"Parking"lər Bakının əsas problemlərindən birinə çevrilir - FOTO

11-03-2016, 14:56
0
"Parking"lər Bakının əsas problemlərindən birinə çevrilir - FOTO


Cərimə, evakuasiya kömək etmir, çıxış yolu nədir?

"Bilmədim, görmədim, tələsirdim, adam gözləyirdim" kimi bəhanələr gətirmirlər və yol hərəkəti qaydalarını bilirlər. Hər dəfə də avtomobillərini "dayanmaq qadağandır!" nişanı olan yolda və avtobus dayanacaqlarında park edirlər.  Onlar Müzəffər Həsənov küçəsinin "20 yanvar" dairəsinin yaxınlığında və Moskva prospektinin "Şamaxinka" deyilən hissəsində avtomobillərini park edən taksi sürücüləridir. 
 
Nəticədə nəqliyyatın hərəkətində sıxlıq, xüsusi təyinatlı avtomobillərin (təcili yardım, yanğınsöndürən DYP) hərəkətinə maneə və piyadaların həyatına təhlükə yaranır, stress yaşanır. Bu yazdıqlarımız adı çəkilən ünvanlarda apardığımız müşahidəmiz zamanı gəldiyimiz qənaətdir.
 
Məsələn, "20 yanvar" dairəsinə yaxın yerləşən, avtomobillərin və piyadaların intensiv hərəkət etdiyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutu, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Milli Onkologiya Mərkəzinin qarşısında avtomobillərin dayanmasını qadağan edən nişan olsa da, burada taksilərin park olunduğunu gördük. Taksilər hətta avtobus dayanacağında dayanıblar. Belə olan halda avtobuslar yolun hərəkət hissəsində, ikinci cərgədə dayanmalı olurlar ki, nəticədə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elə bu anda yolda siqnalları qoşub hərəkət edən təcili tibbi yardım maşınına yol olmadığının şahidi olduq. 
 
Onu da vurğulayaq ki, burada qanunsuz parklamadan piyadalar da əziyyət çəkir və avtobusa minmək üçün həyatını təhlükəyə ataraq avtomobil yoluna keçməli olurlar. 
 
Söhbət etdiyimiz taksi sürücüləri qanunu pozduqlarından xəbərdar olduqlarını dedilər. Belə ki, ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı polis və nəqliyyat müfəttişləri onlara burda dayanmağın qadağan olduğunu bildiriblər. Oyunların keçirildiyi müddətdə qanuna əməl edən sürücülər indi "bizim də ailəmiz var, onların da yaşaması üçün pul gərəkdir" deyərək qanunu pozmalarına bəraət qazandırırlar. 
 
"20 yanvar" dairəsindən Moskva prospekti ilə "Şamaxinka" istiqamətində hərəkət etdik. "Şamaxinka"ya çatmamış bir avtobus dayanacağı var ki, burda taksilər nəinki dayanacaqda, hətta yolun hərəkət hissəsində, ikinci cərgədə dayanırlar. Bu da sərnişinlərin avtobusa rahat minib düşməsinə maneə yaradır.
 
Tıxacların və ölümlə nəticələnən avtoqəzaların tez-tez müşahidə olunduğu "Şamaxinka"da da qanunsuz parklamanın şahidi olduq. Biz burda olanda günün pik saatı olmasa da, nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunurdu. Buna səbəb avtomobillərin dayanacaqda düzgün park edilməməsi və yolun ikinci, üçüncü çərgəsində avtomobillərin park edilməsidir.  
 
Taksi sürücüsü Elçin Məmmədov bildirir ki, onlara tunelin üzərində olan dayanacaqda dayanmalarına icazə vermirlər: "Avropa Oyunları zamanı tunelin üstündə nəqliyyat vasitələrinin dayanması üçün şərait yaradıldı. Həm paytaxt, həm də bölgələrdən gələn sürücülər maşınlarını burda park edirdilər. Oyunlardan sonra tunelin üstündə nəqliyyat vasitələrinin dayanması qadağan edildi. Buna səbəb tunelin yük götürmək qabiliyyətinin aşağı səviyyədə olmasıdır".
 
Sürücü etiraf edir ki, "Şamaxinka"da nəqliyyatın hərəkətində sıxlığın yaranmasına əsas səbəb avtomobillərin yolun hərəkət hissəsində park edilməsidir: "Amma təkcə bumu? Xeyr! Deməli, bu ərazi ictimai nəqliyyat dayanacaqlarının çox olduğu və piyada axınının intensiv olduğu yerdir. Yolun üzərində piyadaların keçidini nəzərdə tutan zebra var. Günün pik saatlarında yolun hərəkət hissəsində nəqliyyatdan çox adam keçir. Bəli, zebranın üzərindən keçir. Sürücü də məcburdur ki, onlara yol versin. Və bu zaman nəqliyyatın hərəkətində sıxlıq yaranır. Tıxacın qarşısını almaq üçün yaxşı olardı ki, zebranın əvəzinə yerüstü keçid-viaduk şəklində olan körpü tikilsin. Yəni piyadalar yolla hərəkət etməsinlər.  
 
Onu da vurğulayım ki, sürücülərin parklama mədəniyyətinin olması üçün cəzaya deyil, maarifləndirməyə ehtiyac var. Hətta bəzi sürücülər rəsmi parklama yerlərində belə park etməyi bacarmırlar. Amma sürücülük vəsiqəsi var. Bizdə ümumiyyətlə parklama mədəniyyəti yoxdur. Çünki uzun illər ümumi istifadə üçün nəzərdə tutulmuş avtomobil yollarında, eləcə də məhəllədaxili yollarda dayanacaqlar olmayıb. Bir zamanlar dayanmağı qadağan edən nişanın olduğu ərazilərdə indi parkomatlar quraşdırılıb, oranı rəsmi parklama yerləri ediblər. Orada isə qiymət bahadır. Ona görə əksəriyyəti avtomobillərini qeyri-rəsmi parklama yerlərində saxlayırlar".
 
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bildirir ki, qeyri-qanuni park etmə və avtomobillərin avtobus dayanacaqlarına girməsinə qarşı cərimələr mövcuddur: "Son zamanlar bu qanun pozuntularına qarşı mübarizə güclənib. Bu avtomobillərin təxliyyə edilməsi intensiv şəkil alıb. Belə ki, bir zamanlar evakuatorlar əsas yollarda fəaliyyət göstərirdi. Amma indi hətta ikinci dərəcəli yollarda avtomobillər düzgün park edilmirsə, evakuatorlar tərəfindən daşınır. Bildirim ki, qüvvədə olan cərimə sanksiyalarının sərtləşdirilməsi üçün müəyyən təkliflər irəli sürülür. Hətta il ərzində eyni qaydanı pozan şəxslərlə bağlı cərimənin ağırlaşdırılması istənilir. Mən buna qarşıyam. Belə ki, hazırda avtomobillərini qanunsuz park edənlər üçün 20 manat, bunu avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlar ərazisində edənlər üçün isə 40 manat cərimə nəzərdə tutulub.Üstəgəl 20 manat təxliyyə haqqı.Bu məbləği bir ailənin büdcəsi üçün kifayət qədər böyük məbləğ hesab edirəm. 
 
Onu da bildirim ki, avtobus dayanacaqlarında dayanan avtomobillər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi kameraları fiksasiya olunur və həmin şəxsə elektron protokol göndərilir. Yol patrul xidməti isə bunu aşkarlayanda yerində protokollaşdırır".
 
Ekspert bildirir ki, o cərimə sanksiyalarını artırmaqla bu pozuntunun qarşısını almağın tərəfdarı deyil: "Yalnız bir halla razılaşmaq olar: ictimai asayiş pozularsa. Mən ümumiyyətlə, bu problemin həlli yolunu maarifləndirməkdə görürəm. Əlbəttə, maarifləndirmə prosesi bütün sürücülərin qaydalara əməl etməsi ilə nəticələnməyəcək. Çünki maarifləndirmə inzibati cəza mexanizmindən fərqli olaraq gec təsir edən prosesdir. Maarifləndirmə nəticəsində insanlar şüurlu surətdə "bu qaydanı pozmaq olmaz!" prinsipi ilə məsələyə yanaşırlar". 
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 
Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
 

 

Parkinklər Bakının əsas problemlərindən birinə çevrilir - FOTOLAR
скачать dle 12.1
Xəbər lenti