmədə vəkil cinayət işində olan vacib məqamı üzə çıxardı. Məlum oldu ki, Gözəl Bayramlı haqqında cinayət işi başlanmamışdan, ona qarşı ittiham irəli sürülməmişdən altı saat əvvəl Dövlət Sərhəd Xidməti yaydığı bəyanatla onun gələcəkdə hansı maddə ilə ittiham olunacağını bildirib. Bu da sübut edir ki, əvvəlcədən verilmiş sifarişdir, qurama cinayət işidir. Bu gün bütün dünyaya Azərbaycanı korrupsioner ölkə kimi tanıdanlar Gözəl Bayramlını haqq işi uğrunda apardığı mübarizəyə görə həbs eləyiblər, girov götürüblər. Məhkəmə prosesini də süni şəkildə uzadırlar. Bu gün də yenə süni şəkildə uzadıldı və təxirə salındı. Amma Gözəl xanım da hər məhkəmə iclasında hakim rejimin ifşasını davam etdirir. Gözəl Bayramlı ilə mübarizədə onun yazılarına, çıxışlarına cavab verə bilmədikləri, onun ortaya qoyduğu arqumentlərə cavab olaraq arqument tapa bilmədikləri üçün onu şərləyib həbs ediblər. Haqq sözdən, ədalətli mövqedən və belə mövqeyin yayılmasından qorxurlar. Bu gün oğrular doğruları məhkəmə qarşısına çıxarıb. Gözəl Bayramlı Azərbaycanı sümürüb talan eləyən, milyardları mənimsəyib offşorlara aparan bu korrupsioner hakimiyyətin girovudur. Ona görə girov götürülüb ki, mübarizə simvoludur. Bu gün məhbəsdə ola-ola da mübarizəsini davam etdirir, əyilməzlik nümayiş etdirir və bütün Azərbaycan xalqını bu rejim qarşısında mübarizə aparmağa çağırır”.

скачать dle 12.1
Xəbər lenti