Siyasətçi ilə politoloqun, siyasətçi ilə filosofun düşüncə tərzində fərq olmamalıdırmı? Deyə bilərsiniz ki, siyasət adamlarının da söykəndiyi siyasi məntiq son nəticədə politoloqlar, filosoflar və iqtisadçılar tərəfindən hazırlanır. Prinsipcə, razıyıq. Amma yenə də fikirləşirik ki, sadaladığımız həmin o adamlar siyasətçilərlə müqayisədə mövcud siyasi konyunkturadan daha az asılıdırlar...
Nə gizlədək? Rusiyanın düşüncə adamlarının yazılarını diqqətdən qaçırmamağa çalışırıq. Bunlar bizlərə ona görə lazımdır ki, ölkənin yaxın və nisbətən yaxın gələcəyində hara səmt götürəcəyini təxmin edə bilək...
Amma hər dəfə bizi məyusluq, bəzən də peşmançılıq hissi bürüyür. Elə şeylər yazırlar ki, adam bunların hətta 21-ci əsrdə yazılmasına şübhə etməyə başlayır...
Rusiya çox iddialı dövlətdir və bu iddialarda məntiq də təbii ki, yox deyildir. Fəqət, görək, bizim iddialı Rusiya dünyanı, onun düzənini necə fikirləşir, necə təsəvvür edir?..
Etiraf edirəm ki, bu haqda düşünəndə adamın başı ağrımağa başlayır. Məsələ heç kimin necə fikirləşməsində də deyil, burada bir sərbəstlik və azadlıq olmalıdır. Amma insanın fikirləri işıqlı olmalıdır. Əgər fikir işıqlı deyilsə, bu halda o, nə qədər dərin olsa belə, ürəkləri nurlandırmır...
Amma əvvəlcə bir məsələni qeyd etmək istəyirəm, ona görə ki, o, bizə də görk ola bilər. Rusiyanın elm və sənət adamları mətbuatda çox tez-tez çıxış edirlər və hətta demək olar ki, konseptual mövzular tamamilə onların sərəncamındadır. Bizdə necədir? Mətbuat tamamilə jurnalistlərin öhdəsinə və sərəncamına buraxıldı, guya ki, mətbuatda çıxış etmək daha çox jurnalistlərin işidir, elm və sənət adamları daha “ciddi” işlərlə məşğul olmalıdırlar. Amma nədir bu “ciddi” iş? Özünüzü yormayın, heç bir iş yoxdur, bizimkilərin əslində deməyə və yazmağa sözü yoxdur ...
Nə isə. Qayıdaq rusların yazılarına. O gün bir yazını oxudum. Müəllif 19-cu əsr filosofu D.Danilevskinin fikirlərinə istinad edərək sübut etməyə çalışır ki, guya heç vaxt ümumbəşəri sivilizasiya olmayıb və olmayacaq da...
Bircə anlığa özümü rus dilindən, rus ədəbiyyatından, rus düşüncə tərzindən ayrılıqda təsəvvür etməyə çalışdım. Etiraf edirəm ki, dünya mənə çox darısqal və darıxdırıcı göründü...
İndi bircə anlığa fikirləşək ki, bizim əlimizdən qədim yunan miflərini və fəlsəfəsini, “İlahi komediya”nı, “Don Kixot”u, “Faust”u, “Hamlet”i və yaxud “Kral Lir”i alıblar. Bu halda dünya necə görünərdi? Cansıxıcı olmazdımı?..
Ümumbəşəri sivilizasiya nədir? Bunlar elə indicə sadaladıqlarım deyilmi? Son günlərdə həyatıma daha bir maraq rişə salıb. Bu günlərdə Nobel almış belarus yazıçısı S.Aleksieviç mənə çox maraqlı görünür. Həm də ona görə ki, çoxumuz onunla bir keçmişdənik. Bax, elə bunun özü ümumbəşəri sivilizasiya demək deyilmi?..
Mən ilk ədəbi “elektrik”i M.Lermontovun şeirlərindən almışam. İndi də həmişə hava bir az tutqun, bir az buludlu olanda yadıma bu şairin sətirləri, özü də gözəl sətirləri düşür...
Bu, mənə azərbaycanlı olmağa, azərbaycanlı kimi düşünməyə, Azərbaycanın mənafeyini hər şeydən üstün tutmağa, hətta Rusiyanı tənqid etməyə, qınamağa mane olmur...
Dünyanın elm və sənət inciləri bir material kimidir, bugünkü azərbaycanlı, gürcü, rus, ingilis və yaxud da belarus həmin materialdan yoğrulur, ondan hörülür. Bəli, “təmiz” material texnikada yüksək qiymətləndirilsə də, ictimai həyatda elə də təqdir olunmur və adamın ürəyini sıxır...
İnsanlar hər yerdə ziddiyyət axtarmağı sevirlər. Amma mən dialektikanı, onun kateqoriya və qanunlarını elə də sevmirəm, bir azacıq da metafizikəm. Mənə elə gəlir ki, müxtəliflik yaxşı bir mozaika kimidir, həm də tamdır... Etiraf edək ki, qrafik əsər nə qədər maraqlı olsa da ağ və qara rənglərin harmoniyası bizim bu narahat qəlblərimizi elə də təmin etmək iqtidarında deyil...
Amma müxtəlif rənglər - bu, tamam başqa məsələdir... Ona görə də mənə həmişə elə gəlib ki, bizim dünya yalnız xristianlardan və yaxud da bütpərəstlərdən ibarət olsaydı çox, olduqca maraqsız olardı. Eləcə də dünya yalnız slavyanlardan təşkil olunsaydı o, çox cansıxıcı olardı. Məgər Rusiyanın düşüncə adamları bunun fərqində deyilmi?..