Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov nazir vəzifəsindən azad olunması, əslində, heç də təəccüblü qarşılanmalı deyil. Çünki E. Mahmudov 10 ildən çox idi ki, bu vəzifəni tuturdu. Ancaq təbii ki, onun vəzifədən uzaqlaşdırılması bu postda uzun müddət qalması ilə bağlı deyildi. Ən azı ona görə ki, hazırda Azərbaycan iqtidarında ondan da uzun müəddətdir vəzifədə olan məmurlar var...
Görünür, elə bu səbəbdən də bu hadisə cəmiyyətdə ciddi rezonans doğurdu və müxtəlif şaiyələrə yol açdı. Bəzi mətbu orqanlar yazdı ki, guya, qudası Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə birgə hansısa qanunsuz maliyyə əməliyyatı apardığı üçün vəzifədən alınıb. Başqa bir mətbu orqan iddia etdi ki, guya, qonşu ölkənin baş kəşfiyyatına işləyirmiş... Bir başqası isə yazdı ki, saray daxilində “çevriliş planı” hazırlanırmış, üstü açılıb və nəticədə E.Mahmudov nazir postundan uzaqlaşdırılıb. Hətta bu məsələ ilə bağlı bir neçə generalın həbs olunduğu da söylənilir...
Əslində, bütün bunlar şaiyə də olsa, hər bir xəbərin arxasında müəyyən həqiqətlər də ola bilər. Məsələn, fakt odur ki, Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dönəmdə külli miqdarda pul yoxa çıxıb. Onu da qeyd etmək yerinə düşər ki, Beynəlxalq Bankın əsas səhmləri dövlətə, yəni millətə məxsusdur! Bu o deməkdir ki, xalqın pulları bir qrup oliqarx tərəfindən talan edilib.
Bəli, çox ağır da olsa deməliyik ki, bütün bunlar acı həqiqətdir! Həm də, bu pullar təkcə bir bankın rəhbərliyi tərəfindən oğurlanmayıb, hakimiyyətdə vəzifə tutan şəxslərin çoxu talançılıqla məşğuldur!
Cənablar, dövlətimizi çökdürməyi qarşıya məqsəd qoymusunuz? Axı, bu dövlətin yaranması və qurulması üçün minlərlə vətən övladı şəhid olub. Siz öz talançılığınızla həmin şəhidlərin ruhunu təhqir edirsiniz...
Əslində, “çevriliş planı” az inandırıcı olsa da, bunu da istisna etmək olmaz. Çünki bu hakimiyyətin indiyə qədər bir məqsədi olub: müxalifəti sıradan çıxarmaq. Bunu anlamırdılar ki, müxalifət sıradan çıxanda tərəzinin tarazılığı pozulacaq, daxildə müxalifət olacaq. Xüsusilə haram milyonlara yiyələnmiş oliqarx-məmurlar bir gün hakimiyyətin başına bəla olmalıydı...
Bəli, belə qəbul edək ki, bu iqtidar müxalifəti artıq sıradan çıxarıb. Bəs sonra? Bu cür idarəetməyə, edilən haqsızlıqlara xalq sonadək dözəcək? Xeyir, cənablar! Hər bir haqsızlığın sonu var. Bir gün bu haqsızlığa xalq dözməyəcək. Onda başsız kütlə ayağa qaxacaq və qarşısına çıxanı ağına-bozuna baxmadan silib-süpürəcək!
Lakin çox təəssüf ki, o halda baş verənlərin fəsadlarını təkcə iqtidardakılar deyil, bütövlükdə xalq çəkəcək. Nəticədə dövlətçiliyimiz də təhlükə qarşısında qalacaq. O halda kim qazanacaq? Heç kim! Əgər bunu qəbul ediriksə, bəs nə üçün ölkədəki rəzalətin qarşısı alınmır? Axı, kimsə özünə sual verirmi ki, elə böyük fabrik və zavodları olmayan bir ölkədə yüz milyonlar və milyardlar hardan qazanılır? Pulun hardan qazanılmasının mənbəyi olmalıdır. Əgər belə qazanc mənbəyi yoxdursa, deməli, ölkədə talançılıq hökm sürür.
Belə hallar nə qədər mövcuddursa, biz nə dövlətçilikdən, nə də hüquqi sistemdən danışa bilərik. Amma hələ vaxt var. Heç də gec deyil. Təcili islahatlara başlamaq gərəkdir.
Sözsüz ki, talançı məmurlar bizi eşitməzlər. Çünki Rəbbimiz “Qurani-Kərimdə” Bəqərə surəsi 286-cı ayədə buyurur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir”!
Nə etmək olar, bəlkə bizim millətimizin bəxtinə yazılıb ki, təbii sərvətlərdən bəhrələnməsin. Axı bu təbii sərvətlər Rəbbimizin bizə lütfüdür. Ayrı-ayrı şəxslərə deyil, bütövlükdə xalqa məxsusdur.
P.S. Sonda onu da qeyd edək ki, hakimiyyətin illərdir sıradan çıxarmaq istədiyi müxalifət bu xəbərdarlığı hər zaman qarşı tərəfin diqqətinə çatdırıb. Ancaq iqtidar başbilənləri hər zaman eşitməz olub!