Məktəbimizin psixoloqu

9-10-2015, 06:12
0
Məktəbimizin psixoloqu
Bu yazının müəllifi ilk dəfə çayxanaya on birinci sinfin axır həftəsində gedib. Bu ilkə səbəb son zəng keçirmək üçün yer danışmaq oldu. Sinif uşaqlarının heç birinin evində bu məclisi təşkil etmək üçün uyğun şərait yox idi, şəraiti olanlar da razılıq vermirdlər. Kəndimizdəki çayxananın ərazisi böyük olduğuna görə qarara almışdıq ki, orda edək. Yazımızın əsas mövzusu bu olmadığına görə əlavə şərhə ehtiyac görürəm.
Bu ilk gedişin üzərindən bir il ötürdü ikinci gedişimdə. Ali məktəbə imtahan verib kəsilmişdim. Üzüntüdən, sıxıntıdan içki, siqaret dostum olmuşdu. Artıq sıx-sıx gedirdim. Utana-utana sıxıla-sıxıla hər gün özümsayaq avara dostlarımla yığılıb araqdan, pivədən gillədirdik. Bu da bir yana dursun, eşidəndə ki, kəndin ən itölən istiqamətində belə əsgərə gedən var və orada araqlı, çaxırlı məclis qurulub, özümüzü yetirirdik.
Bunları utana-utana, sıxıla-sıxıla edirdik. Amma edirdik. Onu da diqqətinizə çatdırım ki, bizim kənddə bu bir ilk idi. Çağırılmadığı yerə, tanımadığı qapıya ancaq dəlilər gedərdi, biz də ayaq açdıq, tam oldu. Adımıza min söz qoşurdular. Amma heç birini sizə demək istəmirəm, utanıram. Bircə onu deyəcəm ki, orda-burda bir qoca qarı, ağsaqqal kişi görəndə tüpürüb danlayırdı: “Köpəyuşağı, sizə qız verən olmayacaq. Özünüzə yığılın. Lap Əlyarın gününə düşmüsünüz. Çağırılmayan yerə getdiyiniz bir ayıb, içib şüvən qopardığınız iki ayıb”.
Bir haşiyə çıxım: Əlyar dəli idi. Axırıncı dəfə onu uşaqkən, bir qohum toyunda görmüşdüm. Ölübmü, qalıbmı, bilmirəm. Amma görünmür. O dönəm harda toy olsaydı, Əlyar orda başda oturardı. Yeyərdi, içərdi, gedəndə də ev yiyəsinin anasına söyüb çıxardı qapıdan. Bir adam da bir söz deməzdi.
...Artıq valideynlərimiz də başımızdan keçmişdi. 18-19 yaşımıza kimi biz də Əlyar kimi hansı qapıya getdiksə doyunca yedik, içdik. Bir adam da güldən ağır söz demədi. Hələ üstəlik, əsgərin atasına, bəyin xalasına söydük. Ürəyimiz soyumadı. Çayxanada çayçını söydük. Gahdan dava çıxdı, bizi qovladılar, gahdan bizi saya salıb içəri almadılar...
...Gün gəldi, biz böyüdük. Böyümüşük. Artıq çayxanalar, toyxanalar maraqsız gəlir. Çayxanalara seyrək-seyrək çıxırıq. Toya çağırılanda getsək belə, çox qala bilmərik. Xülasə..
İndi yerimizi özgələri tutub, deyəsən. 
Deməli, o gün bir toya dəvət almışam. Qapıdan girən kimi hörmətli adamlar sayaq qəbul edib yuxarı başa aldılar. Bir nəfər ortayaşlı adam dodaqlarını qulağıma dirəyib iki nəfər məktəb yaşlı oğlanı göstərdi: “Köpəyuşağı eşşək kimi içib. Özlərini apara bilmirlər, heç toya da çağırılmayıblar. Guya bəyin kiçik qardaşı ilə yaxındılar. Bəhanə eləyib bir həftə qabaqdan gəliblər. Düzdür, azdan-çoxdan işləyirlər. Ancaq təpələrinə dəysin işləməkləri. Qırmadıqları qab-qacaq qalmayıb. İki dəfə qovulublar. Yenə də əl çəkmirlər. Bunların savağı nolacaq? Dədələri, cijiləri nə düşünürlər görəsən?”.
Matım-qutum qurudu. Tanış duyğuydu. İçim birtəhər oldu. Qəribə hiss keçirdim. Az da özümü tutmasaydım, gözüm dolacaqdı. Uşaq ağlıma salıb elədiklərim unudulmuşdu. Nədən, həmişə çəpəki baxıblar. Bu qədər ağırlanmaq, bu qədər etibar sahibi olmaq içimi sıxdı doğrusu. Kişiyə cavab vermədim. Nə deyəydim axı? Özüm də o yolu keçmişəm.
Di gəl, indi bir şeyi xatırladım ki, onların etdiyi avaralığı edəndə mən əsgərliyə gedəcək yaşdaydım, bəlkə də əsgərlikdən dönəcək yaşda. Məktəbi filan bitirmişdim. İşim yox idi. İnsitutdan kəsilmişdim. Əsəbiydim. Bilirəm, bunlar yetərli səbəb deyil, amma tutunduğum bir əsas var idi. Amma o toyda gördüyüm uşaqlar heç məktəbi qurtarmayıblar. İndidən əllərində siqaret meydan sulayır, küncdə-bucaqda içib könül bulandırırdılar.
Yəqin axşam toydan çıxan kimi onlar çayxanaya da gedəcəkdilər. Orada da vuracaqdılar. Bir-iki nəfərlə də üz-göz olub saat 2-3-də evə gedəcəkdilər. Qapıda saçını süpürgə eləyib onları böyütmüş anaları gözləyəcəkdi. Bir-iki qarğayacaqdı. Amma çifayda... Səhər ayılan kimi həmən-həmən olacaqdı o uşaqlar.
***
Bu kimi məsələlər bir normal cəmiyyət üçün çox ciddi problemdir. Biz normal cəmiyyətdə yaşamadığımıza görə diqqət göstərilmir. Həlli üçün tədbirlər görülmür. Ola bilsin, ailədə bu kimi problemlərin aradan qaldırılması çətinlik törədir. Uşaqlıqdan ərköyün böyüdülüb, ya hər nəsə... indi də öhdəsindən gələ bilmirlər. Belədə məktəbli uşaqların yolunu azmaması, yaşına-başına uyğun olmayan hərəkətləri etməməsi üçün önləyici tədbirlər görülə bilər təhsil ocaqlarımızda.
Əlbəttə, bizim orta məktəb müəllimləri oxumadığını söyləyəcək. “Onun məktəbə gəlməyindən gəlməməyi daha məqsədə uyğundur”, - deməklə işini bitmiş hesab edəcək. Təbii ki, iş bununla bitmir. Belə ki, o müəllimlər uşaqların üzərində nəzarət etsələr, səhvlərini “başım ağrımasın”, - deyib ört-basdır etməsələr, vaxtlı-vaxtında valideynlərlə görüşüb söhbətləşsələr, müəyyən bir nəticə hasil olar. Misal üçün, mən özümdən götürürəm ki, oxuduğum on bir ildə bir dəfə də olsun valideynlər iclası nə olan şeydir, onu bilmədim. Eləcə də rayonda yerləşən məktəblərin bir çoxunda vəziyyət eyni cürdür.
Günü-gündən yarlı-yaraşıqlı, bərli-bəzəkli binalar tikilməsinə baxmayaraq, əminəm ki, təkcə yaşadığım rayonda deyil, ölkənin əksər orta təhsil müəssisələrində şagirdlərin üzərində nəzarət olması gərəkdiyində aşağı səviyyədədir. Bu da onun göstərir ki, atalar demiş, “əvvəlcə evin içi sonra çölü...” bəzədilməlidir. Yox, demirəm məktəb tikməyək. Tikək. Tikək də, bununla bərabər içində təhsil alan uşaqların cəmiyyətə layiqli vətəndaş kimi təqdim olunması üçün də lazımi addımlar ataq. Bundan öncə direktor və müəllimlərimizin layiqli olmasına çalışaq. Onların layiqli olması üçün də layiqli maaş kəsək. Normal maaş ala bilməyən müəllim bu bazar iqtisadiyyatı dövründə əlbəttə ki, əlavə gəlir yolları düşünməyə məcbur olacaq. Necə ki, düşünür. Düşündükcə də rüşvət alır, cib kəsir, başqa-başqa gəlirli sahələrə can atır...
P.S. Yadımdan çıxmamış onu da deyim ki, mən oxuduğum məktəbin psixoloqu olan kəs bir dəfə olsun gözümüzə görünmədi. Eləcə adını eşidirdik: Filankəs xanım. Bir də bilirdik ki, ildən ilə haqqımızda yaxşı pis nələrsə yazır gündəliyimizə. Məktəbi qurtarandan bir il sonra bildim ki, sən demə, həmən psixoloq xanım qonşum imiş. Amma bir dəfə məktəbə getdiyini görməmişəm.
P.P.S. Gec də olsa bütün vicdanlı, rüşvət almayan müəllimləri Müəllim Günü münasibətilə təbrik edirəm.
7 oktyabr 2014. Musavat.org
Hikmət Carçılı Orhun
скачать dle 12.1