Bir ümid yağışı...

27-10-2015, 21:35
0
Bir ümid yağışı...
Bu il qışın sərt keçəcəyini deyirlər. Dünyanın başqa ölkələrində insanlar buna bir təbiət və fəsil mənası verərkən biz bunda həm də siyasi, ictimai, son vaxtlar isə eləcə də iqtisadi motivlər aramalı oluruq. Hər şey bir tərəfə, gələn il ölkənin maliyyə-iqtisadi durumunun necə olacağını heç kim, o cümlədən də bu işə cavabdeh olan hökumət özü də bilmir...
Amma bir məsələ var ki, iqtisadi çətinliklər ölkəyə, necə deyərlər, selektiv və differensial yanaşmırlar, onlar hamı üçün eyni dərəcədə problemdir. Amma ki, siyasi problemlər cəmiyyətin yalnız bir kəsimi üçün aktualdır...
Bəli, növbəti ildə artıq yeni parlament işə başlayacaq. Təbii ki, əgər ona yeni demək mümkün olacaqsa. Və biz hamımız avtoritar siyasi sistemin daha bir və bəlkə də daha çətin həlqəsini yaşamalı olacağıq. Bu sistemin yenə də cabalamasının şahidi olacaq, onun özəl, özünəməxsus problemlərilə vuruşmalı və çarpışmalı olacağıq...
Bir neçə dəfə yazmışıq ki, avtoritar sistemin bütün resurslarından istifadə edilib bu ölkədə. Artıq o, tükənib, lap köhnə sovet maşını kimidir. Amma onu yenisi ilə əvəz etməyi düşünmürlər, köhnə avtomobilin sükanını əlində saxlayanlar onu hələ də həyatın daşlı-kəsəkli yolları ilə qovmaqdadırlar. Bizi narahat edən odur ki, avtroitar siyasi sistemin ağırlığını daha çox azadlıq istəyən adamlar hiss edirlər. Başqaları iqtisadi azadlıqların az olmasından, bir çox hallarda inhisarçılıqdan və korrupsiyadan gileylənə bilərlər. Amma siyasi mənsubiyyəti olanlar bütün bunları bir vətəndaş kimi yaşamaqla bahəm həm də ölkə hüdudlarında sanki rahat nəfəs ala bilmirlər...
Bəli, ümumi halda bu qədər... Konkretliyə gəldikdə isə 2015-ci ildə yaşaya - yaşaya 1937-ci ili daha çox anlayırıq. Arada 80 ilə qədər vaxt fərqi var. Arada çox böyük siyasi fərq var - təbii ki, ilk baxışda... 
Amma bəzən özün də çaşıb qalırsan ki, əcəba, görən təqvimdə hansı ildir? Bəlkə də numerologiya ilə bir qədər ciddi məşğul olanlar burada daha nələrsə tapa bilərlər. Amma məsələ bunda deyil. İndi ezoterik təlimlərə varmağın məqamı və vaxtı deyil...
Əsas bilirsiniz nədir? Ötən əsrin 30-cı illərində də böyük əksəriyyət “xoşbəxt” idi...
Gecələr kiminsə qapısını qara rəngli maşınlar kəsdirəndə belə onlar “xoşbəxt” olmaqda davam edirdilər. Başqalarının sorağı hətta uzaq Sibirdən gələndə belə onlar yenə də “xoşbəxt” olmaqda davam edirdilər. Onda da evlər tikilir və parklar salınırdı-qürur duymaq və özünü “xoşbəxt” saymaq üçün əsas çox idi.
 
İndi də belədir... Son 24 ildə ölkədə baş verən bu qədər dəyişikliyi görməmək heç mümkündürmü? Təzə binalar, təp-təzə parklar...
Amma bunlar hamı üçün deyil. Amma bunlara hamının girişi yoxdur... Bunlar “böyük əksəriyyət” və yaxud da ki, bizim dildə deyildiyi kimi, xalq üçündür...
Təəssüf ki, heç də hamını bu “böyük əksəriyyət”in sırasına aid etmirlər. Bunu etiraf etmək ağır olsa da, başqa yol yox-1937-ci ildə də xalq və bir də onun “düşmənləri” vardı...
Elə indi də bu qəliblərsiz keçinmirlər. İndi də bu ölkədə, vaxtilə 37- ni yaşayan çox böyük ölkənin indiki kiçik hissəsində, “xain” titulu almaq elə də çətin deyil - yetər ki, “böyük əksəriyyət”dən azacıq artıq azadlıq tələb edəsən...
Dünyada demokratiyaları da iki qrupa bölürlər. Birinə totalitar, digərinə isə liberal demokratiya deyirlər. Yox, fikriniz buna da getməsin. Əgər bu ölkədə mütləq çoxluq özünü həqiqətən azad və söz sahibi hesab etsəydi bundan da xoşhal olardıq - fəqət, buralara hətta totalitar demokratiya da demək çətin və həm də yanlışlıq olardı...
Ona görə də bütün bənzətmələr qüsurludur. Buranın adı sadəcə, avtoritar bir ölkədir. Bunu qəbul etmək və nəticə çıxarmaq lazımdır...
Qərəz, deyirlər ki, qış sərt keçəcək. İndi bu hansı mənada olacaq, kimin üçün olacaq, bunları əvvəldə yazmağa və yozmağa cəhd etdik...
Adam bu halda nə istəyir? Köçüb başqa bir yerə getməkmi? Təbii ki, yox. Bu ölkədə istədiyin bir payız yağışını pəncərədən seyr etməkdir...
Bu ölkəni yalnız yağışlar yuyub təmizləyə bilir. Bəzən deyirlər ki, guya yağış bu ölkəni palçığa bulayır, amma bu, düzgün deyil... 
 
Ona görə də sərt qış müjdəsinin müqabilində bir yağış arzusundayıq. Elə bir yağış ki, bu ölkənin yazılarını yuya bilsin...
скачать dle 12.1