Mövcud rejim haqqında uzun uzadı danışmağa gərək yoxdu. Nəinki siyasilər, fəallar, hətta ölkənin o susqun deyə tabir etdiyimiz xalqı da artıq bu rejimin mahiyyətindən xəbərdardı. Rejimin şilləsi hər kəsi tuttu, tutmaqdadır. Əli qana bulaşmış, satqın, xəyanətkar rejim illər uzunu insanlara etdiyi “Heydər Əliyev qəhrəmanlığı və onun layiqli davamçısı” propagandası, mifi artıq tarixə çevrilib, silinib, yox olub.
İnsanımız nə yazıq ki, yalnız “qarnına” görə üsyan etmə özəlliyini saxlaya bilib özündə. Bax o “qarnı ac”lıq durumu da artıq meydandadır. Neft bitti, aclıq vüsət aldı. İntiharlar bir-birini əvəzləyir. İndi çıxın meydana. Çıxacaqsız, öz iradənizdən asılı olmayaraq. Qarnınız üçün çıxacaqsız, ölməmək üçün çıxacaqsız.
İkinci tərəfdən əllərində “bayraq” var, ac da olsaq sabitlikdi. Oldu əziz vətəndaş. İndi o “sabitliyi” də əlindən alaram. O zaman nə deyəcəksən?
Sabitlik deyərkən nəzərdə tutduğu, qonşusunu küçədə öldürürlər, digər qonşusunun balasını əsgərdə öldürüb, böyrəyini satırlar, meyidini dəmir qəfəsdə yollayırlar – bu qonşuda gedib o gəncəcik fidanın tabutu başında göz yaşı tökür, evə dönərkən isə balasını qucaqlayıb “nə yaxşı sən deyildin o” deyir.
Qohumu intihar edir, digər qohumu bir qarın çörək üçün düşmən qapısında kartoşka satır. Bu isə deyir ki, intihar edən nə yaxşı ki, ərim deyildi.
Rusiyada kartoşka satmaq, pul qazanıb ailəsinə yollamağı da normal qarşılayır, “mənim ərim evimdədir, dərdi qohum özü çəksin” deyir. Mənim ərim prezidentin tikdiyi körpü altında günəmuzd fəhləlik üçün növbə gözləyir, “ən azı gecələr evimizdədir” deyir.
Kəndçisini polis şərləyib həbs edir, “bir zibili olmasa tutmazlar” deyir dilində, ürəyində isə “bunlar xalqa düşmən kəsilib” deyərək təsəlli verir özünə. Sonucda isə ona toxunmur – bax bütün bunlar sabitlikdir insanımızın gözündə. İndi mən sənin əlindəki o sabitliyi alım ki, sən də üsyana qoşul. Həm bunu mən etmirəm, sənin öz ömründən kəsib ona hədiyyə istədiyin şəxs edir, sənin cənabın İlham Əliyev.
Müəllim olub tumanında Əliyevin adını daşıyan bülleten gəzdirmək, həkim olub xəstəxana həyəti süpürmək, idarədə işləyib insanlardan rüşvət almaq və “yuxarılar məndən istəyir, nə edim” deməklə sabitlik olmur. Bax əsl xaos o zaman yetişir. Həm də ən dəhşətlisindən. Bax sənin tumanında daşıdığın bülletenlər qana səbəb olacaq. Səni, sizi, xalqı qınamıram və propagandanın nələrə qadir olduğunun da bilincindəyəm. Amma səndə məni qınamayacaqsan, ən azından susmağı bacaracaqsan.
Səni əsgərdən üstünə övlad meyidi gəlməkdən, ərinin rus nataşalarla əylənib sənə ayda 5-10 manat yollamaqdan, qardaşını, əmin oğlunu pul almaq üçün şərləyib tutulmaqdan, həkim xələti ilə xəstəxana həyəti süpürməkdən və baş həkimə haqq vermək üçün yazıq xəstəni ölümə tərk etmək əzabından, müəllim işini itirməmək naminə məhrəminə, tumanının altına bülleten gizlətməkdən və əsası ömrünü kəsib cənab krala hədiyyə etməkdən qurtaracam.
Bax o zaman sabitlik olacaq. O zaman azad olacaqsan və bir zamanlar NKVD qorxusu kimi canına hopmuş, MTN nə zaman evini basıb, filan çayxanada filan məmuru tənqid etdiyinə görə səni həbs edə bilər deyə qorxu içində yatmayacaqsan.
O zaman övladını əsgərə yollayıb həftədə bir dəfə onun sağ qalması üçün komandirə “kontur” yollamaq adına məhəllə dükanında nisyə üçün satıcıya yalvarmayacaqsan. O zaman möhtərəmin tikdiyi körpü altında istidən və “axşam evə çörək apara biləcəyəmmi” deyə düşüncəsi ilə alışıb yanan sinəni universitet diplomunla yelləyib sərinləmək bəlasından qurtulacaq, həmin diplomunla aidiyyatı üzrə, insana xas işləyəcəksən.
O zaman sən əsl həyatın indi olduğunu, yəni qurtuluşun nə olduğunu və indiyə kimi Əliyev rejimində necə ömrünü həba etdiyini anlayacaqsan. O zaman sən insana xas ömür sürəcəksən.
Amma o zamanın gəlməsi üçün də bir bədəl olmalıdır. Bədəli də sən ödəyəcəksən.
* * *
Aclıq oldu, sabitliyi də pozsaq, bax o zaman insanlar əlləri ilə didəcəklər saxta parlament binasını və prezident aparatını. Bunun üçün nə etməli? Necə pozmalı o sabitliyi?
Ölkə içində hakimiyyətə qarşı üsyan başlatmalı. Deyəcəksiniz ki, bu xalqla üsyan olmaz, müxalifətin buna gücü yetməz və.s. Yəni bahanələr (əslində isə gerçəklik budur) var və say-say bitməz.
Amma əldə yalnız bu yol varr. Yəni dinc yolla dəyişiklik olmur, mümkün deyilsə, bunu silahlı yolla edəcəksən. “Siyasət yasaqlanarsa, silahlar devrəyə girər” – bu qaçınılmazdır. Buna da gücün yoxdur, bilirəm. O zaman da gücü olanı əzib sıradan çıxarmaq, küsdürmək yolu tutmayacaqsan.
Deyəcəksən ki, qan axmasın, xalq qırılmasın, xaos olmasın... Bəs necə olsun dəyişim? Yolunu bilirsənmi? Bilirsənsə nədən bunca illər etmədin?
Xalq qırılmasın, qan axmasın deməklə olmur bu işlər. Xalq qırılmırmı bu rejim durduqca, qan axmırmı? Xalqı mənəvi qırmaqdan fiziki olaraq qırmağa keçib rejim. Yoxsa bunu da görmürsən? Hər gün Qarabağdan, qeyri döyüş şəraitindəki hərbi hissələrdən, xəstəliklərdən, səhlənkarlıqlardan, özünü yandıraraq intihar edənlər bu xalqdan deyilmi? Yoxsa onlar bu siyasətin, Əliyev diktaturasının qurbanı deyillər?
Demək ki, hər necə olsa xalqın qanı axır və bu rejim hakimiyyətdə qaldıqca axacaq da. O zaman nəyi və nə üçün gözləyirik? Öz canına qıyır insanımız, qarşısındakı rejimə etiraz olaraq. Halbu ki, qarşısındakı rejimə etiraz olaraq elə rejimin canına qıyma yolunu tutsa, bu tədricən düzələcəkdir. Sən öldün getdin, dəyərin də beş para etmədi. Səni küsdürən, ölümə vadar edən rejim başqa can almaq üçün yoluna davam edir və hər gün daha çox azğınlaşır. Ancaq sən, səni incidən, ölümə vadar edən rejimə qarşı ölüm saçsan, sənin də, digər insanların da qurtuluşu olacaq.
Rejim dəyişmədikcə xalqın çox qanı axacaq. Ha yerində saymaqla qanın axdı, ha irəli getməklə, gələcəyə ümid üçün. Fərq yoxdur, qan hər iki halda axır. O zaman inkişaf, qurtuluş üçün axsın. Bir təşəbbüs, başlanğıc edib üsyan edilərsə, qan axacaq, amma bir müddət. Sonrası rifah, inkişaf olacaq.
Bu tipli rejimlərdə qansız keçid gördünmü? Mən görmədim.
Bax əziz vətəndaş, hörmətli siyasilər! Gecikmişik, çox gecikmişik. Neft erası bitti, bitəcək. Ölkənin əlavə gəliri yoxdur. Sabahımızda bizi nə gözləyir? Bilirsən, amma bir daha deyim, mütaliə etmiş ol. Sabahımızda dinc yolla rejim dəyişə bilər. “Sabahımız” dedikdə çox uzun illər sonranı deyirəm. Amma o “sabah” qurudulmuş neft quyusu, xarici borcun içində üzən bir ölkəni devir alacaqsan, alacağıq. O zaman isə, sıfırdan qurma kimi lüksümüz olmayacaq və nəticə Rusiyanın qucağında sığınma olacaq. Müstəqillik adından danışanı, Əliyev rejimi kimi zindana atacaq, təkrar 37-li illərə dönüş yaşayacağıq. Bax o zaman çabalamaq fayda verməyəcək, qurtuluş son dəfə olduğu kimi (1920-1991) yetmiş il çəkəcək. O zaman şovunist rusların başımıza nələr açacağını düşünürsənmi? Bilirsən ki, rus təlimatı ilə çalışan Əliyev bizi necə sıxır. Bəs bir başa rusun əsarətində olsaq nələr olacaq? Əlievdən qurtula bilməyən bir toplum, cəmiyyət, xalq Rusiya əsarətindən qurtulacaqmı? Mənə qalsa bu çox zor, hətta illər uzunu mümkünsüz. İndi deyirik ki, təhsilimiz yox səviyyəsində. Bəs rus əsarətində olarkən necə olacaq? Rusiya propagandası ilə tədricən ruslaşma olmayacaqmı? İllər sonra, gələcək nəsil deməyəcəkmi “ay ağsaqqal, sən nə axmaq, lazımsız bir məxluq olmusan ki, Əliyev kimi adamdan qurtula bilməyib bizi rus istilasına qurban vermisən”. O zaman da deyərik ki, “oğul biz dinc, demokratik dəyişiklik istəyirdik”.
“Sənin dinc, demokratik dəyişikliyinə də, sənə də tüpürüm” deyəndə nə cavab verəcəyik?
“Bağışla oğul”!
Bu bilirsiz nəyə bənzəyəcək? Zamanında, 93 də Elçibəyin hakimiyyəti Əliyevə buraxmasına nə deyirik? Demirik ki, “Bəy xalqın qanı axmasın, vətəndaş müharibəsi olmasın deyə hakimiyyəti verdi Əliyevə”. Sonra isə özümüz bunun cavabını vermirik ki, “kaş o zaman xalqın qanı axması bahasına da olsa hakimiyyəti Əliyevə verməzdi, indi daha pis oldu durumumuz”. Bax bunları biz deyirik. Sualı da, cavabı da bəlli. Bu gün Elçibəyi qınayırıq, sabah da bizi qınayacaqlar. O zaman min nəfərin qanı axsa, Heydər Əliyev hakimiyyətə yaxın buraxılmasa necə olardı? Min nəfərin qanı axacaq, sonucda isə heydərizmin on minlərlə insan qanı axıtmasının, milyonlarla insanın şüuruna təsir etməsinin və bu günki axmaq quruluşun yaranmasının qarşısı alınacaqdı. Min nəfər qurban verməyə dəyməzdimi, milyonları qurtarmaq üçün? O zaman üçün dəyməzdi deyə bilərsiz.
Avropa dediyimiz insan haqları, qanun, rifah və.s özəlliklər bizdə də olmazdımı? Olardı əlbət, həm də ən əlasından. Bunların təməlini mərhum Elçibəy qoymuşdu. Gözəl günlər görəcəkdik, ancaq qurban verməyi bacarsaq.
Ancaq o zamandan dərs çıxarmaq zorundayıq. Bax gələcəkdə bu sualla üzləşməmək üçün bu gün düyməyə basılmalı. Ki, gələcəkdə deməsinlər bizi sömürənlərə qarşı niyə mübarizə aparmadınız. Axı niyə tarixdən nəticə çıxarmadınız. Gərəkərdisə ölərdiz, öldürərdiz, ancaq gələcəyi təhlükə altına atmazdız. Bax bunları mütləq deyəcəklər, qışqıraraq, bağıraraq deyəcəklər.
Gələcəkdə də, bunu təkrar etməmək üçün bu gün düyməyə basılmalı. Bir dəfə, iki dəfə batdıq çamura, bu dəfə batmayaq. Bu dəfə qurtulaq, qurtulmaq zorundayıq. Tarixə nədən nəzər yetirmirik? Axı bu yaxın, çox yaxın tarixdir və bunu bir başa yaşamışıq.
Tarix nə üçün yazılır? Sadəcə oxuyub keçmişi bilmək üçünmü? Yox. Tarix keçmişi oxuyub dərs çıxarmaq üçün yazılır. Dərs çıxarmaq və o xətaları təkrar etməmək üçün, yeniliklərə doğru yol almaq üçün, sənin tarix yazman üçün yazılır.
Bəs biz nədən dərs çıxarmırıq?
Demək ki, tarixdən dərs çıxararsaq o nəticəyə gəlmək olar – qan bahasına da olsa rejimi devirməliyik.
Devirməliyik ki, bu gün axan min nəfərin qanı hesabına sabahımızda gün-gün, tədricən axıdılacaq on minlərlə qanın qarşısını alaq. Bu gün bu rejimi silah zoruna devirməliyik, başqa alternativ yoxdur, qalmadı. Siyasi yolla, dinc etirazla dəyişmənin mümkün olmadığı çılpaqlığı ilə gözlər önündə. Bəs biz nəyi gözləyirik?
Artıq gözləmədən hücuma keçmə zamanı.
Rəsul Mürsəlov