Xədicənin ittiham aktı, şəxsi hesabım, ifadəm

26-08-2015, 19:29
0
Xədicənin ittiham aktı, şəxsi hesabım, ifadəm

Dəyərli dostlar, ittiham aktının da, şəxsi ifadəmin də yayılmasından mənim şəxsi narahatlığım olmayıb və yoxdur. Onsuz da ifadələri Xədicə oxuyub özü, hamıdan yaxşı da qiymət verməyi bacarır. Şəxsən ondan “Mənim ifadəmi oxudunmu” soruşanda, “səninlə fəxr edirəm” deyib. Eləcə də dəyərli vəkillər hər şeylə tanışdır.

Amma bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Prokurorluq ittiham aktını özünə sərf edən kimi yazıb və bilirsiniz ki, bizdə onlar istənilən saxtakarlığa gedirlər. Xədicənin işində bunu total şəkildə ediblər. Şübhəsiz ki, hökm də belə olacaq.

1. İttiham aktında deyilir ki, müqavilə üzrə guya pulların niyə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “Fərqli düşüncən”in hesabına yox, mənim şəxsi hesabıma köçürülməsi ilə bağlı suala cavab verə bilməmişəm. Bu ağ yalandır. İstintaqda mənə belə bir sual verilməyib heç vaxt. İfadəmi vəkillər və Xədicə oxuyub. Digər tərəfdən pullar mənim şəxsi hesabıma köçürülməyib, nə də “Fərqli düşüncə” hüquqi şəxs olmayıb. KİV haqında qanuna görə, nəşrin hüquqi şəxs olması bu məcburi deyil və yalnız Ədliyyə Nazirliyinə ərizə ilə xəbərdarlıq edib 7 gün sonra nəşrə başlamaq olar. Son illərdə yaranan nəşrlərin çoxu bu hüquqdan istifadə edib. Pullar köçürülən hesab isə şəxsi olmayıb. Bu da yalandır. Vergilər Nazirliyinə müraciət və onların bildirişi ilə bankda açılan sahibkar hesabıdır. Vergi ödənilən hesabdır. Qanuni və şəffaf xərclənib. Məhkəmədə də Vergilər Naziriliyinin hesabın açılması ilə bağlı bildirişinin dublikatını hakimə təqdim etdim və sərf etmədiyi üçün işə daxil etmədi.

2. Məhkəmədə də demişdim, istintaq zamanı məndən Xədicə ilə bağlı ifadə alınmayıb. İşə əlavə edilən mənim radio və "Fərqli düşüncə" ilə bağlı dindirilərkən verdiyim ifadədir. Baxın, orada mənə sual verilib ki, niyə müqaviləm Bakı bürosunun rəhbəri Xədicə İsmayılla deyil, Yəhya Mirzəyevlə bağlanıb.

Cavabım belə olub: Bakı bürosunun rəhbəri ancaq yaradıcılıq işlərinə baxır, maddi və maliyyə işlərinə, bu cür müqavilələrə məsul deyil.

Bunu da Xədicə və vəkillər oxuyub. Yalnız bu sözlər bəs edirdi ki, normal məhkəmə ittihamı rədd etsin. Çünki bu tezis müdafiə tərəfindən də sübut olunub, həqiqət də budur.

3. Radio mənə yer və avadanlıq ayırmayıb, bunu ifadəmdə də demişəm. Üstəlik, məhkəməyə “Fərlqi düşüncə” üçün aldığım avadanlıqların nömrəli qaiməsini və nömrəli qəbzini təqdim etdim, lakin bunu da işə daxil etməkdən imtina etdilər.
Bu məqam isə məhkəmə reportajlarında gedib. Xədicə ekspertdən soruşur ki, siz mənim “Fərqli düşüncə” üçün otaq ayırmağımı nəyin əsasında deyirsiz. O da deyib, Şahvələd Namazovun ifadəsi əsasında. Xədicə deyib: Bu yalandır, çünki onun istintaqdakı və məhkəmədəki ifadəsində belə söz yoxdur, siz məhkəmədə yalan danışmağa görə məsuliyyət daşıyırsız.

4. Amma ittiham aktında ifadəmizin nə qədər saxta şərh etsələr də, bir məqamı unudublar. Zeynal müəllim (Məmmədli) yadıma saldı bunu. Orada bir cümlə var ki, “Fərqli düşüncə” layihəsi mənim təşəbbüsümlə yaradılıb. Doğrundan da, bütün bu işlərin Xədicəyə heç bir aidiyyatı yoxdur və bu işin qondarma olduğuna şübhə də yoxdur.

Sadəcə, ortada şər var. Bütün ölkəni ağuşuna alan Şər.

ŞAHVƏLƏD ÇOBANOĞLU

скачать dle 12.1