Vampirləşmə

25-08-2015, 19:28
0
Vampirləşmə

Onların üzərinə həqiqətlə gedin, onlar bundan qorxurlar!

Cəmiyyət nə üçün zorakılığa yerikləyir? Biz kriminal xəbərlərin ağına-bozuna baxmadan KIV-də yayılmasından şikayət edə bilərik. Əlbəttə, mən də razıyam ki, “krimxəbərləri” bu qədər səxavətlə səpələmək olmaz. Amma enində-sonunda, axı bu kriminal xəbərlər də cəmiyyətdəki zorakılığın təsvirdir və bu xəbərlərin təşviqatçılıq imkanları çox cüzidir.

Sizə elə gəlmirmi ki, ölkədə mizan pozulub?! Dürüst heç nə qalmayıb, zorakılığın, satqınlığın, yaltaqlığın nüfuz etmədiyi bütün künc-bucaqlara da ardı-arası kəsilmədən basqılar təşkil edilir ki, cəmiyyətdə təmizlik və dürüstlük adına daha heç nə qalmasın.

Vampirlər haqqında hekayətləri oxuyanlar bilər yəqin ki? Əfsanəvi olsa da, hər halda, vampirlər haqqında təsəvvür edilən əlamətləri belə xarakterizə edirlər:

1.Gün işığından qorxurlar;

2.Ağızları daima qanlı olur, qanları laxtalanmır.

Sonrakı bəndləri bir kənara atın. Lap birinci bəndi götürün. “Gün işığından qorxurlar”. Bu, “Həqiqətdən qorxurlar” anlamına gəlir. Bu, yalnız Azərbaycana xas olan gerçəklik deyil. Dünyadakı bütün diktaturalarda cəmiyyəti həqiqətdən qorxutmaq üçün sistemli işlər aparırlar. Bir müddət sonra isə bu işi aparmağöa ehtiyac qalmır. Həqiqətə nifrət edən toplum bütün yaramazlıqların mənbəyi və mənsəbi olur... Allaha şükür edin ki, durum hələ Azərbaycanda bu qədər qəliz deyil, amma bir şey qalmayıb.

General oğlu olmaq necə ləzzətlidir!

Mən sizə həqiqətdən qorxunun hansı şəkildə tədris edildiyini geniş anlatmaq fikrində deyiləm. Bu, hər yerdə baş verir... Uşaq baxçalarından, məktəblərdən tutmuş, dövlət idarələrinə və biznes strukturlarına qədər. Hamını və hər kəsi həqiqətdən qorxudub yalana və zorakılığıa tabe etdirmək qorxulu bir siyasətdir, cəmiyyətin gələcəyini çirkaba batırır.

Az sonra çirkaba batırılmış gələcəyin xəcalətinin necə olacağından bəhs edəcəyəm. Amma qorxunu və yalanı içinə hopdurmuş cəmiyyətin təsvirini ayrı-ayrı misallarda da izah etmək lazım gəlir.

Ən yuxarı səviyyədə təşkil edilən korrupsiya üzü aşağı işlədikcə elan edilən, rəsmiləşdirilən qanunları və ictimai birgəyaşayış qaydalarını korroziyaya uğradır. Rəsmi qanunlar və tanınmış mövcudluq qaydaları sadəcə olaraq, qəbul edilmir. Bu, hansısa xüsusi bir zümrənin imtiyazı deyil, bütün cəmiyyətin bəlası kimi zühur edir. Axı, işlədilməyən qanunlar ölkənin həyatını tənzimləmək vasitəsi olmaqdan çıxıb bütün mərhələlərdə cinayətləri stimullaşdıran vasitəyə çevrilir.

Bu günlərdə Daxili Işlər Nazirlıiyinin Idarə rəisi olan generalın oğlu ilə bağlı xəbər ehtiyatlı bir reaksiya doğurdu... Çox ehtiyatlı. Həm də, sadəcə, qorxudan deyil, “bu cür olmalı idi” ehtimalından. Ən dəhşətlisi budur ki, adam bıçaqlayan general oğlunun həbsə alınması onun buraxılmasından daha çox “NIDA” ilə qarşılanmışdı: “Necə ola bilər?”,- mənasında. Cəmiyyət bir general oğlunun, həm də küçə zorakılıqları üzrə ixtisaslaşmasını ictimai rəyə həzm etdirə bilmiş bir general oğlunun həbs edilməsinə şaşırmışdı, bunu ən müxtəlif versiyalarla izah edirdi. Daha çox yayılan versiya bundan ibarət idi ki, onun bıçaqladığı adam elitadan biri idi və bundan daha əhəmiyyətlisi (!) bıçaqlanma yeri hakim ailəyə məxsus olan restoran sayılırdı.

Bundan o tərəfə at işləməzdi. Əgər general oğlu küçədə, sıradan bir azərbaycanlı bədbəxti bıçaqlasa, qanına qəltan etsə, həbs edilməzdi, əksinə, şikayət edənin anasını ağladardılar. Axı, belə bir epizod həqiqətən də, olmuşdu.

Bu xəbərə baxın:

“Xatırladaq ki, Tamerlan Əsədullayev ötən ilin(2014)ÿmay ayında da polisləri döyməklə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post-Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar. Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb. Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib. Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: ”Mənim oğlum hacıdır, içki nədir?" Yasamal Rayon Polis Idarəsinin rəisi Ismayıl Əsədov polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verib. Ancaq iki gün sonra araşdırmaya xitam verilib".

Ölkənin mizanı pozulub

Bu xəbər həmin ehtimalı yüzdə yüz təsdiq etmirmi ki, general oğlu uyğun bir yerdə münasib birisini qanına qəltan edə bilər və rəsmən elan edilməyən qanunlar rəsmi qanunların sifətinə tüpürər.

Mənim, əlbəttə, nə Şərif Əsədullayevə, nə də onun “rembo” oğluna qarşı xüsusi iddiam yoxdur. Cənab Əsədullayevin nəyə və kimlərə görə general rütbəsi aldığı da mənə bəllidir və yəqin hər kəsə bəllidir ki, o, Şeyxin yeznəsi olduğu üçün bu mərtəbəyə və bu imtiyazlara sahib olub. Indi təsəvvür edə bilirsinzmi ki, hörmətli Şeyxin çoxsaylı qohumlarının hamısına bu cür imtiyazların tanınması ölkənin mizanlarının pozulmasında neçə faizlik “səhm paketi” ilə çıxış edir. Eləcə də, o biriləri və digər oliqarxlar.

Demək, bu adamlar həm korrupsiya və monopoliya yolu ilə millətin sərvətini talan etmək və həm də talan etdikləri millət üzərində xüsusi imtiyaz sahibləri kimi çıxış edirlər, eləmi? Əlbəttə, elədir. Onlara bu imtiyazlar elə buna görə tanınıb, zatən.

Bu günlərdə başqa bir generalın ailə dramı məhkəmələrdə müzakirə edilir. Bu da Daxili Işlər nazirinin bir müavinidir və o, həyat yoldaşının ölkədən qaçırılmasında ittiham etdiyi şəxsləri divana çəkərək onları cəzalandırır. Mən bilmirəm, o özü bunun ictimailəşdirilməsini istəyərdi, ya yox... Məncə, istəməzdi. Çünki, mənim bildiyimə görə, sayğılı Emin Şəkinskinin hətta Daxili Işlər naziri olmaq kimi bir gerçək perspektivi vardı. Amma bir qadının hansısa xüsusi rəftara dözməyib (bu rəftarın nədən ibarət olduğunu yalnız ehtimal edə bilərik, çünki onun açıqlaması ilə tanış deyilik) ölkədən qaçmasına görə onunla əlqədə şübhəli olan nə qədər insana ağır cəzalar veriləcək. Həm də işin ilginc tərəfi budur ki, ölkədən qaçan qadın rəsmi dövlət qurumlarından pasport alıb. Özü və özü ilə birlikdə qaçırdığı uşaqları üçün. Təsəvvür edirsinizmi, pasportu Daxili Işlər Nazirliyi verir və bu saxta pasportu da DIN generalının əlindən qaçdığını iddia edən həmin qadına polis orqanları verib!

“Ölkənin mizanı və nizamı pozulub” qənaətində haqlı deyiləmmi?

Ölkənin mizanı pozulub. “Pul hər şeyi həll edir” qənaətini hökmə çevirmək istəyənlərin hikkəsi ucbatından! “Onların ağızları daim qanlı olur”! Söhbət həm gerçək qandan, həm də simvolik qandan gedə bilər. Satqınlığı və sınıqlığı cəmiyyətin ovqat tərzinə çevirmək üçün çarpışan böyük bir dəstə özünün ən passionar çağlarını yaşayır. Bunlar hər yerdə var. Dövlət idarələrində, siyasi həyatda, ictimai sektorda, məhəllələrdə, hətta həbsxanalarda belə kütlə, məhz, satqınlığın və sınıqlığın hikkəsi ilə idarə edilir. Çünki, qanunlar və hüquqi münasibətlər yoxdur. Azərbaycan alternativ həyata keçirilir.

Strateji tərsməzhəblik

Siz dəfələrlə ictimai-siyasi fəallara qarşı təqiblər və repressiyalar üçün zəmin hazırlayan dövlət qurumu olaraq Milli Təhlükəsizlik Nazirliyinin antiterror idarəsinin adının hallandığına rast gəlmisiz. Bu məlumatlar hər yerdə var. Hətta “ələ keçirilmiş” ictimai agentlərin də nədənsə- qonorardanmı, əməliyyat kasadlığındanmı və ya buna bənzər cari qayğılardanmı narazılığı olanda bunu özləri elan edirlər. Baxın, Milli Təhlükəsizlik Nazirliyində terrorla mübarizə üçün yaradılan bir idarənin siyasi partiyalarla nə işi ola bilər? Deyək ki, lap bunu qanunsuz edirlər, axı hətta bu halda da o Nazirlikdə elə-belə, bu məqsəd üçün uyğun bir qurum yaradıb bu siyasi təxribat planlarını həyata keçirə bilərlər! Amma etmirlər. Çünki oralarda da heç kimi narahat etmir ki, bu cür anlamsız və tərsməzhəb işlər naminə siyasi opponentlərə qarşı yolverilməz mübarizə müstəvisinə çevrilmək, strateji anlamda ölkənin perspektivlərini eybəcərləşdirir, yalnız ictimai münasibətlərə zərbə vurmur.

“Ağızları daim qanlı olur və qanları laxtalanmır”

Mingəçevirdə qanına qəltan edilən, sümükləri sındırılan, öləndən sonra cibinə narkotika atılan Bəhruz Hacıyevin meyidini görəndə bu təsvir gözünüzün qabağına gəlmədimi: “Ağızları daima qanlı olur, qanları laxtalanmır...”

Generalın sümük sındıran uşaqlarını yadınıza salın. O, səbəbkar deyil, stimullardan biridir.

Daha sonra gözünüzün qarşısına Rasim Əliyevin cənazəsini gətirin: “Ağızları daima qanlı olur, qanları laxtalanmır”.

Qanları laxtalanmır. Gün işığına çıxarılmaq onların sonudur. Onları gün işığına çıxarmaq lazımdır. Yoxsa, bütün kainatın axırına çıxa bilərlər.

Onları gün işığına çıxarın... inadla

Vampirizm bir mifdir, elmi əsası yoxdur. Amma miflər boş yerdən yaranmır. Onlar hansısa təsəvvürlərin ümumiləşdirilməsindən yaranır. Baxın, rüşvətxorluq vampirlikdir. Korrupsiya da vampirizmdir. Amma yalnız bunlar deyil. Yaltaqlıq da vampirlikdir, çünki həqiqətin gizlətmək cəhdidir və ya onun gizlədilməsidir.

Ətrafınıza baxın. Nə qədər insan həqiqətin gizlədilməsi prosesində, yalanın tüğyan etməsi naminə çalışırsa, vampirləşmişdir, demək. Hətta, dünənə qədər “Ictimai Haqq!” deyə bağıran birisi, bu gün həqiqəti dəbbələməklə məşğuldursa, vampirləşmişdir demək və onlar cəmiyyətin canına daraşıb özü kimilərin sayını artırmaqdadırlar. Onlar hamının vampir olmasını istəyirlər. Çünki vampir olmayanlar həqiqəti cəmiyyətin başı üzərinə qaldıranda onlar məhv olurlar...

Onlar istəyirlər ki, hamı vampir olsun. Siz fərqindəsinizmi ki, ölkədə siyasi fəallara qarşı cinayət işləri qaldırıb onları ən ağır cəzalara məruz qoyurlar. Onun da fərqindəsiniz ki, eyni əməli törətdiyini gizlədə bilməyən vampiri ən yüngül şəkildə məzəmmət edirlər? Məsələn, Xədicə Ismayıla qarşı rəsmi ittiham birisini intihara sövq etmək idi və ona ən azı 8 il iş verəcəklər. Amma Mingəçevirdə adamı intihara nəinki sövq edən, hətta intihara məcbur edən polisi (bu, rəsmi versiya olsa belə) işdən çıxarmaqla cəzalandırdılar və əmin olun ki, bir müddət sonra onu başqa bir sahədə hansısa vəzifəyə təyin edəcəklər.

Belə misalların sayını yüzlərlə sadalamaq olar.

Əsas olan budur ki, vampirləri tanıyın və onların üzərinə həqiqətlə gedin. Onlar həqiqətdən qorxurlar. Həqiqət onları məhv edir. Gün işığı kimi...

QƏNIMƏT ZAHID

скачать dle 12.1