Konstitusiya dəyişikliyinin böhranla nə əlaqəsi?

19-07-2016, 22:21
0
Konstitusiya dəyişikliyinin böhranla nə əlaqəsi?

Gültəkin Hacıbəyli: «Bu, hakimiyyətin özünəarxayınlığından yox, əksinə, ciddi narahatlığından doğan addımdır»

Vidadi Mirkamal: «Hər bir avtoritar rejim həmişə hakimiyyətinin gələcəyindən narahat olur»

Hakimiyyət bir daha avtoritar mahiyyətli olduğunu sübut etdi. İcra hakimiyyəti Konstitusiyaya ediləcək dəyişikliklərlə daha da möhkəmlənəcək və əlavə səlahiyyətlər əldə edəcək. Ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verməlidir.

Layihədə diqqətçəkən dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlik institutunun yaradılması, prezidentə Milli Məclisi buraxmaq, növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verilməsi, prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətinin götürülməsidir.

Bəs belə bir dəyişikliyin edilməsi hansı narahatlıqdan doğur? İqtidarın siyasi gələcəyinə hansı faktor təhdid yaradır ki, belə bir addım atılır?

vidadi mirkamal

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, hər bir avtoritar rejim həmişə hakimiyyətinin gələcəyindən narahat olur. V.Mirkamalın sözlərinə görə, ölkədə bütün hakimiyyət qollarının bir şəxsə tabe olmasına baxmayaraq, yenə də daxili narahatlıq həmişə qalır: «Artıq Azərbaycan cəmiyyəti o qədər taqətdən salınıb ki, hakimiyyət hesab edir ki, cəmityyətdən heç bir müqavimət olmayacaq və bu dəyişiklik də maneəsiz yerinə yetiriləcək. Məqsəd daha çox səlahiyyət sahibi olaraq, hakimiyyəti tam işğal etməkdir. Əslinə qalanda bunun adı Konstitusiya çevrilişidir».

gultekin-hacibeyli-yeni

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli mövzuyla bağlı facebook statusunda qeyd edib ki, yeni Konstitusiya təşəbbüsü cəmiyyəti çaşdırmamalıdır. Bu, hakimiyyətin özünəarxayınlığından yox, əksinə, ciddi narahatlığından doğan addımdır: «Ölkə iqtisadiyyatı acınacaqlı durumdadır. Bu ilin ilk yarısında onsuz da ötən illə müqayisədə 60% kiçilmiş büdcənin icrası 37% kəsirlə- cəmi 63% mümkün olub. 8,4 milyard əvəzinə büdcəyə cəmi 5,2 milyard vəsait daxil olub. İlin iklinci yarısında vergi daxilolmaları kəskin azalacaq, çünki sahibkarlar artıq müəssisələrini bağlayıb ölkədən qaçır. Bu ay pensiyaları vaxtında verə bilmədilər və bunun üçün Mərkəzi Bank və Neft Fondu banklara 200 milyon dollar satmalı oldu. Yalnız bundan sonra əldə olunan manat kütləsi pensiyaların ödənməsinə yönəldildi».

G.Hacıbəylinin sözlərinə görə, bu, hələ başlanğıcdır. Əsl böhran payızdan etibarən başlayacaq və böhranın pik səviyyəsi 2018-ci ilə- prezident seçkiləri ilinə təsadüf edəcək: «Bu Konstitusiya islahatı, zənnimcə, ilk növbədə növbədənkənar prezident seçkilərinə hesablanıb. Bu zaman seçkiləri hələ böhranın dibinə çatmamış adlatmaq mümkün olacaq. Bu islahatlarla parlament tamamilə dişsiz bir quruma çevriləcək. Deputatların toxunulmazlıq statusu komik səciyyə daşıyacaq. Prezident istədiyi vaxt parlamenti buraxmaq və deputatları cəzalandırmaq səlahiyyətlərinə yiyələnəcək. Bu qədər dişsiz və zəif parlamentə hətta müxalifəti də buraxıb beynəlxalq imic məsələsində xal qazanmaq olar».

Prezidentlik yaşı ilə bağlı məhdudiyyətin aradan qaldırılmasına gəlincə isə, G.Hacıbəyli hesab edir ki, hakimiyyət arxayınlıq görüntüsü yaratmaq istəyir. Ancaq hakimiyyətin elə özü də başa düşür ki, bu, real deyil: «Nə o qədər vaxtları var, nə də təcrübəsiz ailə üzvlərini belə ağır dönəmdə məsuliyyətin altına verməzlər. Nə qədər qəribə olsa da, burada bir Yusif Sərrac variantini da istisna etmək olmaz. Birinci vitse-prezidentlik institutunun az qala prezidentin özü qədər gücləndirilməsi belə bir ehtimal üçün də əsas verir. İstənilən halda, iqtisadi böhran o qədər dərin və ağırdır ki, bu hakimiyyət üçün ən yaxın gələcəkdə bütün perspektivlər tükənmiş görünür».

скачать dle 12.1
Xəbər lenti