Dünya mediası Xədicə İsmayılı “qəhrəman” adlandırdı

3-09-2015, 08:13
0
Dünya mediası Xədicə İsmayılı “qəhrəman” adlandırdı

«Xədicənin yeganə cinayəti hakimiyyətdəki korrupsiya və qohumbazlığı araşdırıb, ifşa etməsidir»

Dünyanın ən məşhur media orqanları araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova barəsində çıxarılmış hökmə görə Azərbaycan hakimiyyətini kəskin tənqid edir. Hökmün siyasi sifarişlə çıxarıldığı, Xədicənin əslində korrupsiyanı ifşa edən araşdırmalarına görə cəzalandırıldığına dair fikirlər “The Guardian”, “Der Spiegel” və s. kimi dünyaca məşhur mətbuat orqanları tərəfindən beynəlxalq aləmə çatdırılır.

Böyük Britaniyanın “The Guardian”ın Xədicə Ismayılova barədə məqaləni “Mətbuat azadlığı qəhrəmanı öz işinə görə məhkum edildi” başlığıyla yayımlayıb. Məqalənin tərcüməsini təqdim edirik:

“Yunuslar və Xədicə Ismayılova Əliyev hakimiyyətinin qurbanlarıdır”

 

Böyük Britaniyada mətbuat azadlığı təbii bir hal kimi qəbul olunur. Əlbəttə, burada da mətbuata qarşı yersiz təqiblər, jurnalistlərə qarşı məhkəmələr olub. Amma hakimlər ağıllı və liberal davranaraq, mətbuat azadlığını məhdudlaşdırmayıblar.

Amma bütün bunlar başqa yerlərdə baş verənlərdən, Azərbaycanda jurnalist Xədicə Ismayılovanın başına gətirilənlərdən çox fərqlənir. Mətbuat azadlığının, qanunun olmadığı ölkələrdə jurnalistlər ədalətsiz cəzalara məruz qalırlar.

Və Xədicəyə verilən cəza həqiqətən çox sərt oldu. Qapalı keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, o, qarışıq ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edildi: vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui istifadə mənimsəmə.

Xədicə Ismayılova Azərbaycanda siyasi motivli ittihamlarla həbs olunan yeganə adam deyil. Xədicə ötən ilin dekabrında həbs olunarkən dünyanın insan haqları və mətbuat azadlığını müdafiə edən təşkilatları ona qarşı irəli sürülmüş ittihamın saxta olduğunu bəyan etdilər.

Qərbin müxtəlif ölkələrinin hökumətləri, o cümlədən ABŞ ittihamların uydurma olduğunu vurğulayaraq, onun azadlığa buraxılmasını tələb edirlər.

Aydın məsələdir ki, Xədicə Azərbaycan hakimiyyətində ən yuxarı səviyyələrdəki korrupsiyanı qətiyyətlə ifşa etdiyinə görə cəzalandırılır.

“Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı repressiyaları gücləndirib, insan haqları sahəsində vəziyyətin kəskin pisləşməsinə görə rekorda imza atır. Son illərdə Azərbaycanda onlarla hüquq müdafiəçisi, siyasi fəal, vətəndaş cəmiyyətinin təmsilçisi, jurnalist, blogger siyasi motivli ittihamlarla həbs olunub. Həbsdən canını qurtaranlar isə ölkədən qaçmaq məcburiyyətində qalıb.

Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının və onların rəhbərlərinin bank hesabları dondurulub, fəaliyyətlərinə maneələr yaradılır. Hətta bir sıra hallarda təşkilatların fəaliyyəti tamamilə dayandırılıb. Azərbaycanda qəbul olunmuş yeni hüquqi normalar müstəqil təşkilatların xaricdən maliyyə almasını demək olar ki, mümkünsüz edir", - deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatından bildirilib.

Hüquq müdafiəçisi, 59 yaşlı Leyla Yunus və onun həyat yoldaşı, 60 yaşlı Arif Yunus keçən ay şou xarakterli məhkəmənin nəticəsində müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edildilər. Artıq bir ildir ki, həbsdə olan Yunusların səhhətində kəskin problemlər var.

Yunuslar, eləcə də Xədicə Ismayılova prezident Ilham Əliyevin rəhbərlik etdiyi hakimiyyətin qurbanlarıdır. O, prezident kürsüsünü atasından miras alıb. Bu ölkədə hökumət fərqli fikrə dözümlü yanaşmır. Azərbaycan hökuməti tənqidçilərin, fəarqli fikirdə olanların qanunsuz həbsi, məhkəmə olmadan uzun müddət həbsxanada saxlanılması, dəhşətli işgəncələrə məruz qalması, zorla itkin düşməsi, saxta ittihamlarla mühakiməsi ilə tanınır.

Bu cür şərtlər altında ayaqda qalan, mübarizəni davam etdirənlər qeyri-adi cəsarətə malik adamlar kimi seçilir. Bu baxımdan, təsadüfi deyil ki, Leyla Yunus 2013-cü ilin mayında Fransanın nüfuzlu Şərəf Legionu ordeninə layiq görülmüşdü. O da təəccüblü deyil ki, şantaja, təqiblərə məruz qalan, dəfələrlə həbs olunan Xədicə Ismayılova ifadə azadlığı uğrunda mübarizəyə töhfəsinə və cəsarətinə görə çoxsaylı mükafatlara layiq görülüb. 2015-ci ildə - həbsxanada olarkən o, Amerikada PEN Mərkəzin Barbara Qoldsmit Azadlığı mükafatı, daha sonra isə korrupsiyanı ifşa edən yazılarına görə Anna Politkovskaya mükafatı qazandı.

Barəsində çıxarılan hökmə baxmayaraq, Xədicə sınmayıb. O, məhkəmədə başa çatdırılmasına imkan verilməyən son sözündə deyib: “Mən həbsxanada ola bilərəm, əsas odur ki, iş davam edir”.

Xədicə Ismayılova qəhrəmandır və Qərb jurnalistləri onu alqışlamalıdır.

“Azərbaycanda həbsxanalar hökuməti tənqid edənlərlə doldurulub”

Almaniyanın nüfuzlu “De Spiegel” jurnalı da “Azərbaycanda hökumət onu tənqid edən jurnalisti həbslə cəzalandırdı” başlığıyla yayımladığı məqalədə bu ölkədə hakimiyyətin tənqidçilərin saxta ittihamlarla həbsxanaya salınmasından bəhs edir. Məqalənin tərcüməsini təqdim edirik:

Tanınmış jurnalist Xədicə Ismayılova vergidən yayınma ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edildi. Hüquq müdafiəçiləri ittihamların saxta olduğunu, bu ölkədə həbsxanaların hökuməti tənqid edənlərlə doldurulduğunu bildirir.

Xədicə Ismayılova hakim Əliyevlər klanının biznesini araşdırır, Azərbaycanda insan haqlarının pozulması, korrupsiya halları barədə məlumatlar yayırdı. Indi bu araşdırmaçı jurnalisti 7 il 6 ay azadlıqdan məhrum etdilər.

Məhkəmə Ismayılovanı “iqtisadi cinayətlərdə, o cümlədən vergidən yayınma, qanunsuz sahibkarlıqda” təqsirli bilib. Ismayılovanın öz həmkarını intihar cəhdinə vadar etməsinə dair ittiham isə əsassız hesab olunub. Vaxtilə “Azadlıq” radiosu ilə müstəqil jurnalist kimi əməkdaşlıq etmiş həmin şəxs bildirdi ki, hakimiyyət tərəfindən təzyiqlərə məruz qalaraq, Xədicəyə qarşı ərizə yazmağa, onun əleyhinə yalan ifadə verməyə məcbur edilib.

Prokuror Xədicə Ismayılovaya 9 il həbs cəzası istəmişdi. Ismayılovanın vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər. Xədicə ötən ilin dekabrında həbs olunandan bəri bütün dünyada hüquq müdafiəçiləri onun azadlığa buraxılması üçün səylər göstərir.

“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı sözügedən hökmə qəzəbli reaksiya verib.

“Xədicə Ismayılovanın yeganə cinayəti odur ki, Azərbaycan hakimiyyətinin yuxarı eşelonlarında korrupsiya və qohumbazlığı qətiyyətlə, cəsarətlə araşdırır, ifşa edirdi. Bu hökm həm də Azərbaycandakı digər jurnalistlərə dərs verməyə və onların gözünü qorxutmağa hesablanıb. Federal hökumət bu hadisədən sonra ən azı, Azərbaycanla münasibətləri əvvəlki səviyyədə saxlamamalıdır”, - deyə təşkilatın Almaniya bürosunun rəhbəri Kristian Mihr bildirib.

39 yaşlı Ismayılova Azərbaycanın ən məşhur jurnalistidir. O, 2008-2010-cu illərdə “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olub. Dekabrdan həbsxanada olan Ismayılova bütün ittihamları rədd edir.

“Məni 15 və ya 25 il həbs eləsələr belə, yenə də susdura bilməyəcəklər”, - deyə Xədicə Ismayılova məhkəmədə bildirib.

Ismayılova öz araşdırmalarına görə illərdir ki, təqib və təzyiq altındadır. 2012-2013-cü illərdə hökumətyönlü mediada onun əleyhinə qarayaxma kampaniyası aparılıb, evinə quraşdırılmış gizli kamera vasitəsilə yataq otağında lentə alınmış görüntülər internetdə yayımlanıb.

Məhkəmə prosesində hakim müdafiə tərəfinin bütün vəsatətlərini rədd etdi. Bir sıra hallarda məhkəmə iclası qapalı şəraitdə keçirildi.

Azərbaycanda dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri hesab olunur. Mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 160-cı yeri tutur. Hazırda bu ölkənin cəzaçəkmə müəssisələrində 8 jurnalist və 4 blogger var. Ötən ilin yayından hakimiyyətdə ölkədə az sayda qalmış müstəqil mətbuat orqanları və jurnalistlərə qarşı təzyiqləri daha da gücləndirib.

Avqustun 9-da bu ölkədə Rasim Əliyev adlı daha bir müstəqil jurnalist döyülərək öldürüldü.

Avqustun ortalarında hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus uzunmüddətli həbs cəzasına məhkum edildi. Onların hər ikisinin sağlamlığında ciddi problemlər var. Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Kristof Ştrasser Yunusların barəsindəki hökmü sərt tənqid edib.


azadliq.info

скачать dle 12.1
Xəbər lenti