Asim Mollazadə məni əməlli-başlı təəccübləndirdi

27-10-2015, 23:03
0
Asim Mollazadə məni əməlli-başlı təəccübləndirdi

 

Saytların hansısa birində yazılmışdı ki, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Qızlar Universitetində baş tutan görüşdə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib.
Sən demə Mollazadənin seçki platformasında prioritet təşkil edən əsas məsələlərdən biri Azərbaycanın ən böyük sərvəti olan onun vətəndaşları imiş. Həqiqətən yenilikdir. Onun seçicilərlə görüşündə səslənən digər yeniliklərə diqqət edək:

Bir neçə il əvvələ kimi seçicilərlə işıq, qaz, su problemlərini müzakirə etdiklərini xatırladan millət vəkili, artıq bu problemlərin arxada qaldığını deyib: “İndi bizi daha qlobal məsələlərin həlli maraqlandırır. Ölkəmiz son illərdə sürətlə inkişaf etdi. Dünya Azərbaycanın strateji əhəmiyyətini anladı və bizimlə böyük qardaş kimi deyil, tərəfdaş kimi danışmaq lazım olduğunu qəbul etdi. Biz bu imkanlardan insanlarımızın savadlanması, sosial cəhətdən yaxşı təmin olunması üçün istifadə etməliyik”.

Deməli işıq, qaz, su probleminin ardınca qlobal məsələlər gəlir. Məsələn, şəxsən mən bunu bilmirdim. Asim Mollazadənin seçicilərinin çoxusu bəlkə də onun hansı sənətin sahibi olduğunu dəqiq bilmirlər. İlk baxışdan bunu ayırd etmək də mümkün deyil. Çünki onun davranış psixofiziologiyası bam-başqadır. İlk baxışdan adama elə gəlir ki, o, haradasa siyasət məktəbini bitirib, yaxud hansısa topdansatış məntəqəsinin müdiridir. Bunun üçün gərək Mollazadə görüşlərdə bioqrafiyası haqqında danışsın. Onun maraqlı bioqrafiyası ilə gəlin tanış olaq:

Asim Mollazadə 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.
1992-ci ilin iyun-dekabr ayları – Bakıda nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru;
1993-cü ilin dekabr-aprel ayları – Prezident Aparatının analitik-informasiya şöbəsinin rəhbəri;
1993-cü ilin aprel-iyul ayları – Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda prezidentin xüsusi nümayəndəsi;
1994-cü ilin yanvarından – 2005-ci ilin aprel ayınadək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olub.
2000-ci ildən düz indiyə qədər deputatdır.

“Vikipediya”da yazılır ki, Mollazadə 12 il Moskva Seçenov adına Tibb Akademiyasında oxuyub. Bu saytda onun təhsil aldığı Ali Tibb məktəbinin adı “akademiya” kimi yazılıb. Ancaq Moskvada Seçenovun adını daşıyan Ali Tibb məktəbi Akademiya deyil, universitetdir. Hörmətli Asim müəllim bu qədər mühüm əhəmiyyət kəsb edən ixtisas üzrə cəmi 4 ay çalışıb. Sonra Ələmdar dayı demişkən, aktiv siyasətə qoşulub, Xalq Cəbhəsinin xətti ilə deputat olub. Bu işdə yəqin ki, ona davranış psixofiziologiyası köməklik edib.
Görün Qızlar Universitetində Mollazadə gənclərə nələri tövsiyyə edib:
“İlk növbədə gənclərimizin maariflənməsinə, dünya gəncləri ilə rəqabət apara biləcək səviyyədə hərtərəfli inkişaf etməsinə ehtiyac var. Təhsilə paralel olaraq onlar peşə öyrənməlidirlər. Bu gün ölkəyə yaxşı mühəndislər, informasiya texnologiyaları, turizm sahəsində mütəxəssislər, ən azı normal binalar tikə biləcək ustalara, aqrar sektorda çalışacaq peşəkarlar lazımdır. Şərt deyil ki, hamı universitet qurtarsın. Bizə universitet diplomlu savadsızlar ordusu deyil, peşəkar mütəxəssislər ordusu lazımdır. Bunun üçün peşə təhsili sisteminin inkişaf etdirilməsinə çalışmalıyıq”.

Asim müəllimin dediklərindən belə çıxır ki, peşələr təhsildən kənarda öyrədilməlidir. Yaxud bizə diplomsuz peşəkar mütəxəssislər ordusu lazımdır.
Təhsil Mollazadənin də yaralı yeridir. Diqqət edin, o, 12 il Seçenov adına Tibb Universitetində (Akademiyasında yox!) Azərbaycan üçün lazım olan sahə üzrə təhsil alıb, sonra bu peşəni ataraq, mənasız siyasətə qoşulub.
Asim bəylə görüşün sonunda deyilir:
“Seçicilər də öz növbələrində Asim Mollazadənin deputat fəaliyyətinə yüksək qiymət veriblər. Onun yenə də parlamentdə seçicilərin səsi olacağına, onları narahat edən məsələləri parlamentdə qaldıracağına və həllinə nail olacağına inam ifadə ediblər”.
Sovet vaxtı da zəhmətkeşlərlə görüşün “qərarı” belə yazılırdı. Qloballaşan dünyanın zəhmətkeşləri elə sovet zəhmətkeşlərinə oxşayırlar.

Uğurlar Asim bəy, şəkilinizi saytda görəndə elə bildim ki, 2020-ci ildə keçiriləcək parlament seçkilərində platformanız haqqında danışırsınız. Davranışınızdan bunu hiss etdim…

Etibar Əliyev

скачать dle 12.1