Açılan ağ badam çiçəkləridi...

2-10-2015, 10:09
0
Açılan ağ badam çiçəkləridi...
Bilmirəm, insanları ad günlərində, yubileylərində, xüsusən də yuvarlaq yubileylərində anmaq ənənəsini kim qoyub? Elə insanlar var ki, onları anmaq, yada salmaq üçün bir həzin musiqi, bir kövrək şeir də yetərlidir...
O gün telekanallardan birinə baxırdım. Gördüm ki, musiqi verilişlərinin birində mərhum bəstəkar E.Sabitoğlunun mahnılarını verirlər. Veriliş məni tamam öz aləminə apardı. Elə onda qərara aldım ki, bir yazı yazacam... Bilmirdim ki, bu yazı nə haqda olacaq, nədən bəhs edəcək... Bəlkə də cari siyasi yazılardan biri olacaqdı o... Ona görə ki, bu yeknəsəq günlərdə adam bu ölkənin özündən özünə qaçmaq istəyir...
Qərəz, bilmirdim ki, nə yazacam, necə yazacam! Bircə onu bilirdim ki, həmin yazıda mütləq E.Sabitoğlu anılacaq...
Məndən soruşsaydılar ki, 20-ci əsrin ikinci yarısında yaşayıb yaradan ən böyük Azərbaycan bəstəkarı kim olub, düşünmədən onun adını çəkərdim. Söz mahnı janrından gedirsə, onun, ümumiyyətlə, tayı-bərabəri yoxdur, bu janrda E.Sabitoğlu təkdir, təkrarsızdır... 
Bir də Elza İbrahimovanın adını çəkmək lazımdır - bu iki bəstəkar Azərbaycanın ən gözəl mahnılarını yazıblar...   
Bəlkə də E.Sabitoğlu heç bir şey yazmasaydı belə, onun bir-iki mahnısı bu bəstəkarın ölməzliyini təmin edərdi... 
Və yaxud da ki, onun “Bizim Cəbiş müəllim” filminə yazdığı gözəl bir valsı xatırlayırsınızmı?.. 
Həqiqətən də gözəl musiqidi və onu heç kimin musiqisi ilə səhv salmaq, qarışdırmaq mümkün deyil... Adam bu musiqini eşidəndə durub bu şəhərin küçələrinin ağını çıxarmaq istəyir, istəyirsən lap elə piyadaca harasa üz tutub gedəsən...
Bir az əvvəldə dedim ki, bilmirdim bu yazı nə haqda olacaq... Bunu ona görə təkrar-təkrar deyirəm ki, özümü bu günlərdə Emin Sabitoğlu haqda məxsusi bir yazı yazmağa hazır görmürdüm...
Sadəcə, mahnılar məni kövrəltdi... Bu mahnılar mənim yadıma bir şəhəri saldı - elə bir şəhəri ki, üzü dənizə dayanıb... 
Dənizin şor suyu onun sahillərini yuyur, dənizin küləyi onun üzünə çırpılır... Doğrusu, mən bir şeyi başa düşə və özüm üçün yəqinləşdirə bilmirəm: Emin müəllim bu şəhərin qeyri-adi cazibəsindən necə qopa bildi? Necə bu şəhərdən başqa bir şəhərə köçə bildi?..
Yox, bunu qınaq kimi qəbul etməyin. Sadəcə, E.Sabitoğlunu başqa bir ölkəyə, başqa bir şəhərə, o, hətta doğma ölkə və şəhər olsa belə, qısqanırdıq... O mahnıları ki, E.Sabitoğlu yazırdı, onlar yalnız bu şəhərdə yazıla bilərdi, çünki yalnız bu şəhərdə bir gün taksidən düşüb haraya, hayana getməyi bilməmək və bu şəhərin tanışdan da tanış küçələrində azmaq olardı...
Bəli, sən uzaq yaşıl ada... Deyilənə görə, sovetlərin vaxtında senzorlar deyirmiş ki, “yaşıl uzaq ada” deyəndə haranı nəzərdə tutursunuz? Bəlkə “yaşıl ada” deyəndə elə Türkiyəni nəzərdə tutursunuz?..
Düşünürəm, bəlkə buna görə E.Sabitoğlunun İstanbula köçməsi təbii qarşılanmalıdır? Bəlkə də o, İstanbulda hər gün sahilə gəlir və üzü Bakıya tərəf baxırmış... Kim bilir?..     
Doğrusu, mən düşünmürdüm ki, bütün yazı E.Sabitoğlu haqqında olacaq... Amma baxıb gördüm ki, bir xeyli cızma - qara edə bilmişəm. İstədim elə bu yazıda öz siyasi nisgillərimi də yazım...
Amma o biri tərəfdən, siyasəti bu yazıya qatmaq istəmədim. Bilirsiniz niyə? O səbəbdən ki, bizim siyasətdə haram var...
Halallıq olsaydı “Badam çiçəkləri” başlığı altında lap siyasətdən də yazmaq olardı. Amma nə edək ki, halallıq yoxdur... Amma bu ölkənin dənizi var... Hər şeydən bezəndə özünü ən azı bu dənizə ata bilərsən... Bu ölkənin küləyi var və hər şeydən bezəndə üzü küləyə doğru getmək olar...
Bunları yazıram, özümə də qəribə gəlir... Doğrudanmı dəniz yalnız ondan ötrüdür ki, bir gün hər şeydən bezəndə özünü onun ağuşuna təslim edəsən? Ya külək yalnız ondan ötrüdürmü ki, üzünü tutub ona doğru gedəsən? Elə gedəsən ki, qum dənələri ağzına dola, gözlərini yaşarda...
Doğrudanmı, bütün bunlar yalnız bunun üçündür? Amma birdən ağlıma gəldi ki, baxan gözlər o gözlər deyil!..
E.Sabitoğlu bu dənizdə də, bu küləkdə də başqa şey görərdi... Dərd ondadır ki, o gözlər gedir, yalnız siyasət, vay-şivən görən gözlər qalır bu ölkədə...
Onlar isə “ağ badam çiçəklər”ini görə bilmirlər, onlar “uzaq yaşıl adaya” səmt götürə bilmirlər...
скачать dle 12.1