Məni qınamayın. Rusiya saytlarından birində gözümə sataşdı ki, bu gün komsomolun yaranması günüdür. Mənə elə gəldi ki, mütləq bu haqda bir şey yazmalıyam...
Məsələ bundadır ki, zaman özü hər şeyi sığallayır və sahmanlayır. Keçmiş nə qədər acılı-ağrılı olsa da, zaman acıları unutdurur, elə edir ki, biz dönüb keçmişə baxanda diksinmirik. İndi mən də komsomolun adını eşidəndə əvvəlcə bir azacıq duruxdum, amma çox az vaxtdan sonra hətta gülümsünə də bildim...
Heç vaxt nümunəvi pioner və komsomol olmamışdım. Yadıma gəlir ki, bir vaxt pioner mənim canımı oktyabryat olmaqdan, komsomol isə pioner qalstukundan qurtarmışdı. Sonuncu mənim üçün xüsusilə önəmli idi - yaşıdlarımla müqayisədə mən pioner qalstuku ilə daha tez vidalaşa bildim...
Sonra isə başlandı... Bəli, üzücü komsomol dövrləri başlanğıc götürdü. Amma yalan danışa bilmirəm. Əvvəl mənə elə gəlirdi ki, bütün eyiblər komsomolun özündən yox, bizim komsomol “vojakları”ından gəlir...
Ona görə belə düşünürdüm ki, “Yeddi oğul istərəm” filmi, “Polad necə bərkidi” və “Gənc qvardiya” kimi romanlar vardı. Onlar mənə təlqin edirdi ki, haradasa uzaqlarda daha nümunəvi komsomol həyatı var...
Amma tale elə gətirdi ki, uzaqları da gördüm. Ali təhsilimi Moskvada aldım. Universitetdə təhsil alarkən artıq birinci semestrdən sonra bir vaxt ideallaşdırdığım “uzaqlardakı komsomol”un ilk silləsi mənə də dəydi - xizək yürüşünə qatılmadığım üçün mənə şiddətli töhmət verdilər. Nə qədər desəm də ki, axı, mən xizək sürə bilmirəm, heç ömrümdə bircə dəfə olsun əsl xizək görməmişəm, qulaq asmadılar, şiddətli töhməti yapışdırdılar şəxsi işimə...
O vaxt ilk dəfə başa düşdüm ki, “yaxın - uzaq komsomol” yox imiş, hamısı bir imiş. Bu mənim aldığım ilk dərs oldu... Sonra... Bəli, sonra başlandı... Mən ilk dəfə olaraq Moskvanın komsomol “fəalları”nı gördüm. Onların tələbələri necə güddüyünün, bayram günlərində içki içən, şənlənən tələbələri necə pusduqlarının şahidi oldum. Artıq daha mənim üçün ideal yox idi...
Üstündən bir az keçdi, pioneri və komsomolu ideallaşdırmaqda mənə az yardımçı olmamış yazıçı A.Rıbakovun “Arbat uşaqları” əsərini oxudum. Bəli, “Bürünc quş”, “Kortik” və s. kimi əsərlərini müəllifi bu dəfə sovet quruluşunu yamanlayan əsər yazmışdı...
Amma artıq o vaxta qədər mənim komsomola öz münasibətim formalaşmışdı - mən başa düşümüşdüm ki, özümü komsomoldan qorumağı bacarmalıyam və bunun üçün onun iclaslarını buraxmamalı, sakitcə qeydiyyatdan keçib uzaq bir küncdə dinməz-söyləməz əyləşməli idim...
Bəli, bu, artıq o dövrlər idi ki, ürəyimdə sovet quruluşuna, onun pionerinə və komsomoluna gizli nifrət bəsləyirdim. Amma bu, hələ fəal nifrət deyildi. Mən fəal nifrəti sonradan, Bakıya dönəndən sonra duydum...
Nə başınızı ağrıdım, 20 Yanvar oldu və biz fikirləşdik ki, nə edək, nə etməyək, belə qərara gəldik ki, komsomoldan çıxaq! Beləcə, bir neçə gənc və necə deyərlər, perspektivli tədqiqatçı komsomoldan ərizə verib çıxdıq...
Yox, buna görə bizi qınayan olmadı. Proseslər elə gətirdi ki, tezliklə sovetlər də çökdü və bizim qəhrəmanlıq səhifəmiz beləcə çevrildi...
İndi bu gün, artıq əlli bir yaşımda mən yenə də o çağları acıqla xatırlamıram və hətta indi də “Yeddi oğul istərəm”ə maraqla baxıram. Bilirsinizmi niyə? O vaxt rejissorun və ssenaristin bizə ötürmək istədiyi sətiraltı fikirləri tutmaq və o dövrün insanlarının əməyini qiymətləndirmək istəyirəm...
Bəli, indi çox şeyin üstü açılıb... İndi biz “könüllü komsomolçular” məsələsini də yaxşı bilirik, digər məsələləri də... Amma bir şeyə məəttəl qalıram. O vaxtlar yalanı ağ yalan formasında təqdim etmirlərmiş, yaxşı yalan düzəltmək üçün əməlli-başlı çalışırlarmış...
Amma bu gün bizimkilər nə edir? Özlərinə qətiyyən əziyyət vermirlər, ağ yalanı döşəyirlər qabırğamıza. Həm də o illərin adamları, fəalları bir qədər az təmənna umurdular. Məsələn, onların sferasında rüşvət yox idi. Məsələn, iclasa getmədin və komsomol katibinin cibinə üç manat və ya beş manat pul qoydun - bax, bu, qətiyyən yox idi!.. Onlar sadəcə, fanat idilər... Belə hesab edirdilər ki, hamı onlar kimi olmalı, onlar kimi yaşamalıdı və ölkə də kazarma olmalıdır. Bəli, onlar belə düşünürdülər...
Amma indi nə var? “Yuxarı”lar belə hesab edir ki, yalan “aşağı”lar üçündür və bir az əvvəldə qeyd etdiyim kimi, qətiyyən özlərinə əziyyət vermirlər, belə düşünürlər ki, yalanlara inanmaq da az qala bir patriotizmdir...