“Şərq incə məsələdir!” - deyən “Səhranın bəyaz günəşi” filminin qəhrəmanı yoldaş Suxovun ardınca Rusiya mənbələri ölkələrinin Suriya probleminə cəlb olmasından sanki böyük bir məmnunluq duyaraq qoca Şərqi Rusiyasız anlamağın çox çətin olduğunu vurğulamaqdan usanmırlar. Adam belə yazıları oxuyandan sonra özündən də asılı olmadan “İndi nə edək ki, sizin qartalınız ikibaçlıdır!” deməkdən özünü zorla saxlayır...
O ki qaldı Qərbin Şərqi anlamasına, bizə də elə gəlir ki, Qərb bir o qədər də buna cəhd etmir. Amma “ərəb baharı” ərəfəsində tanınmış politoloq F.Zaxarianın maraqlı yazısını oxumuşduq. Bu yazını oxuyan heç də deməzdi ki, Qərb Şərqi anlamır. Daha düzgünü bu olardı ki, “Qərbdə siyasət və hərb adamları Şərqi anlayanları eşitmək istəmir” deyəsən...
Qərbin bu vaxta qədər dünyaya yönəlik siyasəti insan haqlarının universallığına əsaslanıb. Demirik ki, bu yanlış siyasət olub. Özünüz diqqətlə baxın. Şimali Koreyaya nəzər salanda demək olar ki, bu ölkə hələ yüz il bundan sonra da demokratik dəyərləri qəbul etməyə hazır olmayacaq. Amma qarşınızda Cənubi Koreya da var. Adam lap çaş-baş qalır, deyilmi?..
Qeyri-ixtiyari olaraq soruşmaq istəyirsən ki, görən, koreyalıları hansı Koreya daha çox təmsil edir? Etiraf edirik ki, çətin məsələdir...
Amma bu çətinlik də şərtidir. Cənubi koreyalılara öz iradəsini ifadə etməyə imkan verilib. Şimali koreyalıların isə bu imkanı yoxdur - ölkə totalitar ölkədi və o, millətin iradəsinin ifadəçisi deyil...
Eləcə də Yaponiyanı götürmək olar. Şərqdirsə, elə bu da şərqdir... Nə olsun ki, uzaq şərqdir? Baxın, görün, milli dəyərlərlə Qərb dəyərləri necə uzlaşdırılıb...
Güman edirik ki, M.Veber bu günün Çinini görə bilsəydi özünün etikası ilə bağlı müəyyən düzəlişlər edərdi...
Amma uğursuzluqlar da var. Nə gizlədək? “Ərəb baharları” ümidləri elə də doğrultmadı. Elə bir ölkə olmadı ki, orada gözləntilərin doğrulduğunu iddia edə biləsən...
Hətta mənim fikrimcə, MDB ölkələrindəki “rəngli inqilablar” da onlarla bağlı gözləntilərə xilaf çıxdı... Bu gün Gürcüstan da, Ukrayna da yerində sayır...
Sözsüz ki, ölkələrin resurslarının olmaması böyük maneədir. Amma resurslar olsaydı, nə vardı ki?! Gərəkdir ki, bu resursları da yaradasan...
Ukraynadan çox danışmayacam. Həm bu haqda çox yazdığımdan, həm də çox şeyin aydın olması ucbatından uzunçuluğa ehtiyac yoxdur...
Amma Gürcüstan... Bəli, bu haqda bir-iki kəlmə yazmağa dəyər. M.Saakaşvili heç nə etməsə də, korrupsiyanı xeyli cilovlamışdı. Bu, az məsələ deyil. Amma o da axıra qədər duruş gətirmədi. O mənada ki, onun da partiyası seçkiləri uduzdu...
İndi nə deyək? Söyləyək ki, xristian Gürcüstanında da insan haqlarının aliliyi və universallığı fəlsəfəsi daşa dəydi?..
Yox, bunu demək istəməzdik. Mənə getdikcə daha çox elə gəlir ki, demokratiya bir vərdişdir, təcrübədir. İnsanlar bu təcrübəni keçməlidirlər və yalnız bundan sonra demək olar ki, kimsə demokratiyaya hazırdır, kimsə hazır deyil!
Həm də ilkin şərtlər və hətta kənar şərtlər də burada riyazi fizika tənlikləri üçün vacib olduğundan heç də az vacib deyil. Əvvəldən dövlətçilik təcrübəsi və vərdişləri olanda demokratiyaya keçid daha asan baş tutur...
Elə ki, bu vərdişlər olmur, onda sosial-siyasi rəqqasın amplitudası kəllə-çarxa vurur...
İndi bir-iki kəlmə özümüzdən də deyək. Əvvəl mənə elə gəlirdi ki, bu son 20-30 ili biz sadəcə itirmişik. Amma indi görürəm ki, yox, bu illər heç də elə-belə keçməyib - çox pis vərdişlər qazanmışıq...
Bu illər ərzində bizə təlqin ediblər ki, seçki ondan ötrüdür ki, onu saxtalaşdırasan. Bizə aşılayıblar ki, bu demokratiyadır-filandır, bizim üçün deyil, xaricilərə, Avropa Şurasına-filana göstərmək üçündür...
O ki qaldı özümüzə, deyirlər ki, bizim “dədə-baba yolu”muz var - bu yolla da gedəcəyik və heç kim də bizi bu yoldan sapındıra bilməz. İndi biz də düz 22 ildir ki, həmin bu yolla gedirik. Ona görə də nə vaxtsa demokratiya yoluna üz tutsaq, bizim üçün çox çətin olacaq. Ona görə ki, bu illər ərzində siyasi vərdişlər qazanmadıq, demokratiyanı təcrübədən keçirə bilmədik...
Sonra da qayıdıb deyirlər ki, Şərq incə məsələdir. Yox, Şərq incə məsələ deyil və hətta çox asan bir məsələdir, bir şərtlə ki, adamlara mane olmayasan, onları doğru-dürüst yoldan sapındırmayasan...