Siyasətin iki Putini....

8-10-2015, 21:49
0
Siyasətin iki Putini....
Niyə görə bəzi siyasətçiləri eşitmək həmişə maraqlıdır? Elələri var ki, hazırcavab və orijinal adam təsiri yaratmaqdan ötrü dəridən-qabıqdan çıxsalar da onları heç kim sevmir...
Burada Polşaya birinci gedişimiz yada düşdü. Bizi parlamentə aparmışdılar. O vaxt bizə ön cərgələrdən birində oturmuş bir deputatı göstərdilər və dedilər ki, bu adam Lex Valensadır...
Heyrətlə ona baxırdım. Zarafat deyildi, qarşımda kommunizmin belini qırmış adamlardan biri dayanmışdı... 
O, mənim üçün həmişə maraqlı idi və mən bu marağı təkcə bu adamın inqilabi keçmişi ilə bağlamırdım...
Valensa adi bir fəhlə, elektrik idi. Amma prezident olanda intellektualları öz ətrafına toplaya bildi. Onda və eləcə də sonralar çox məşhur olan L.Baltseroviç də onunla idi...
Nədən birdən - birə bunları xatırladım? Bugünlərdə Lex Valensanın müsahibəsini oxudum. Etiraf edirəm ki, çoxdan belə müsahibə oxumamışdım - intellektualizm göz önündə idi, onu uydurmağa, nümayiş və göz gördü etməyə ehtiyac yox idi...
Valensa Rusiya müxalifətinə gözəl bir təklif vermişdi. Demişdi ki, siz intellektual sferaya keçin, intellektual elita ilə rabitə yaradın, göstərin ki, ölkə intellektualları sizinlədir, siz daha sadə və daha elmi təkliflər irəli sürə bilərsiniz!.. 
Qərəz, o, Rusiya müxalifətinə ağıllı mübarizənin yolunu göstərdi... Amma mənim üçün daha maraqlısı bu idi ki, görən, Lex Valensa V.Putin haqqında nə deyəcək?..
Bəli, demişdi. O demişdi ki, siyasətdə iki Putin var. Onlardan birinə qarşı mübarizə aparmaq, o birisinə isə kömək etmək lazımdır, çünki birinci Putin elə hey SSRİ üçün nostalji keçirir, elə hey SSRİ-ni bərpa etmək haqqında danışır, ikinci Putin isə sadəcə, öz ölkəsini gücləndirir, başa düşür ki, onun bu ölkəsi çox mürəkkəb ölkədir, daim parçalana bilər, o, da bunun qarşısını almağa cəhd edir...
Müsahibədə bir detal da mənim çox diqqətimi çəkdi. Bu detal həm ermənilərə, həm də Putinə böyük bir dərs ola bilərdi...
Valensa deyir ki, prezident olarkən Litvaya getmişdim. Orada insanlar məndən xahiş edirdi ki, sərhəddə buraxılış-keçid məntəqələrinin sayını artıraq ki, adamlar daha rahat hiss etsinlər özlərini...
Deyir ki, onda mən litvalılara dedim ki, siz nə danışırsınız, biz, ümumiyyətlə, sərhədləri götürmək istəyirik, mən velosipedlə Litvaya gəlib nahar etmək və balıq tutmaq, axşam da evimə qayıtmaq istəyirəm. Tezliklə elə belə də oldu, sərhədlər tamam götürüldü və litvalılar həmin söhbətin davamı ki, Valensaya bir velosiped bağışladılar ki, hansını ki, o, bu gün də saxlayır...
Müsahibədə Valensa bunları Krımla bağlı deyirdi. Onun fikrincə, indi tankla heç kim problem həll etmir, bunu yalnız Rusiyada edirlər...
Mən müsahibəni iki dəfə oxudum. Bir dəfə oxudum, sonra daha bir dəfə nəzərdən keçirdim ki, əsas məqamlar yadımda qalsın. Nə demək olar? Belə bir nəticəyə gəlməyə məcbursan ki, Avropada hətta adi elektrik də MDB məkanındakı siyasətçilərdən daha intellektual görünür... Həm də əsas bilirsiz nədir? Bilirsiz niyə onlar daha intellektual, daha ağıllı görünürlər? Ona görə ki, adi, sadə məntiq onların tərəfindədir. Bu insanlar sadə insan məntiqindən çıxış edirlər, “siyasi yanıltmaclar”la danışmırlar...
Ona görə də inandırıcı görünürlər. Valensa deyir ki, mənim atam müharibədə həlak olub. Əlavə edir ki, əgər bu gün baş verənləri ona danışsaydım atam bu dəfə infarktdan ölərdi, çünki o, inanmazdı ki, Almaniya ilə Polşa arasında heç bir sərhəd yoxdur...
Doğrudan da, indi dünyanın məntiqi budur. Siyasət də bu məntiqə söykənməlidir. Təsəvvür edin, bu məntiq Qafqazda da təsdiq olunsaydı bu qədər münaqişəyə, qan tökməyə ehtiyac olardımı?!.
Avropada niyə belə oldu? Ona görə oldu ki, hər şeyin başında insanı və onun maraqlarını qoydular, hər şeyi buna tabe etdilər...
Bizim siyasətçilər, keçmiş sovet məktəbini keçənlər isə avropalılar kimi maraqlı və inandırıcı görünmürlər, çünki daim yalan danışırlar, daim aldatmağa cəhd edirlər, onlara elə gəlir ki, insanlar siyasət haqda nə qədər az bilsələr, bir o qədər yaxşıdır...
Nəticəsi də bu günün keçmiş sovet məkanıdır. Necə deyərlər, hər şey göz önündədir. Bir məsəldə deyildiyi kimi: görünən dağa nə bələdçi? Məgər belə deyilmi?..
скачать dle 12.1