Bir neçə gündür ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı deyilənlər və bu xüsusda verilən bəyanatlar şübhəsiz ki, maraq kəsb etməyə bilməz - bir tərəfdən Azərbaycan üçün alternativ iqtisadi imkanların aranması baxımından onlar bir qədər təbii görünür, o biri tərəfdən də illərlə ölkə iqtisadiyyatında kök salmış ən neqativ tendensiyaların aradan qaldırılması nöqteyi-nəzərindən çox aktual təsir bağışlayır...
Amma təkcə bəyanatlarla iş bitmir. Onların əməli davamı olmalıdır. Ölkə artıq inhisarçılıq və korrupsiya ilə bağlı da belə bəyanatların şahidi olub...
Ona görə istəməzdik ki, bütün bunların nəticəsi gurultulu bəyanatların sayının bir ədəd də artması olsun...
Güman edirik ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı böyük bir proqrama ehtiyac var. Orada əsas diqqəti nəyə yönəltmək olardı? Təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında formalaşmış iqtisadi modeli vaxtilə Y.Qaydar öz kitabında “məmur kapitalizmi” adlandırmışdı...
Azərbaycanda bu model hələ də özünü hifz edib saxlayır - indiyə qədər ölkə iqtisadiyyatının əsas hissəsinə məmurlar nəzarət edir. Ola bilsin ki, bu, birbaşa edilmir və bir qədər dolayı yolla həyata keçirilir. Amma bu, mahiyyəti dəyişmir. İndiyədək, əgər səhv etmiriksə, məmurların gəlir deklarasiyası məsələsi həll olunmayıb və nəticədə iqtisadiyyat sektoru siyasi hakimiyyətdən ayrılmamış qalır...
Güman etmirik ki, indiki bəyanatlar bu problemin həllinə gətirib çıxaracaq. Di gəl, adam həqiqətən də ümid etmək istəyir...
Hətta sahibkarlara qısa müddətdə sərbəstlik verilsə və nəhayət, heç olmasa, bir dəfə ölkədə qiymətlərin formalaşması mexanizmi həqiqətən araşdırılsa bunların özəl sektora böyük təsiri ola bilər. İndi bu, ölkəyə hava və su kimi lazımdır. Qeyri-neft sektorunun inkişafı alternativ imkanlar axtarmağa sövq edir. Potensial olaraq belə imkanlar var. Bu, məsələn, ölkənin tranzit imkanını bir daha nəzərdən keçirmək ola bilər...
Bu yaxınlarda bununla bağlı xüsusi qurum da yaradıldı. Düşünürük ki, bunlara əlavə olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, eləcə də Azərbaycanla İranın dəmiryollarının birləşdirilməsi ölkənin tranzit potensialını xeyli artırmış olar. Amma bunun üçün xeyli iş görmək lazımdır və bu iş təkcə texniki məsələlərlə məhdudlaşmır. Gömrük sahəsində bir xeyli iş görmək lazım gələcək. Hökumətin buna qətiyyəti və iradəsi çatacaqmı? Hər bir halda çatmalıdır. Çatmasa bəyanatlar elə bəyanat kimi qalacaq və biz heç nə əldə etməyəcəyik...
Amma ölkənin maraqları tamam başqa davranış tərzini diqtə edir. Bu davranış tərzi bizim maraqlarımıza cavab verməyə də bilər. Fəqət, gəlin heç olmasa bircə kərə ölkənin maraqlarını öz maraqlarımızdan üstün tutmağı bacaraq. Bu, olmasa heç nə alınmayacaq. Təbii ki, məmurlar bu prosesi dayandırmağa və ya ona öz maraqlarına cavab verən çalarlar əlavə etməyə cəhd edəcəklər. Çox böyük ehtimalla belə olacaq. Amma neft ucuzlaşmaqda davam etsə necə? Onu önləyə bilən proqramımız varmı?..
Mən hələ heç onu demirəm ki, bizim üçün problem təkcə neftin ucuzlaşması deyil, bizim neft imkanlarımız sürətlə tükənir!..
Bu isə o deməkdir ki, ölkə mütləq alternativ imkanlar aramalıdır və o imkanlar nə qədər tez, nə qədər intensiv araşdırılsa bizim üçün bir o qədər yaxşı ola bilər. Əks təqdirdə bizi hansı ssenarinin gözlədiyini təxmin etmək elə də çətin deyil-sürətlə yoxsullaşma, ÜDM-in sürətlə aşağı düşməsi, ölkədə yoxsulluğun və işsizliyin baş alıb getməsi...
Hələ ki ölkənin maddi resursları var. Maliyyə imkanları da kifayət qədərdir. Bu, bizə daha bir keçid mərhələsini nisbətən ağrısız keçməyə imkan verə bilər. Düzdür, bizim insanlar hələ də keçid sözünü sevmirlər. Amma bu da bir çox səbəblərdən labüd görünür...
Məsələ bundadır ki, qeyri-neft iqtisadiyyatına keçid kompleks tədbirlər tələb edir - iqtisadi azadlıqlar artırılmalıdır, inhisarçılıq və korrupsiya cilovlanmalıdır, təşəbbüskarlıq stimullaşdırılmalıdır, iqtisadiyyat daha şəffaf olmalıdır...
İndiki iqtisadi münasibətlər məcmusu neft iqtisadiyyatına hesablanıb - bəli, burada inhisarçılıq da ola bilərdi, hətta korrupsiya da... Ona görə ki, əsas gəlir neftdən gəlirdi. İndi isə belə olmayacaq... Ona görə də hamımız dəyişməliyik və bunu nə qədər sürətlə və problemsiz etsək, bir o qədər yaxşıdır...