Tarixin qisası

28-09-2015, 12:51
0
Tarixin qisası
Desək ki, ABŞ və Rusiya prezidentlərinin görüşəcəyi haqdakı xəbər bizim üçün tamamilə gözlənilməz oldu, bu, heç də düzgün olmazdı - son vaxtlar iki dövlət arasında Suriya müstəvisində kontaktlar o qədər intensivləşmişdi ki, onların daha böyük formatlı təmaslara çevriləcəyi elə də təəccüblü görünmürdü...
Sözsüz ki, görüş dövlət səfəri çərçivəsində deyil, BMT-nin dəhlizlərində baş tutacaq. Amma səhv etmiriksə, o, soyuq savaş söhbətlərinin meydana çıxmasından sonra ilk iri formatlı kontaktdır. Danışmaq üçün isə predmet elə də az deyil. Fəqət, ön olaraq yada düşən Suriya və Ukrayna məsələləridir. İndi bu məsələlərdən aktual ola bilən ikinci məsələ yoxdur - Suriya məsələsi isə hətta Ukrayna problemini də gündəmdən sıxışdırır, çünki təkcə bu il ərzində bu ölkədən Avropaya istiqamətlənəcək miqrant selinin proqnozlaşdırılan sayı belə adamı vahiməyə salır.
Əvvəllər də bir neçə dəfə yazmışdıq ki, böyük siyasətə heç bir üsul yabançı deyil və təsadüfi deyil ki, indi ABŞ fəal şəkildə Suriya cəbhəsi formalaşdırmaqla məşğuldur - bu məqsədlə İran bir tərəfə, hətta Rusiyanın da yardımından yararlanmağa cəhd edilir.
Amma bizi başqa problem məşğul edir. Heç olmasa, İŞİD ram edildikdən, B.Əsəd devrildikdən sonra Suriyada normal dövlət institutları yaratmaq mümkün olacaq, yoxsa bu bölgə də “idarə olunan xaos mərkəzləri”ndən birinə çevriləcək? 
Əslində bütün sualların fokus nöqtəsi budur. İraqda S.Hüseyn də devriləndən sonra belə demokratik ölkə qurmaq mümkün olmadı. Hətta demokratik ölkə bir tərəfə, bu ünvanda əslində dövlət adında bir şey yoxdur. Belə bir təhlükə Suriyanı da gözləyir - “ərəb baharları” bu ölkələr üçün elə əsl ərəb fəlakətlərinə çevrildi.
 
Məsələnin ən qəliz tərəfi də odur ki, bunların hamısı müsəlman dövlətləridir. 
Ən dəhşətlisi isə budur ki, İŞİD də göydən düşməyib. O da yeni ərəb fenomeni hesab edilə bilər. Bəzən mənə elə gəlir ki, tarix ərəb ölkələrindən qisas alır.
İndi İŞİD az qala 5 min il yaşı olan tarixi abidələri dağıdır. Amma bunun ideoloji əsasları illərlə yaradılıb. İllərlə mövhumatçılıq dalğasında böyük xalqların və dövlətlərin islama qədərki tarixi tam inkar edilib, o, elə çalarlarda verilib ki, insanlarda onlara qarşı yalnız ikrah hissi oyadılıb.
Mən deyərdim ki, bu, yalnız ərəb fenomeni deyil. Hətta bizdə də atəşpərəstlik vaxtları elə rəngdə təsvir olunurdu bu, adamı iyrəndirirdi. Məni düzgün başa düşün - nə “Avesta” üzrə mütəxəsissəm, nə də həqiqi atəşpərəstliyin bizim Azərbaycana nə qədər aidiyyəti olduğunu bilirəm. Amma ola bilməz ki, bütöv bir tarixi dövr yalnız cəhalət dövrü kimi qələmə verilsin.
Min, hətta 1500 il tarix üçün çox da böyük dövr deyil. Biz müsəlmanların da əcdadları bundan daha qədim dövrlərdə mövcud olublar. İndi nə edək? Onların üstündən xətt çəkəkmi? İŞİD-çilər deyir ki, xətt çəkməliyik! Amma bu adamlardan da öncə ərəb mənbələri bunu iddia edirdi. 
Ona görə də mən hər vaxt deyirəm ki, İŞİD-çilər yalnız tətiyi çəkməyi Qərbdə öyrəniblər, amma onların beynini öz ərəb mənbələri korlayıb.
Ərəb tarixini araşdırmamışam. Amma ümumi tarixi mənbələrdən bildiyim odur ki, həmin bölgələrdə qədimlərdə qüdrətli dövlətlər olub, mövhumat isə onların hamısını inkar edir.
Fəqət, gəlin Avropa ölkələrinin tarixinə nəzər salaq. Hələ xristianlıqdan əvvəl Qədim Yunanıstan və Qədim Roma olmuşdu. Ərəblərin məntiqinə görə, Avropa yunan və Roma keçmişindən tamamilə imtina və onları inkar etməli idi, ona görə ki, bu qədim dövlətlərdə də bütprəstlik olmasa da, hər halda çoxallahlıq hökm sürürdü.
Bilmirəm, bəlkə xristianlığın ilk illərində orada da belə cəhdlər olmuşdu. Onu bilirəm ki, Avropa yeni çiçəklənmə dövrünü dini mövhumatçılıqdan imtina etdikdən və humanist dəyərlərə qayıdışdan sonra yaşaya bildi, o vaxta qədər isə din adamları yalnız tonqallar qalamaqla məşğul olurdular. 
Düzdür, indi çox şey inkar edilir, tarixin çox qara ləkələri ağardılır, amma ilk dövrlərdə xristianlıqda mövhumat heç də islamdakından az olmamışdı...
 
Bəzən deyirlər ki, tarix sıçrayışları sevmir. Bəlkə ərəblər və eləcə də digər müsəlmanlar mütləq müəyyən dövrləri keçməlidirlər? Amma normal məntiq bizə deyir ki, buna ehtiyac yoxdur və 5 min il tarixi olan abidələri dağıtmağa dəyməz. Ona görə ki, ağıllı adamlar başqalarının da səhvlərindən öyrənə bilir.
скачать dle 12.1