Bəli, elə bir duruma gəlib çatmışıq ki, hətta kiçik bir tənqidi fikir belə bizə yeni nəfəs kimi görünür, çünki belə yazılarda bir anlamaq cəhdi olur ki, o da düşüncə və yazı adamları üçün olduqca qiymətlidir...
Bugünlərdə saytlardan birində maarifçiliklə bağlı çox maraqlı yazı oxudum. Həmin yazıda səslənən fikirlərin demək olar ki, hamısı ilə razıyam, amma gəl, razı olmadığım məqamlar da var...
Bəlkə də bir azacıq uzaqdan başlamaq daha düzgün olardı. “Qu quşunun yuvası üzərindən uçarkən” filmini xatırlayırısınızmı? Orada filmin qəhrəmanı deyir ki, mən heç olmasa, buna cəhd etdim...
İndi maarifçilik də elə məhz həmin “cəhd etdim” məsələsi kimidir, bir təsəllidir. Məgər bizim maarifçilər, tutaq ki, elə M.F.Axundov özünün məğlub olduğunu dərk etmirdimi? Məgər Axundovun özü demirdimi ki, nəsihətlə dünya düzəlsəydi, onda gərək iranlılar dünya millətləri içində ən öndə gedən və ən əməli-saleh millət olaydılar, çünki min ildir ki, cəmi İran əhli Şeyx Sədini oxumaqla - nəsihət oxumaqla məşğuldur...
Dedim ki, maarifçilik indi bizdə daha çox təsəllidir. Ən maraqlısı isə odur ki, digər üslublar, digər yazı tərzləri də bir nəticə vermir, deyilənlər, yazılanlar və göstərilənlər sanki quyunun dibinə gedir! Yada salın, bir vaxt deyirdilər ki, əgər müxalifətin televiziya imkanları olsa, çox şey dəyişəcək. Amma məhdud bir şəkildə olsa da, müxalifətin tele-efir imkanı, kobud şəkildə desək, televiziya ilə söymək imkanı yarandı. Amma bir şey dəyişmədi. Elə bu səbəbə görə yazıdakı bir fikirlə razıyam ki, siyasi sistem, bəli, tək hakimiyyət yox, elə siyasi sistemin özü dəyişməlidir...
Bu vaxta qədər Azərbaycanda da dəyişikliklər olub, amma bunlar yalnız hakimiyyət dəyişikliyi olub. Bizim, xüsusən də mənim çox öydüyüm 92-93-cü illərin hakimiyyəti də sübut edə bilmədi, insanları inandıra bilmədi ki, baş vermiş bir illik siyasi dəyişiklik təkcə hakimiyyət dəyişikliyi deyil, siyasi sistem dəyişikliyidir. Bəli, onlar da bunu edə bilmədilər, bəlkə də istəmədilər. Kim bilir, bəlkə də kreslo elə onlara da çox əziz göründü...
Ona görə də bir daha sual yaranır: niyə bütün səylər az qala bir dibsiz quyuya çevrilmiş bu ölkədə heç bir nəticə vermir? Niyə cəmiyyətlə əks-rabitəni itirmişik? Bəlkə günahkar müxalifətdir? Burada yadıma bu günlərdə Nobel mükafatı almış belorus yazıçısı S.Aleksieviçin öz ölkəsinin müxalifəti ilə bağlı dediyi bir fikri düşdü. O, deyirdi ki, Belarus müxalifətinin sıralarında kulturoloq, xəyalpərvər və hətta romantik adamlar çoxdur, amma ki, siyasətçi, bəli, siyasətçi yoxdur...
Bu fikri eynilə Azərbaycan müxalifəti haqda da demək mümkündür - onlar da siyasətdən başqa hər şeyi bacarırlar. Amma yenə də bütün günahı müxalifətin çiyinlərinə yükləmək istəməzdik. Düzdür, bir daha deyirik ki, onlara qarşı irad bildirmək üçün kifayət qədər əsas var...
Hərə onlara, eləcə də bütün zəif müxalifətlərə bir “resept” yazır. Elə bu günlərdə keçmiş Polşa prezidenti Lex Valensa da Rusiya müxalifətinə maraqlı təkliflər vermişdi. O, da deyir ki, özünüzün hakimiyyətdən intellektual üstünlüyünüzü sübut edin, ölkə elitası ilə, daha doğrusu, intellektual elita ilə rabitə yaradın, göstərin ki, siz problemlərin daha elmi və daha intellektual həllini bilirsiniz, onda cəmiyyət sizlərə tərəf dönəcək...
Prinsipcə, bu iradla da razılaşmaq olar. Azərbaycan müxalifətinin də intellektual durumu ürəkaçan deyil. Amma bu, o deməkdirmi ki, ölkədə ona görə heç nə baş vermir ki, müxalifətin öz Marksları, Leninləri yoxdur? Bəlkə də bunun da haradasa təsiri var, amma güman edirik ki, o, həlledici olsun...
Bəs əsas səbəb nədir? Odur ki, cəmiyyətimiz olduqca zəifdir. Bizim insanlar daha az müqavimət tələb edən “trayektoriyalar” seçməyə çox meyllidirlər...
Təsəvvür edin, hakimiyyət ilk dəfə korrupsiya haqqında guya ki, ciddi danışmağa başlayanda insanların arasında böyük məyusluq yaranmışdı. Bəlkə də inanmazsınız, amma onlar deyirdi ki, əşi, pulumuzu verib problemimizi həll edirdik, indi nə edəcəyik? Fəqət, xoşbəxtlikdən, ya da ki, bədbəxtlikdən çox tez bir zamanda belə məlum oldu ki, hakimiyyətin korrupsiya haqqında dedikləri növbəti şüardan savayı bir şey deyilmiş və buna əmin olan insanlar sanki rahatlıq tapdılar...
Bunu niyə deyirəm? Məsələ bundadır ki, cəmiyyətimiz təkcə zəif deyil, o həm də mənəvi devalvasiyaya məruz qalıb, açığı, biz bir az deqradasiya olunmuşuq, dəyərlər və onların ierarxiyası aşınıb. Ona görə də heç nə alınmır. Maarifçiliyə qapılmaqda da ümid budur ki, bəlkə heç olmasa, bu yolla bunları yoluna qoymaq, mənəvi saflaşmaya təkan vermək mümkün oldu...
скачать dle 12.1