Müsəlman Tunisi və xristian Ukraynası

23-02-2015, 19:51
0
Müsəlman Tunisi və xristian Ukraynası

Yanukoviç təsdiqlədi ki, Ukrayna xalqının onunla bağlı ehtimalları, iki aylıq dirənişi yanlış deyilmiş. O, bu gün olmasa da, sabahın potensial diktatorudur. Bu gün alınan onlarla can, sabahın qətliamından sığortadır.

Ukraynada hadisələr zor müstəvisinə keçəndən sonra Yanukoviç gələcək nəsillərin baş verənlərə görə onları bağışlamayacağını bəyan etmişdi. Təbii ki, diktatorlar birmənalı olaraq gələcək nəsillər haqda düşünmür. Ümumiyyətlə, onların gələcəklə bağlı nəinki planları, heç təsəvvürləri də olmur. Içində olduğu reallığı inkar edənlərin, gələcəklə bağlı hansı planları ola bilər? Deməli, təkcə bu açıqlama Yanukoviçin tam olaraq reallıq hissini itirmədiyinin göstəricisi sayıla bilərdi. Amma daha artığına dözə bilmədi, xalqına qarşı silah işlətdi. Indi bunu kimin, hansı dövlətin təlimatı, təhrikilə edib, bu başqa məsələ. Aşağı-yuxarı bu təlimatı verənlər məlumdur. Amma əlahəzrət fakt ondan ibarətdir ki, bunun bədəlini ölkəyə başçılıq edən Yanukoviç ödəyəcək. Yəni, atəş əmri verən şəxsin özü. Təbii ki, əmrə müntəzir olanlarla birlikdə.

Praktika göstərir ki, hətta bu təlimatı verənlər də, sonradan, əli qana batmış canilərə sahib çıxmaqdan imtina edirlər. Afrikanın ucqarlarında belə, xalqına qarşı qətliamlara görə dövlət başçılarından hesab sorulursa, onların cinayətləri cavabsız qalmırsa, deməli, Avropanın göbəyində xalqa qarşı silah işlədən Yanukoviçdən etdiklərinə görə hesab sormaq o qədər də çətin olmayacaq. Bu zorakılıqdan sonra Yanukoviç qaçmasa, özünə daha ciddi problemlər yaşatmış olacaq. Onun həm də Ukraynada liderin məhbəsə göndərilməsi nümunəsini yaradan dövlət başçısı olduğunu unutmamalıyıq.

Ukraynada baş verən xalq etirazı, rejimin bu etiraza silahla cavab verməsi, Azərbaycan cəmiyyəti üçün də ciddi bir suala cavab oldu. Bu suala səmimi cavab axtaranlar, rəsmi informasiyanın təsiri altına düşənlər çoxluq təşkil etməsə də, hər halda mövcuddurlar. Indi zaman özü bu adamlara cavab verir. Həm də öz silahları ilə. Deməli, bu insanlar hesab edirdi ki, müsəlman ölkələrində baş verən devrimləri, xalqların qırılmasını beynəlxalq təşkilatlar, supergüclər təşkil edir. Əsasən də bunu dini qarşıdurma, müsəlmanlara münasibət kimi dəyərləndirənlər çoxluq təşkil edirdi. Indi Avropanın bir parçası olan Ukraynada dövlətə başçılıq edən şəxs öz vətəndaşına silah işlədir, sutka ərzində yüz nəfəri qətlə yetirib. Təsəvvür edirsiz, bunu edən kimdir? Bunu törədən adamın başçılıq etdiyi ölkədə müxalifətin parlamentdə təmsilçiliyi təxminən 50 faizə yaxındır.

Bundan əlavə, iki ay davam edən dirəniş, heç şübhəsiz ki,  qüvvələr nisbətini müxalifətin lehinə xeyli dəyişib. Faktiki, ölkə daxilindən Yanukoviçə heç bir ciddi dəstək yoxdur. Bunu Yanukoviç tərəfdarlarının keçirdiyi dəstək mitinqlərindən də görmək olar. Indi parlamentdə yüzlərlə sözçüsü olan, özünə hökumət seçməyi bacaran, demokratik ənənələrə sahib bir xalqı Avropanın ortasında xalqdan mandat alan ölkə başçısı gülləbaran edirsə, bunun nəticəsini təsəvvür etmək o qədər də çətin deyil.

Bəli, bu gün Ukraynada dinc insanların müdafiəsinə qalxan o dövlətlər, o təşkilatlardır ki, zamanında Liviya, Misir insanına sahib çıxdılar, onları tamamilə qırılmaqdan qurtardılar. Amma ortada daha bir ibrətamiz nümunə də var. Bu, müsəlman ölkəsi olan Tunis nümunəsidir. Xalqın tələblərinə sakitcə ölkədən çıxmaqla cavab verən Ben Əli, zamanında sübut etdi ki, burada müsəlmanlara xüsusi münasibətdən söhbət gedə bilməz.

XALID QARAYEV

скачать dle 12.1