Avropa Birliyi tələsmirmi?

16-10-2015, 14:22
0
Avropa Birliyi tələsmirmi?
Belarusda sonuncu seçki bülleteni qutuya salınmamış Avropa institutları ölkədəki son seçkiləri irəliyə doğru böyük bir addım elan etdi. Bundan sonra isə bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyaların götürülməsi gündəmə gəldi...
İndi böyük ehtimalla sanksiyalar götürüləcək. Amma bəzisi bunun artıq bu il, digərləri isə növbəti ildə baş tutacağını deyirlər...
Doğrusu, biz deyə bilmərik ki, sonuncu prezident seçkisi standartlara nə qədər cavab verdi?
Amma avropalılar seçki günündəki sabitliyi diqqətə gətirirlər. Bu isə həmişə olmurdu - Belarusda həmişə seçki ərəfəsində və seçkidən dərhal sonra böyük etirazlar və buna cavab kimi də həbslər olurdu. Bu dəfə isə hər şey çox sakit keçdi...
Amma indi də A.Lukaşenko səslərin səksən faizindən çoxunu qazandı. Ola bilsin, bunun özü də seçkinin heç də qaydalara uyğun keçmədiyinə bir işarədir. Necə olur ki, avtoritar liderlər öz cəmiyyətlərinin bu qədər dəstəyini ala bilirlər? Doğrudanmı, onlar öz insanları arasında bu qədər populyardırlar?..
Bəli, bu suallara hələ uzun müddət cavab tapılmayacaq. İndilik isə aydın olanı budur ki, Avropa ölkələri və institutları Belarusa qarşı taktikanı dəyişmək istəyir...
Bəlkə də onlar gördü ki, bu ölkəyə qarşı sanksiyalar bir nəticə vermir. İndi bir qədər başqa siyasət yürütmək və A.Lukaşenkonun legitimliyini tanımaqla onu islahatlara təhrik etmək istəyirlər.
Avropa Birliyinin siyasətinə həm də Belarusu Rusiyadan qoparmaq istəyi də daxildir. Amma əksər müşahidəçilər bunu da qeyri-mümkün hesab edir, çünki ölkə Rusiyaya çox bağlıdır və sonuncu hər il Belarusa təkcə enerji daşıyıcıları şəklində 10 milyard dollar yardım edir...
Amma avropalılar ümidini itirmir. Onlar belə hesab edirlər ki, əgər indi Lukaşenkonu müəyyən addımlara təhrik edə biliblərsə, onu siyasi məhbusları azad etməyə razı sala biliblərsə, deməli, bundan sonra da nəsə etmək mümkün olacaq...
Təbii ki, A.Lukaşenko da tamamilə Rusiyanın adamı deyil. Avropa ilə Rusiya arasında qalan bu adam daha çox bu iki “arakəsmə” arasında manevr etməklə və bu yolla da hakimiyyətini qorumaqla məşğul idi. 
İndi Avropa ona qarşı siyasətini dəyişir, bu isə A.Lukaşenkoya Rusiyadan bir az məsafə götürməyə imkan verəcək...
Amma biz bu siyasətin effektiv olacağına həm də ona görə şübhə edirik ki, uzun müddət Azərbaycanda da məhz belə siyasi xətt yürüdüldü. Bütün seçkilər “irəliyə doğru addım” adlandırılırdı. Halbuki Azərbaycanda keçirilən seçkilər nəinki standartlara cavab vermirdi, onları hətta seçki adlandırmaq da düzgün deyildi... Düzdür, hər dəfə bir addım atılırdı. Amma hansı istiqamətə? Məsələ də bundadır...
Avropanın təxminlərinə görə biz artıq demokratik ölkədə yaşamalı idik. Gəl, bu müddət ərzində Azərbaycan nəinki Avropa ölkəsi olmadı, hətta Qafqazın Özbəkistanına çevrildi...
Elə bu səbəbdən Avropanın Belarusa yönəlik siyasəti bizdə yalnız ironiya doğurur. Sadəcə, bircə təsəlli var ki, Belarus bir daha göstərir ki, avtoritarizm heç də sırf islam fenomeni deyil, ona görə də bu ölkədəki vəziyyəti izah etmək üçün nə sivilizasiyaların incəliklərinə baş vurmaq lazımdır, nə də onun əlahiddə coğrafi mövqeyini çözmək. Hər şey olduqca sadədir - Belarus tipik xristian ölkəsidir, özü də az qala Avropanın göbəyində yerləşir...
Fəqət, cəhd ruslar demişkən, işgəncə deyil. Qoy, Avropa Belarusdan demokratik ölkə, Lukaşenkodan isə demokratik lider düzəltməyə çalışsın. Biz isə onu bilirik ki, ədəbiyyat üzrə bu ilki Nobel mükafatını belarus yazıçısı aldı. Ən diqqətəlayiq cəhət isə o idi ki, Nobel mükafatı almış yazıçı S.Aleksieviçin çoxsaylı mükafatları arasında bir dənə də olsun Belarus mükafatı yox idi...
Fəqət, yenə də Avropaya “psixoloji şans” vermək istərdik. Qoy, cəhd etsinlər. Bir şey alınarsa onu burada da, Azərbaycanda da tətbiq edərlər...
Amma bir qorxulu tendensiya var. İctimai rəylə oynamaq bir az risqlidir, xüsusən də Avropada. Bir gün avropalılar öz siyasətçilərinə “Səhər Lukaşenko cənablarına diktator, axşam isə demokrat deyirsiniz!” deyə irad tutmayacaqlarımı?
Nə demək olar? Hər halda, bu, bizim qayğımız deyil. Nə cavab verəcəklərini və necə cavab verəcəklərini avropalı siyasətçilər özləri tapmalıdır...
Bizim arzumuz isə budur ki, kaş Avropanın yeni Belarus siyasəti elə bir universal və təsirli vasitə olaydı ki, onun köməyi ilə bütün avtoritar rejimləri islah etməyin çarəsi tapılaydı...
скачать dle 12.1