Qurultaydan narahat oldum

28-09-2015, 04:08
0
Qurultaydan narahat oldum

AXCP qurultay keçirdi. Müxalifət də, iqtidar da bundan narahatlığını dilə gətirdi. Mən də narahat oldum. Yazımla fikrimi çatdırmağa çalışacam.

Elə ən başdan mən AXCP üzvü deyiləm deyə qeyd edim.

 

İqtidar niyə bu qədər narahatdır?

 

Aydın məsələdir, iqtidar, daha doğrusu despot rejim istənilən siyasi təşkilatdan narahatdır. Hər cür yolla onu boğmaq, yox etmək istəyir. AXCP isə əsas hədəfdir. Deməli güclüdür iqtidara qarşı. Bunun başqa adı yoxdur. Nədən hər hücum, siyasi satqın, şərləmə və.s çirkin oyunlar Cəbhənin başında fırlansın ki, əgər hakimiyyətə alternativ güc deyilsə. Demək siz ağıllılardan (Cəbhənin gücünü hafifə alan kimsələr) çox bilir “sevmədiyiniz” hakimiyyət. Ən azından bu mövzuda.

 

Dərk etmək bu qədər zormu ki, əgər kimsə, hansısa təşkilat, qurum və.s hakimiyyətə qarşı təhdid deyilsə ona hücum edilməz, şər atılmaz, içərisinə satqınlar yerləşdirilməz və hər cür yolla onu cəmiyyətin gözündən salmaq istənilməz. Axı adı çəkilən təşkilat və ya kim isə rejimə təhlükə deyilsə, nədən onunla uğraşmaq kimi bir yolda əziyyət çəksin ki Əliyev? Demək təhlükə var, demək güc var və bu potensial ortadadır. Siz öz ağlınızla düşündüyünüzü, hakimiyyət mütəxəssislərin ağıllarından ortaya çıxardığı ortaq fikirlə cəmləyir, düşünür. Düşünməyin ki, hakimiyyətdə yalnız siyavuşlar, zahidlər var. Xarici də olsa mütəxəssislər var və bəzi şeyləri qumardan başqa heç nədən başı çıxmayan başsıza başa salırlar.

 

Müxaliflər niyə narahatdır?

 

Bəzi azad düşüncəli müxaliflər də nədənsə AXCP sədrinin təkrar seçilməsinə demokratik prinsiplərin pozuntusu kimi baxır. Niyə əzizlərim, nədir dərdiniz? Əli Kərimli getsin, hər hansı başqa biri gəlsin. İlhamı o yıxacaq deyə düşünürsüz? Sizin bildiyiniz demokratiya budurmu? Oturub durub Əli Kərimli 15 ildir sədrdir, getməlidir, yerinə yeni kadr gəlməlidir, gənclərin önü açılmalıdır deyib dururlar. Əzizlərim mübarizə meydanı nədir, necə olur, bu cür rejimlərdə mübarizə və.s və.i deyə bəlkə düşünəsiniz? (!)

 

Əli Kərimli təşkilatı qurub, inkişaf etdirib və hakimiyyətin qarşısında güc kimi saxlayıb, indi sizə, mənə və ya kimsəyə verib çəkilsin? Niyə axı, olanı qopanı da kimsə dağıtsın deyə? Sizə elə gəlmirmi ki, bu istəyiniz hakimiyyətin bir başa ürəyindən xəbər verir? (!)

 

İlk öncə onu deyim ki, gənclərin önü açılmalıdır deyəndə niyə belə düşünürsüz ki mütləq AXCP nin başına bir gənc gəlsin və partiyanı artıq o idarə etsin. Həmin istedadlı gənc öz gücünə, savadına, siyasi fərasətinə görə niyə təşkilat qurub çıxmır meydana? Mütləqdir ki, hazıra nazir olsun? Olmayacaq, boşuna həvəslənməyə dəyməz. Get qur, yarat, çıx meydana və sübut et ki, bəli sən Əli Kərimlidən də, AXCP dən də güclüsən. Hakimiyyət səninlə hesablaşmalıdır. Yoxsa hazırını istəməklə olmur bu işlər. Elə hazır istəyənsənsə hakimiyyətdən istə, de ki, Əliyev sən çox oturdun, düş kreslodan, mən oturum orda. Yoxsa Cəbhəni neynirsən, dolayı yolla hakimiyyətə gələcəksənsə. Elə hazır istəməkdirsə daha prezidentliyi istə. Məncə bu daha səmimi və məntiqli olar.

 

İkincisi Əli Kərimli, partiya rəhbəri getdiyi yolun, mübarizənin sonucuna çatdı ki, sədrliyi buraxsın? Yox. Hələ nəticə əldə edilməyib, hakimiyyət devrilməyib. Partiyanın, sədrinin məqsədi, mübarizəsi hakimiyyət dəyişikliyidir, buna çatmamış getsə, qaçmış, qorxmuş olacaq. Mən şəxsən elə baxaram. Nəticə əldə etməmiş getmək, bu rejimdə, bu şərtlərdə demokratiya olmayacaq, boş şeylər danışmağa dəyməz.

 

Üçüncüsü bu hansı məntiqdir ki, İlham Əliyevin 15 illik prezidentliyi ilə, Əli Kərimlinin 15 illik partiya sədri olmasını müqayisə edirsiz? Bunu eyniləşdirir, hər iki şəxsi diktator adlandırırsız.

 

Əli Kərimli mübarizəsinin sonucunda dəyişiklik, prezidentlik deyil, sırf dəyişiklik üçün çalışır. İlham Əliyev isə ən pik nöqtədədir və ordan o tərəfi yoxdur. Bundan başqa dünya praktikası, qəbul edilmiş anlayışa görə prezidentlik 10 il müddətini keçməməlidir. Axı bu kimi anlayış müxalifət partiyası sədri üçün qəbul edilməyib. Siz hardan çıxarırsız bunu ki, partiya sədri də demokratik prinsipi pozur.

 

Yaxşı bura kimi düşünmür, düşünmək istəmirsiz. Bəs hakimiyyətlə əl-ələ verib Cəbhəyə hücuma nə ad verək? Bu demokratiya çərçivəsindədir, bu sığır demokratiyaya?

 

Hə, qaldı tənqid etməyə, edin. Amma məntiqdən kənara çıxmayaq. Tənqid bu deyil. Mən də tənqidin tərəfdarıyam, amma absurd olmayacaq şəkildə.

 

PS. "Qurultaydan narahat oldum" deyəndə, narahat olanlardan narahatçılığımı çatdırmaq istəyirdim.

AXCP ni möhtəşəm qurultay münasibəti ilə təbrik edirəm.

 

 

Rəsul Mürsəlov

скачать dle 12.1