“Dahilər” və “Azərbaycan Saatı”

7-08-2015, 19:46
0
“Dahilər” və “Azərbaycan Saatı”

Deyirlər, görünən dağa bələdçi lazım deyil. Ancaq, bəzən lazım olurmuş. Bu gün “Azərbaycan Saatı” barədə yüngülvari bir bələdçilik edəcəm.

Əvvəla ondan başlayaq ki, “Azərbaycan Saatı” teleproqramı Azərbaycan efir məkanında alternativsizdir. Bir dəfə demişəm, yenə təkrar edirəm: Bu alternativsizlik həm bizim, bədbəxtliyimizdir, həm də xoşbəxtliyimiz. 21-ci əsrdə Avropa Şurasının üzvü olan, mətbuatının yaşı 140-a çatan bir ölkədə düz sözü göstərməyə cəmi bir efir pəncərəsi qalıbsa, daha cəmiyyətimizin bədbəxtçiliyini bundan artıq hansı boya ilə təsvir edəsən?

Proqramın xoşbəxtliyi isə ondadır ki, tam türkəçarə yolla (nə yönlü başlı kameramız var, nə studiyamız, nə tam texniki, yaradıcı heyət) ərsəyə gəlməsinə baxmayaq xalqın illərdir həqiqətə təşnəsinə su səpə bilib. Indi Azərbaycanın ən ucqar kəndlərində də insanlar bu proqramı izləyir, izləməklə qalmır, öz dərd-sərlərini bizlə bölüşür.

Nəhayət, “Azərbaycan Saatı”nın sayəsində Azərbaycan insanı özünü necə var o formada televizorda görə bilir.

Hökuməti də dəli edən bu hallardır. Ola bilər ki, “Azərbaycan Saatı” xalq kütlələrinin beynində hələ inqilabi dəyişikliklər yarada bilməyib, ancaq kim mənə sübut edə bilər ki, onun hər buraxılışı ölkəmizdə qurulan zülm və yalan səltənətinin də ayaqlarını sarsıtmır?

Belə deyilsə, o zaman “əşi, ”Azərbaycan Saatı" nə edir" deyən “dahilər” proqramın yaradıcı heyətinin başdan-ayağa repressiya olunmasına nə ad qoyurlar? Hazırda “Azərbaycan Saatı”nın türmədə 5 məhbusu var. Seymur Həzi, Murad Ədilov və Qənimət Zahidin 3 qohumu! Mən onlara “”Azərbaycan Saatı" məhbusları" deyirəm. “Azərbaycan Saatı” doğrudan da effektiv fəaliyyətdə deyilsə, bu adamları niyə şərləyib tutublar?

Ən maraqlısı bilirsiz nədir? Əli qələmli, 8-ci dərəcəli mətbuat orqanında tənqidçi fəaliyyətlə məşğul olan bəzi yoldaşlardan da eşitmək olur ki, düzdür, proqramımız faydalı məsələlərdən danışır, ancaq bunlar hamısı əhəmiyyətsizdir. Mən bu iddiaya gülməyim, nə edim? Adamın yazdığı qəzeti min nəfər oxumur, yazdığı nəşrin saytı, facebooku qarışıq auditoriyasında 2 min adam olsa, böyük şeydi, amma durub auditoriyası yüz minləri aşan proqrama deyir ki, sizin etdikləriniz, göstərdiyiniz cəmiyyətə kar eləmir. Diqqət edin, demirlər haa... sizin dedikləriniz səhvdir, təhilləriniz düz deyil, sadəcə deyirlər, bunlardan cəmiyyətə fayda olan deyil.

O zaman mən sual edirəm; özünə niyə bu cür yanaşa bilmirsən, əziz mühərrir. Axı sənin iki tək, bir cüt oxucun, izləyicin var. Yazdıqların da heç “onluğa düşən” məqalələr olmur, amma elə yorulmadan yazıb-pozursan. Yaxşı olmaz ki, “faydasız iş” gördüyünü birinci özün etiraf edib, mətbuatdan çəkilib, “kənd təsərrüfatı ilində” daha faydalı məşğuliyyət tapasan?

Bir dəfə dostum mənə “Azərbaycan Saatı” ilə bağlı çox dəqiq bir söz dedi. Dedi, heç düşünmüsən ki, niyə bəzi “dahilər” sizin proqramı bəyənmir, hər fürsətdə çalışırlar ki, onu gözdən salsınlar?

“Ona görə ki, ”Azərbaycan Saatı" özünü dahiliyə vurmuşların xeyli arqumentini əllərindən alır, onların sabahını zay edir. Çünki, tezliklə ölkədə diktatura çökəcək, azadlıq gələcək. Bax, onda heç kimin “axı bizim filan ədalətsizlikdən xəbərimiz yox idi, biz nə edə bilərdik, ölkədə düz söz demək imkanı yox idi”- fason bəraət qazandıran fikirlər söyləməyə imkanları olmayacaq. Ortada “Azərbaycan Saatı” kimi böyük fakt var və olacaq. Sizin heç özünüzü demirəm, axı siz hər proqramda bütün ölkədə düz söz danışan, mübarizə aparan insanları çəkib göstərirsiniz, onların səslərini yayırsınız. Bu isə onların bəhanəsini kəsir, xəbərim olmayıb söhbətinə nöqtə qoyur".

“Azərbaycan Saatı”nın nə dahiliyə iddiası var, nə də dahilərlə xüsusi bir problemi. Biz heç vaxt mütləq həqiqətin bizim dilimizdən səsləndiyini də bəyan eləməmişik. Gücümüz, qabiliyyətimiz çərçivəsində xalqımızı informasiya blokadasından çıxarmağa çalışırıq.

Siz bundan yaxşısını edə bilirsinizsə, qolunuza qüvvət, bir proqram da siz yaradın. Yarada bilmirsinizsə, proqramın daha məzmunlu olması üçün videolar ərsəyə gətirin, biz yayaq. Onu da bacarmırsınızsa, o zaman “”Azərbaycan Saatı" bağlansa, daha yaxşı və faydalıdır" kimi sərsəm ideyalar üzərində dəyərli başınızı yormayın.

NATIQ GÜLƏHMƏDOĞLU

скачать dle 12.1