Rusiya mətbuatının çox uğurla Belarusbaşı adlandırdığı A.Lukaşenko cənabları növbəti dəfə prezident oldu. Bəli, həqiqi seçkinin nə olduğunu bilməyənlərə “deputat oldu” və ya “prezident oldu” demək daha düzgün olardı, çünki onlar seçilmirlər, məhz olurlar...
Amma bu seçkiyə Lukaşenko xüsusi səylə hazırlaşırdı. Onun fikrincə, bu, ilk seçki idi ki, onun “qələbə”si hətta Avropanın demokratiya institutları tərəfindən etiraf olunacaqdı...
İndi biz Avropa institutlarının nə düşündüyünü deyə bilmərik və onların əvəzinə danışmaq səlahiyyətimiz də yoxdur, amma Lukaşenkonun legitimliyinə çox böyük şübhəmiz var, çünki ölkəni özünün “seçilməsi” üçün “yararlı” vəziyyətə gətirmək məqsədilə bu adam düz 21 il “çalışıb”...
Bəli, düz 21 il beloruslar Avropada bir “avtoritar ada” kimi yaşayıblar. Düzdür, son vaxtlar hətta Avropa liderlərinin də yolu Minskdən düşürdü və bu dəyişiklik Lukaşenkonu növbəti “qələbə”yə bir az da ruhlandırırdı. Amma hər halda, yaxın günlərdə Avropa liderlərinin bu xüsusda nə düşündüyü bilinəcək...
Bizi isə başqa bir predmet məşğul edir. Azacıq tarix üçün yaşamaq predmeti.... Başa düşürük, siyasətçilərin əksəriyyəti daha çox “Yer adamı” olurlar, bir o qədər də yüksək materiyalar haqda düşünmürlər...
Amma düşünürsən ki, böyük bir uğurla ömürlük prezident ola biləcək filankəsi bundan imtina etməyə nə vadar etdi? Təkcə yorğunluqmu? Təkcə öz fermasına çəkilib asudə həyat sürmək istəyimi?
Və yaxud da baş nazir olarkən bütün sənədlərin özü üçün surətini çıxarmağa və sonra da 20-ci əsrin ən gözəl salnamələrdən birini yazmağa filankəsi nə vadar edirdi? Bəlkə yalnız böyük qonorarlar almaq istəyi?
Mən qəsdən bu adamların adını çəkmədim. Güman ki, diqqətli oxucu dərhal söhbətin kimlərdən getdiyini başa düşcək... Adları həm də ona görə çəkmədik ki, bəzən artıq bir qəlibə çevrilmiş tarixi nümunələr insanları bezdirir...
Fəqət, bir məsələ var, biz istəsək də, istəməsək də tarix bəşəriyyətlə birgə davam edəcək, bəşəriyyəti sona qədər müşayiət edəcək. Bəlkə də heç vaxt bir kiçik dövlət postu belə tutmayan adamın siyasətçiləri hansı motivlərin hərəkətə gətirdiyini başa düşməməsi elə də təəccüblü deyil. Bəlkə də bu, adi bir tamahdır və yaxud da qeyri-adi hakimiyyət hərisliyidir...
Amma düşünürsən ki, hər bir siyasətçi öz nəvə-nəticələrinə həm də başqa bir kapital qoyub gedə bilər - tarix kapitalı, bəli, məhz tarix kapitalı...
Ona görə ki, bəzən “O, filankəslərdəndir!” cümləsi böyük bir sehrə, cazibəyə malik olur. Düzdür, demokratik ölkələrdə belə yanaşma bir o qədər də təqdir olunmur, amma onun insanlara təsirini tamamilə istisna etmək də olmaz...
Təbii ki, hər şeyi hansısa siyasi liderlərin mənəvi-əxlaqi keyfiyyətlərinə bağlamaq da düzgün deyil. Bunu da etiraf edirik. Ən azı ona görə ki, qoca Şərq düz min ildən artıqdır ki, tarix və cəmiyyət, tarix və bəşəriyyət qarşısındakı məsuliyyətini dərk edən adil və aqil hökmdar yetişdirməyə cəhd edir və hələ də yetişdirə bilmir...
O fikri də qəbul edirik ki, bir çox hallarda siyasətçini bu və ya başqa cür olmağa siyasi sistem, cəmiyyət özü vadar edir. Amma avtoritar siyasi sistemin bu cərgədə öz məxsusi yeri var - belə sistemlərdə kimsə iradə nümayiş etdirərək böyük tarixi missiyanı yerinə yetirməlidir...
İndi bir ad çəkəcəm, bəlkə bu, bir qədər mübahisəli görünəcək. Bu adı həm də ona görə çəkmək istəyirəm ki, tarix tərəfindən yüzə-yüz qəbul olunan liderlərin misal kimi göstərilməsi də bəzən insanları qeyzləndirir, onlar bir ağızdan “Əşi, o filankəs idi!” deyirlər...
Amma mən Eduard Şevarnadzeni yada salmaq istəyirəm, çünki o, hamımıza bir köynək yaxındır - həm bizimlə ortaq siyasi keçmişi bölüşdüyünə görə, həm də eyni taleli qonşu bir ölkəni idarə etdiyinə görə. Bəli, bu adam iki dəfə gürcülərin çağırışına cavab verdi.
Rəqibləri “Onun hakimiyyəti Tbilisidən o tərəfə getmirdi!” desələr də, o, Gürcüstanı tamamilə dağılmaqdan xilas etdi...
İkinci dəfə isə cəmiyyətin iradəsinə zidd getmədi, hətta özünə qarşı yönələn və hakimiyyətdən getməsinə səbəb olan inqilab haqqında “Bizim inqilabımız ən gözəl inqilab idi!” deyə bildi. Bəli, bir daha deyirik ki, o, bunu elə inqilab haqqında demişdi ki, məhz onun nəticəsində özü devrilmişdi...
Sonralar nə oldu, nə olmadı, bu, başqa məsələdir. Sonrakıların məsuliyyəti artıq gürcülərin öz boynundadır...