İcra Hakimiyyətlərinə ayrılan vəsaitlər düzgün xərclənməyib - RƏSMİ

21-01-2016, 18:01
0
İcra Hakimiyyətlərinə ayrılan vəsaitlər düzgün xərclənməyib - RƏSMİ
Hesablama Palatası Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində nöqsanlara yol verildiyini aşkar edib.
 
Palatadan verilən məlumata görə, Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin nəticələri müzakirə olunub, yoxlama qrupu rəhbərinin məruzəsi dinlənilib və fəaliyyəti istiqaməti üzrə Auditor C.Həsənovun təqdim etdiyi Hesabat dinlənilib.
 
Auditor Xaçmaz Rayon İcra Hakimiyyəti (İH) tərəfindən bir sıra nöqsanlara yol verildiyi qeyd edilərək bildirib ki, yeni layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanılıb, bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmayıb, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.
 
Auditor inşa edilən məktəblərdə şagirdlərin layihə-smeta sənədlərində qeyd edilmiş və faktiki sayı arasında fərqlərin olduğunu, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını, bu faktorların isə büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb.
 
Auditor bina və qurğuların tikintisinə sərf edilmiş vəsait xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini, əsaslı vəsait qoyuluşların uçotunun Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib.
 
C.Həsənov auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq investisiya təkliflərinin qanunvericiliklə müəyyən edilən qaydada hazırlanmasını, müvafiq sənədlərin dövlət ekspertizasından keçirilməsini, təhsil müəssisələrinin tikintisinin layihə tapşırıqlarının mövcud normativlərinin tələblərinə uyğun tərtib edilməsini, yalnız xüsusi razılıq (lisenziyası) olan podratçılarla müqavilələrin bağlanılmasının təmin edilməsini, layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılmasını, sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin sınaq aktların tərtib edilməsini, istifadə olunan kapital qoyuluşları üzrə Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun maliyyə hesabatlarının tərtib edilməsini, debitor-kreditorların uçotunun aparılmasını məqsədəmüvafiq hesab edib.
 
Auditor rəyində həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməklə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə nəzərdə tutulan işlərin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti-quruculuq işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi də təklif olunub.
 
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, audit dövründə bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırıldığı, kəndlərarası avtomobil yollarının tikintisi üzrə asfalt-beton işlərinin başa çatdırılması, yeni yaranmış əsas vəsaitlərin müvafiq qaydada uçota alınması və bəzi çatışmamazlıqlar üzrə vəsaitlərin dövlət büdcəsinə bərpası nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilmiş, Qərar icra edilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə göndərilib.
 
****
 
Hesablama Palatası Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrini açıqlayıb.
 
Palatadan verilən mməlumata görə, Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
 
Nəzarət tədbiri üzrə həyata keçirilmiş tədbirlər, o cümlədən əldə edilmiş audit sübutları və nəticələrlə bağlı şöbə müdiri A.Abasovun məlumatı dinlənilib, daha sonra fəaliyyət istiqaməti üzrə auditor N.Həsənov auditin nəticələrinə dair təqdim etdiyi hesabatda nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.
 
Auditor N.Həsənov mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.
 
Auditor qeyd edib ki, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib.
 
Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb.
 
Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdırıb, mənzil fondunun gəlirləri üzrə yığım səviyyəsinin artırılmasını, büdcə vəsaitlərinə dair tələbatın və əməyin ödəniş dərəcələrinin mövcud qanunvericiliyə uyğun müəyyən edilməsini, aparat işçilərinin saxlanma xərclərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilməsi hallarına yol verilməməsini, tullantıların daşınması üzrə nəqliyyat vasitələrinin manevr və marşurut xəttinin müəyyənləşdirilməsini, büdcə vəsaiti hesabına maliyyələşən nəqliyyat vasitələrinin istismar xərclərində mövcud normaların tələblərinin gözlənilməsini, xidmət göstərilən sahənin inventarizasiyasının yenidən aparılmasını, buna uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına normadan artıq saxlanılan ştat vahidlərinin ixtisar olunmasını, idarəetmə xərclərinin azaldılması məqsədilə struktura yenidən baxılmasını, dövlət satınalmaları və mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsini, dövlət büdcəsindən ayrılan vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə olunması və lüzumsuz xərclərə yol verilməməsi üçün tədbirlərin görülməsini, eləcə də binaların, həyətlərin və səkilərin abadlaşdırılması, o cümlədən ərazinin asfaltlanmasının yeni dislokasiyaya uyğun həyata keçirilməklə tikinti norma və qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsini məqsədəmüvafiq hesab edib.
 
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş, və səsə qoyularaq qəbul edilib. Qərar icra edilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyətinə göndərilib.

****

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.

 

Palatadan verilən məlumatda bildirilir ki, yoxlama qrupu rəhbərinin məruzəsi dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul Auditor V.Həsənov əldə edilmiş nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb.

 

Auditor Şamaxı rayon Təhsil Şöbəsi (TŞ) tərəfindən kompyuterlərə xidmət üzrə laborant ştatlarının olmasına baxmayaraq müəllimlərə kompüterlərə xidmət üçün, tələb olunan avadanlıqlar və qurğular olmadığı halda hərbi rəhbərlərə kabinet müdirliyi üçün, müasir tədris ləvazimatları və avadanlıqları ilə təmin edilmədiyi halda fənn kabinetlərinə rəhbərlik üçün, mövcud olmayan tədris-təcrübə sahəsinə və emalatxanaya rəhbərlik üçün əlavə haqq, hərbi rəhbərin vəzifə maaşına daxil olan, həmçinin əvəzedilməsi aparılmamış dərs saatlarına görə, şagirdlərin sayının normadan aşağı olduğu siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına, artıq tarifləşdirilmiş dərnək saatlarına görə əmək haqqı ödənildiyini, qeyri-ixtisas fənləri üzrə pedaqoji işçilər üçün dərs tarifləşdirildiyini, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyini, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmaması səbəbindən artıq sinif komplektlərinin saxlanıldığıni diqqətə çatdırıb. Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblərinin gözlənilməməsi qed olunub. Eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyi diqqətə çatdırılıb.

 

TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi bildirilib.

 

Auditor audit obyekti tərəfindən bəzi hallarda ödənilmiş vəsait müqabilində mal-material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.

 

Sonra auditor əldə olunmuş nəticələr əsasında tərtib edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, pedaqoji işçilərin əmək haqqına əlavələrin hesablanılması, siniflərin komplektləşdirilməsi, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə normadan artıq dərs tarifləşdirilməsi, büdcə vəsaitlərindən istifadə zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, tələbatdan artıq xərclərə yol verilməməsi, vəsaitlərin ciddi olaraq yalnız təyinatı üzrə istifadəsi istiqamətində Təhsil Şöbəsinin fəaliyyətinin gücləndirilməsi zəruridir.

 

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul olunub. Kollegiya Qərarında əmək haqqının hesablanılması və ödənilməsi zamanı qanunvericiliyin pozulmasına görə artıq ödənilmiş vəsaitin məsul şəxslər tərəfindən müvafiq qaydada dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınıb. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.

скачать dle 12.1
Xəbər lenti