Hər millət taleyini özü yazır...

5-10-2015, 21:46
0
Hər millət taleyini özü yazır...
Almaniyanın birləşməsindən düz 25 il ötdü. Adam indi hətta inana da bilmir ki, bu ölkə nə vaxtsa parçalanmış olub... Düzdür, ortodoks solçular hələ də bu mövqedədirlər ki, Qərb ilə Şərq arasındakı fərqlər silinməyib, Şərqi Almaniyada yaşayanlar hələ də özlərini qərblilərə bərabər tuta bilmirlər. Gəl, bu, bir o qədər də geniş yayılmış fikir deyil - Almaniya Almaniyadır, özünün iqtisadi gücü ilə dünyanı heyrətləndirən bir ölkədir...
Adam böyük millətləri araşdırmağa çalışır ki, bəlkə onların göstərdiyi möcüzənin təfərrüatlarını tam şəkildə olmasa da, qismən öyrənə və tətbiq edə bilsin...
Amma alnırmı? Təəssüf ki, yox. Bilirsiniz, insan da, millət də gərək bir az iddialı olsun. İnsan iddialı deyilsə, nəyəsə iddia etmirsə, çətin ki, ondan bir şey alınsın. Böyük sərkərdələr deyirdi ki, gərək general olmağı arzu edəsən ki, heç olmasa, yaxşı əsgər ola biləsən...
Millət də belədi. Millət iddialı olanda nəyəsə qadir olur. Almanlar həmişə iddialı millət olublar. Həmişə dünyanın mənzərisini dəyişməyə cəhd ediblər və son nəticə etibarilə buna nail də olublar. Düzdür, bu yolda iki dünya müharibəsindən keçmək lazım gəlib, amma nə etmək olar? Millətlər də elə insanlar kimidir - iddialılar bir az dalaşqan olur...
İndiki almanlar millətçi çağırışlardan əsasən ehtiyat edirlər. Ona görə ki, belə çağırışların o biri üzünü də görüblər. Məhz bu səbəbdən də deyirlər ki, biz heç bir halda dünya işlərinə qarşımaq istəmirik, bizim heç bir missiyamız-filanımız  yoxdur və s. və i. Amma həqiqətdə belədirmi? Güman etmirik. Ona görə ki, Almaniya dünya işlərilə indi Avropanı özünə sipər edərək məşgul olur və heç bir halda demək olmaz ki, bu ölkə dünya siyasətinin periferiyasındadır.
Niyə belə olur? Almaniyanın qüdrətinin açarı nədədir?..
F.Nitşenin adı bədnam olub. Amma ondan başqa A.Şopenhauer də olub, digər filosoflar da olub. Alman filosoflarının yazılarından yadımda qalan tək bir söz var: İRADƏ... Onlar bunu daha hansı kontekslərdə işlətmirdilər?
Biri hakimiyyət iradəsi deyirdi, o biri dünya iradəsindən bəhs edirdi... Demək ki, almanları irəli aparan yalnız bu oldu, bir qədər yanlışlıq olardı... 
Əslində boğazdan yuxarı deyilmiş fikirlər, sözlər bütün millətlərdə var... Amma heç də bütün millətlər almanlar kimi deyillər. Üç azərbaycanlı bir yerə düşəndə və ortalıqda bir araq şüşəsi də olanda deyirsən ki, daha bizdən qüdrətli millət dünyada yoxdur! Amma əmələ gələndə ortalıqda bir şey yoxdur...
Həyatımız boyu təbii ki, hamımız çox adamlar görmüşük. Mənim bir almanla söhbətim hələ də yadımdan çıxmır... 
O, dedi ki, biz bölünmüşük, mən də qayıtdım ki, bəs, elə biz də bölünmüşük. Söhbət gəlib birləşməyin üstünə çıxdı... 
Dedim ki, biz 150 ildən artıqdır ki, bölünmüşük və hələ də məlum deyil ki, nə vaxt birləşəcəyik?..
Alman o vaxt bir söz dedi. Dedi ki, yox, biz birləşəcəyik, özü də tezliklə birləşəcəyik! İndiki Almaniyaya baxıb düşünürəm ki, dedilər və birləşdilər!..
Əvvəldə iddialı olmaqdan bir-iki söz yazdım. Bizdə məhz iddia çatmır və bu, niyə belədir, doğrusu, mən bunun səbəbini bilmirəm...
Bəzən mənə elə gəlir ki, millətlər də cürbəcür olur. Məsələn, düşünürəm ki, biz “mətbəx milləti”yik... Mənim bu “bənzətmə”mi üzrlü sayın... Bəli, dadlı yeməyi, özü də bahalı qablarda yeməyi, mebeli - filanı, qərəz, məişəti həddindən artıq sevirik. Bütün ömrümüz boyu məişət problemlərinin əlindən yaxamızı qurtara bilmirik, məişət problemlərindən yuxarı qalxa bilmirk... Əvvəl özümüz üçün ev qururuq, sonra uşaqlarımız üçün bunu edirik, vaxt və imkan olanda hətta nəvələrimiz - nəticələrimiz üçün nəsə edirik...
Amma almanlar ayrı cür millətdir. Sovet vaxtı bir filmə baxmışdım. Bir alman kapitalisti haqda idi. Həmin alman oğluna zavodunu göstərərək deyirdi ki, bax, mən gündə cəmi on iki marka xərcləyirəm və bu, mənə bəs edir, bütün bu zavod isə Almaniya üçündür...
Doğrusu, hələ də bilmirəm, necə olmuşdu ki, sovetlər o filmi buraxmışdılar? Axı bizim təsəvvürümüzdə kapitalist bütün gün yeyib-içməklə, eyşi-işrətlə və əyləncələrlə məşğul olan adama deyirdilər...
Bəlkə də bəla da elə bizim təsəvvürlərimizdədir. Guya indi özümüz də kapitalizmdə yaşayırıq. Amma kapitalist deyəndə ağlımıza gələn ilk fikir bu olur ki, yəqin ki, bu adam böyük vəzifədə işləyir, çünki qazanmağın bir əsas yolunu bilirik - o da vəzifədir...
скачать dle 12.1