Əgər MSK-nın iclaslarından seyrək şəkildə səsləndirilən informasiyalar olmasaydı adam ölkədə seçki prosesinin getdiyinə çətin inanardı. Seçkiyə artıq bir aydan bir azacıq vaxt qalıb. Amma həmişə olduğu ki, burada üfüqlər sakitdir...
Yox, biz siyasi qalmaqalların həvəskarı deyilik. Hətta bir sual üzərində baş sındırırıq ki, görən, normal halda siyasi mövzular vətəndaşın sərbəst vaxtının neçə faizini əhatə etməlidir?..
Güman etmirik ki, normal ölkələr üçün bu, o qədər də böyük olsun. Fəqət, getdikcə bir fikir adamın beyninə daha çox hakim kəsilir və nə qədər çalışırsan, onu özündən qova bilmirsən: biz düşünməyi yadırğayırıq... Bəlkə də oxucu mənimlə razılaşmayacaq. Amma bu, elə bir fəlakət deyil... Fəlakət onda başlayır ki, insanlar hər şeylə razılaşırlar, hər şeyə qatlaşırlar...
Mən siyasi yazaram. Tez-tez siyasətdən canımı qurtarmaq üçün başqa mövzulara baş vurmağa cəhd etsəm də yenə də sonda özüm-özümə hökm verir və deyirəm ki, bəli, yazmalısan...
Ona görə də üç aspektdən baxmaq istəyirəm bu üfüq məsələsinə: müxalifət, hakimiyyət və bir də ölkə. Ən qəlizi müxalifət məsələsidir. Qorxuram bir neçə ildən sonra bu sözlə rastlaşan uşaqlarımız izahlı lüğət axtarmalı olsunlar, ya da ki, bizim yaxamızdan yapışaraq soruşsunlar ki, ata, axı bu müxalifət nə deməkdir?..
Onda biz də çox çətin sual qarşısında qalardıq. Məlum olardı ki, bu söz lüğətlərdə çoxdan arxaizmlərə aid edilib. Yox, qoy, müxalifətçilər məndən inciyib eləməsinlər. Amma mən istəmirəm ki, kiminsə onlara yazığı gəlsin... Di gəl, baxıb görürsən ki, onlar özləri bunu istəyirlər. Bəli, istəyirlər ki, hamı “Yazıqlar neyləsin?” desinlər...
Amma mənə elə gəlir ki, adam şikəstlərə və imkansızlara acımalıdır. “Yanağından qan daman” bəzi müxalifətçiləri indi mən durub necə yazıqlar dəstəsinə aid edim?
Hakimiyyətə gəldikdə isə, orada daha “dinamik” proseslər baş verir - az qala hər gün deyirlər ki, ay aman, filankəsi də aşırdılar...
Amma hakimiyyətdəki proseslərin bir xüsusiyyəti var: burada nə baş verirsə o, qapalı dairə içində baş tutur, onlar “oyunlar”ına başqalarını qatmır və başqalarına yalnız və yalnız tamaşaçı rolunu ayırırlar...
Cəmiyyət də bununla razılaşır, çünki bilir ki, hakimiyyətdə nə edirlərsə, orada nə baş verirsə, hamsı xalq üçün, millət üçün edilir...
Belə ölkədə necə yaşamayasan?!. Baxıb görürsən ki, hakimiyyətdəkilər nəfəsi də onun üçün alırlar ki, bu, xalqa lazımdır, millətə lazımdır...
Həm də görürsən ki, hakimiyyətlə müxalifətin cəmiyyətə münasibəti tamamilə assimmetrikdir: hakimiyyət yalnız xalq üçün yaşayır, yalnız xalq üçün nəfəs alır, bəzən onları hətta seçkiyə gedib səs vermək əziyyətindən də azad edirlər ki, insanlara yük düşməsin...
Müxalifət isə, əksinə, düşünür ki, cəmiyyət onlar üçün yaşamalıdır. Hətta deputat mandatlarını da gətirib onlara evlərində verməlidirlər ki, birdən bizim müxalifət gücə düşər...
Bilmirəm, mənim növbəti sarkastik-ironik cızma-qaramı onlar necə qarşılayacaq? Amma mən onların hər ikisini çox sevirəm: bizim hakimiyyəti də, müxalifəti də çox sevirəm, çünki onlar bizimkidir, heç bir yerdə belə bir müxalifət, belə bir hakimiyyət yoxdur...
Amma bu ölkənin sakit olmayan üfüqləri də var. Onlardan ən birincisi də elə bizim Qarabağdır. Təsəvvür edin ki, orada yaşayan insanlar hər gün güllə səsi, tüfəng səsi eşidirlər...
Deyirlər ki, artıq adət etmişik. Amma nə qədər adət etsələr də, yenə də çətindi.
Bunu onlar özləri deməsə də, biz başa düşməliyik...
İndi BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı müzakirələr getməlidir. Bir şey gözlənirmi? Güman etmirik... Cənab Pan Gi Mun öz idarəsinin Qarabağla bağlı qəbul etdiyi sənədlərlə maraqlansaydı, çox yaxşı olardı. Amma maraqlanırmı?..
Çətin sualdır. Ümumiyyətlə, bu ölkənin problemlərinə azacıq baş vuran kimi dərhal başını tutursan ki, nə qədər qəlizdir, İlahi!..
Nə etmək olar? Görünür, bəxtimizə belə yazılıb. Əsas odur ki, bizim belə bir ayıq-sayıq hakimiyyətimiz və yamanca yatağan müxalifətimiz var...
Hakimiyyət bizi yatızdırır, özü isə işləyir... Kimin üçün işləyir? Əşi, bu, nə sualdır? Heç dəxli var?.. Əlbəttə ki, bizim üçün işləyirlər, bəli, mənim, sənin üçün işləyirlər...
O ki qaldı müxalifətə... Bəyəm müxalifət qalıb ki?.. Dedim axı hakimiyyət gecə-gündüz işləyir!..