Sistem böhranından çıxış yolu varmı?

17-10-2015, 10:20
0
Sistem böhranından çıxış yolu varmı?
Rəsmi Bakı sistemli böhranın uzaqda olmadığını dərk edir. Bir yandan iqtisadi böhran, digər tərəfdən diplomatik müstəvidə xeyli problemlər yaşamaqdadır.
Hazırda istər Qərb, istərsə də Rusiya rəsmi Bakıya təzyiqlərini davam etdirir. Son 20 ilin ən ciddi hakimiyyət böhranının mövcudluğu isə vəziyyəti xeyli dərəcədə ağırlaşdırır. Bir sözlə, “əsəb müharibəsi” artan xətt üzrə inkişaf edir.
Bütün bu amillər Bakını islahatlara getməyə və təkamül yolu ilə əsaslı dəyişikliklərə nail olmağa sövq edir.
Baxmayaraq ki, Rusiya artıq MDB məkanında alternativ siyasi qüvvələrin mövcudluğunu bəyan edir, Qərb sərt addımlardan hələ də çəkinir. Nəzərə alaq ki, Rusiyanı qabaqlamaqdan ötrü Qərbin “Yaxın Şərq dərsləri”ndən öyrəndiyi təcrübə mövcuddur və bu dəfə bu ssenari Bakıda həyata keçirilə bilər. Qərbin bu soyuqqanlı davranışı hansısa məlumatlara malik olmaq təsiri bağışlayır. Ehtimal etmək olar ki, müxalifətin, ziyalıların iştirakını nəzərdə tutan və post-prezident seçkiləri dövrünə hesablanmış komandanın yaradılması və danışıqların getməsi bu dərəcədə soyuqqanlı davranışa əsas verir.
Göründüyü kimi, bir tərəf “ərəb baharı” təhdidi ilə Qərb, digər tərəf isə hərbi təhdidlə Kreml rəsmi Bakını güzəştlərə vadar edir. Son nəticədə Qərb və Rusiya vahid məxrəcə gələ bilərlər. İstənilən halda, Azərbaycanda əsaslı dəyişiklər üçün zəmin yaradılır.
Hər iki tərəfin təzyiqləri son nəticədə danışıqlarla başa çata bilər. Bu baxımdan, bəzi məmurların da danışıqların iştirakçısı olması Qərb və Rusiyanın birgə layihəsi kimi də dəyərləndirilə bilər.
Bu məsələdə “əsas hakim” kənar qüvvələrdir və onlara qarşı barışmaz mövqe nümayiş etdirmək yanlış olardı.
Bir sözlə, Azərbaycanda siyasi islahatlar və təkamül yolu ilə dəyişiklik nəzərdə tutulur. Bu, yaxın illər ərzində tədricən həyata keçirilə bilər. Əsəb, emosiya, düşünülməmiş radikallıq fayda verə bilməz. Hakimiyyət dəhlizlərində ciddi boşluq yaranır. Kadr dəyişikliyi və harın məmurların həbsi qaçılmaz görünür. Lakin prezident  parlament seçkiləri öncəsi hansısa köklü dəyişikliklərə gedə bilməz və komandasını indiki qeyri-sabit şəraitdə qətiyyən dəyişə bilməz. Sadəcə, regionlarda sosial narazılıqlar artmaqdadır. Bu baxımdan siyasi elita hansısa çıxış yolları tapmaq istəyir və komandasını dəyişəcəyi mesajı ilə cəmiyyətə ünvanlanan çıxışlar etməyə başlayır. Hazırkı mərhələdə məmurlardan dərhal azad olmaq domino effektinə səbəb ola bilər və iyerarxiyanın çöküşü ilə sonuclana bilər. Seçki ərəfəsində belə addım atmaq risklidir. Seçkidən sonra isə bir-sıra nazirlərin cəzalandırılacağı qaçılmazdır. Lakin bir neçə naziri cəzalandırsa Azərbaycanda vəziyyət müsbətə dəyişəcək.
Sistem dəyişilməyincə, çox ciddi siyasi, sosial və iqtisadi islahatlar aparılmayınca, Azərbaycanda köklü dəyişiyin ola biləcəyi ehtimalı böyük deyil.
Bu gün yaranan vəziyyət 2005-ci ildə seçki ərəfəsində olan durumu xatırladır. O zaman birbaşa bu hakimiyyətə qarşı çıxan iki nazir və bir neçə məmur həbs olundu. Seçkidən dərhal sonra isə nazirin mühüm hissəsi yeniləşdi. Maliyyə, iqtisadi inkişaf, əmək və əhalinin sosial müdafiə, Gənclər və idman, mədəniyyət nazirləri, habelə Dövlət Neft Şirkətinin prezidenti dəyişdirildi. Bir sözlə, kifayət qədər komanda yeniləndi. Bu dəfə də eyni situasiya yaranmaqdadır. Vəziyyət anlaşılandır. Hakimiyyətə sistem böhranı baş verib. Odur ki, ehtimal edə bilərik ki, belə bir vəziyyətdə, yəni hakimiyyətdaxili mübarizənin getdiyi fonda bu və ya digər nazirləri vəzifəsindən uzaqlaşdırması asan deyil, lakin mühümdür. Odur ki, parlament seçkisindən dərhal sonra Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklərin ola biləcəyi ehtimalı heç də az deyil...
скачать dle 12.1