Ölkədə nə baş verir?

24-10-2015, 02:01
0
Ölkədə nə baş verir?
Qərb və yaxud Rusiya siyasi dairələri ilə separat danışıqlar aparılıbmı?
MTNətrafında baş verənlər digər nazirliklərdə də zəlzələ effekti yaşana biləcəyini ehtimal etməyə əsas verir. Belə ki, ölkədə heç bir nazir və məmur yaxın dövr üçün öz postlarını qoruyub saxlaya biləcəyinə əmin deyil. Bu baxımdan, seçki öncəsi hakimiyyət daxilində “kompromatlar savaşı” günü-gündən dərinləşir. Bu isə ona gətirib çıxarıb ki, hər bir məmurun taleyi istənilən an həll edilə bilər. Dövlət başçısı anlayır ki, əhalinin mühüm kəsimi məmurlardan narazıdır. Sadə vətəndaşlar kadr dəyişikliyi və islahatların aparılmasını gözləyirlər. Bir tərəfdən də xarici təzyiqlər prezidenti irimiqyaslı addımlar atmağa sövq edir. 
Son hadisələr də sübuta yetirdi ki, ölkədə kadr islahatları zəruridir. Mövcud komanda ilə seçkiyə getmək, uğur qazanılacağı təqdirdə belə ciddi problemlər deməkdir. Odur ki, iqtidar hansısa addımları atmağa, həddən ziyadə şişmiş məmurlara “qırmızı vərəqə” göstərməyə məhkumdur.
Lakin siyasi hakimiyyət ondan ehtiyat edir ki, yaranmış vəziyyətdə hakimiyyətdaxili qruplaşmaları zərərsizləşdirmək də təhlükəli ola bilər. Bu baxımdan, özbaşınalıqları ilə hamını təngə gətirmiş məmurların cəzalandırılması, lakin oliqarxların maraqlarının nisbətən saxlanılması çıxış yolu kimi dəyərləndirilə bilər. Burada məsələ heç də kiminsə “qırmız vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir. 
Əks təqdirdə, hakim elita özü bütövlükdə iflasa uğraya bilər. Nəzərə alsaq ki, seçkilərin vaxtı yaxınlaşdıqca daxili savaş daha da qızışır, qabaqlayıcı tədbirlərin görülməsi qaçılmaz görünür. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyi həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilə bilərdi. Lakin korrupsiyalaşmış məmurlar islahatlara əngəldir. Digər tərəfdən, islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir. 
Siyasi məhbuslar ordusunun yaradıldığı, müxalifətin bütün resurslardan məhrum edildiyi bir zamanda belə islahatlara getməyə iqtidar risk eləmir. Odur ki, islahatlara kompleks şəkildə yanaşılması, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb. Lakin məmurların cəzalandırılması yalnız etimad limitinin bitməsi ilə bağlı deyil. Görünür, iqtidarda hansısa məmurların Qərb və yaxud Rusiya siyasi dairələri ilə separat danışıqlara getməsi barədə məlumatlar olub. Son həbslər də elə bu rakursdan təhlil edilə bilər. Belə ki, ən müxtəlif məlumatlara görə, ayrı-ayrı məmurlar Qərb siyasi dairələri ilə (eyni zamanda Rusiya ilə) Azərbaycanın gələcək siyasi taleyi ilə bağlı danışıqlar aparılıb.  Ehtimal edə bilərik ki, məhz bələ danışıqların aparılması barədə İlham Əliyevə məlumat ötürülüb. İstisna deyil ki, gündəmdə dövlət çevrilişi cəhdi də olub. Bir sözlə, dövlət başçısı qarşısında belə bir dilemma yaradılıb - ya komanda dəyişir, ya prezident özü postundan getməli olur. Qarşıdan isə dördüncü prezidentlik gəlir. Korrupsiyaya uğramış və xəyanət etmiş məmurları qara siyahıya salmaqla İlham Əliyev dördüncü prezidentliyinə “yaşıl işıq” yandırılması istiqamətində addımlar atdı. 
Qarşıdan parlament seçkiləri gəlir. İstənilən halda İ.Əliyev iqtisadi və demokratik islahatlar aparmalıdır. Ehtimal etmək olar ki, parlament seçkilərindən dərhal sonra mövcud məmurların böyük bir hissəsi öz postları ilə vidalaşmalı olacaqlar. İctimai rəydə iflasa uğrayan, korrupsiya simvolu kimi tanınan məmurların işdən azad olunmasında İ.Əliyev özü də maraqlıdır. Qeyd edək ki, “MTN qalmaqalı” ilə ölkə rəhbəri siyasi dividentlər qazana bildi. 
Daha bir maraqlı məqam var. Azərbaycan cəmiyyəti kadr siyasəti zamanı prioritet sayılan regionçuluq amilindən təngə gəlib. Bu sahədə mühüm irəliləyişlər olmayacaqsa, hakim elitadan narazıların sayı durmadan artacaq. Odur ki, irəli çəkiləcək kadrların gənc və müxtəlif bölgələrin təmsilçilərindən ibarət ola biləcəyi ehtimalı xeyli dərəcədə yüksəkdir. Bu isə hakim klanda parçalanma ehtimalını xeyli dərəcədə artırır. Bir sözlə, qarşıdan gələn mərhələnin iqtidar üçün böyük problemlər yaşadacağı ehtimalı yüksəkdir. Azərbaycanı olduqca maraqlı dövr gözləyir...
скачать dle 12.1