Rəis, gəl əyri oturaq, düz danışaq

23-09-2015, 20:09
0
Rəis, gəl əyri oturaq, düz danışaq

 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin rəisi Nuşirəvan Səfərov “Azpolitika.info” saytında gedən “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir” adlı yazıya görə qeyzlənib və saytın rəhbəri E.Məhərrəmlini xüsusi ittiham qaydasınca məhkəməyə verib. Sən demə sayt N.Səfərovun rəhbərlik etdiyi sahədə qeyri-qanuni əməllərin, rüşvət faktlarının omasını ictimaiyyətə açıqlamaqla, “mələk” timsallı yol polisinə qarşı həqarətlərə yol verib və DYP şefi də bu açıqlamalara dözməyərək, sayt rəhbərinə divan qurdurmaq fikrinə düşüb.

Bu yerdə, iddia qaldıran şəxsə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” el məsəlini xatırlatmaq tam yerinə düşər.

Neqativlərin dilə gətirilməsinə nə qədər dözümsüzlük və nə böyük məhkəmə iddiası. Hələ səkkiz yüz il əvvəl, qoca bir qarının çəkinmədən, atının cilovundan yapışıb məmləkətindəki haqsızlıqları, ədalətsizlikləri, zorbalıqları üzünə yağdırdığı sultan Səncər də öz təbəəsinə qarşı bu cür iddiada bulunmamışdı. Əcəba, ölkə Prezidentinin jurnalistlərin dostu elan edildiyi, cəmiyyətdəki neqativləri, qanunsuzluqları, rüşvətxorluqları aşkarladıqlarına görə Prezidentin onlara adlar verdiyi bir zamanda adi həqiqətləri dilə gətirdiyinə görə bir saytın məhkəməyə verilməsini necə başa düşmək olar?

Hörmətli rəis, mətbuat sizin üçün necə gəldi, kefinə necə düşdü, rəftar etmək istədiyiniz təbəə deyil, dördüncü hakimiyyətdir! Siz yolun, onlarsa əməkdaşlarınızın soyğunçuluq etdiyi yollar da daxil olmaqla, bütün cəmiyyətin sadiq keşikçiləridir. Mətbuatın işi düzü düz, əyrini əyri yazmaqdır. Almasınlar, süründürməçilik etməsinlər, vətəndaşları incitməsinlər, onlar da yazmasın.

Necə fikirləşirsiniz, sizdə qanunsuzluqlar, süründürməçiliklər, vətəndaşla qaba rəftar, lap etirazına qalxdığınız rüşvət faktları yoxdurmu? Bunlar ki, adi gözlə görünəndir. Əməkdaşlarınızı qınamağa dəyməz. Elə bir təlimat alıblar ki, çətinə düşəndə az qalırlar Prezident Aparatının qarşısında da risqə gedib rüşvət alsınlar!

İndi nə oldu ki, bir saytın rəhbərlik etdiyiniz sahədə rüşvət hallarının olmasını dilə gətirməsi sizin canınıza bu qədər üşütmə saldı. Bəlkə özünüzü yuxarılara göstərmək, sizin haqqınızda deyilənlərin yalan olduğunu isbatlamaq istəyirsiniz.Heç Gürcüstana yolunuz düşübmü? Düşməyibsə xəbər çatar. Yol boyu kimsədən rüşvət alındığını eşitdinizmi? Şəxsən mənim eşitdiyim odur ki, polisə rüşvət təklif edənin özünü məhkəməyə verirlər. Həm də təkcə polisdən söhbət getmir. Qonşu gürcü ellərində vergi ödəyicilərinə hörmətlə yanaşılır. Gömrük keçidləri maneəsizdir. Vergi idarələrində iş adamlarının dərisini soymurlar.

Güman edək ki, bizdə də polis, vergi, gömrük əməkdaşlarının pula deyil, dövləti görəvinə sadiqliyinə qibtə ediləcək gün olacaq. Amma bu günə nə deyirsən ki, sizin və dövləti funksiyalarının yerinə yetirildiyi digər sahələrin süründürməçiliyi, rüşvətxorluğu ucbatından yaranan kütləvi narazılıqlar axırda dövləti “ASAN xidmətə” əl atmağa məcbur etdi. A kişi almırıq dediyin nə, rüşvətxorluğa qarşı mübarizə komissiyasının qan-qan dediyi vaxtlarda neçə əməkdaşınızın rüşvət faktına görə işdən azad edilməsi nə?

Sayt yazır ki, əlmizdə faktlar var. Bu saytın bacarığı və düz də edirlər. Amma saytın yazdığını qoyaq qırağa. Gəl əyri oturaq, düz danışaq. Sizdə doğrudan rüşvət deyilən şey yoxdur ki, arxayın düşüb, on minlərlə ciddi oxucusu olan, ictimai həyatımızın yaxşı və pis tərəflərini obyektiv araşdıran bir saytı qalxıb məhkəməyə verdiniz? Belə qoçaq idinizsə, haqqınıza sahib durmağı, təşkilatınızın təəssübünü çəkməyi bacarırdınızsa, nədən, neçə illər sizə sədaqətlə xidmət edən əməkdaşınızı N.Sadıkovun ərköyün oğlunun həqarətlərindən qorumadınız? General xofunu mərhəmətdən, saytın yazdığını həqarətdən qəbul edib boşuna vaxt itirməyin, vaxt qızıldan qiymətlidir və qiyməti bəlli olan yollar sizi gözləyir.

Nurəddin İSMAYIL

скачать dle 12.1