AZADLIQın yubileyi həm də yeni mərhələnin müjdəsi oldu

27-12-2014, 21:53
0
AZADLIQın yubileyi həm də yeni mərhələnin müjdəsi oldu

“Azadlığ”ın 25 yaşı tamam oldu. Bu yubiley, həm də bir hesabatdır, əlbəttə və biz, ilk növbədə, öz-özümüzə bu hesabatı verməli idik. Biz nələri etdik? Ölkədə meydan sulayan amansız repressiyalara, ictimai xofa, cəmiyyətin sındırılması cəhdlərinə qarşı söz azadlığının təpkisini səfərbər edə bildik.  Azad sözün məhv edilməsi siyasətinə qarşı çıxaraq, onu yaşada bildik.

İnsanların hüquqsuzluğu üzərində rahatlıq qurmağa çalışanları rahatsız edə bildik.

Azərbaycan mediasını avtoritarizmin sərt kontrolu altına salmaq, hüdudsuz bir özünüsenzura tətbiq etmək cəhdlərinə qarşı dayanaraq alternativ ictimai-siyasi baxışın tribunası olaraq qala bildik.

Ölkəni istibdadın qaranlığına qərq etmək istəyənlərin iradəsinə qarşı azadlıq işığını qoruya bildik. 

Azərbaycanda azad jurnalistikanın potensialının hər zaman var olacağını və məhv edilə bilməyəcəyini sübut edə bildik.

Cəmiyyət isə bizim bu duruşumuzu dəyərləndirdi və dəyərləndirməkdədir.

“Azadlıq” ekstremal jurnalistikanın fasiləsiz yaradıcılığının gerçək nəticəsidir. Bu qəzetdə çalışanlar üçün ekstremal şərait adiləşir və gündəlik iş normasına çevrilir. Həmişə bu barədə fikirləşəndə, ağlıma gələn ilk yorum bu olur ki, “Azadlıq”ın əməkdaşları fəth etdikləri zirvələri çox təvazökarcasına adiləşdirməsələr, işləyə bilməzlər. Bu, “Azadlıq”ın mənəvi-psixoloji konstruksiyasıdır. Bütün təzyiqlərin və təhdidlərin cəmiyyətə ünvanlandığını dərk etmək və cəmiyyətin mənafeləri naminə bu təhdidləri zərərsizləşdirmək ehtirası “Azadlıq”ın istisnasız olaraq bütün əməkdaşlarının şəxsiyyətini formalaşdıran əsas psixoloji faktordur. Onların hər biri belə hesab edir ki, təhdid edilən və bu təhdidləri qəbul etdiyinə görə əzilən bir cəmiyyətin məsud üzvü kimi yaşamaq mümkün deyil. Buna görə də, onlar yüksək komfort, imtiyazlar, qayğısız həyat təkliflərini qəbul etmək haqqında düşünməyi bacarmırlar (Bu cür düşünməyi bacaranlar “Azadlıq” ansamblında eybəcər görünəcəklərini anlayaraq dərhal oranı tərk edirlər, amma “Azadlıq” davam edir).

Yubiley münasibətilə “Azadlıq” adına qəbul etdiyimiz təbrikləri hər kəs müşahidə etdi. Qəzetin imkanları daxilində qəzet səhifələrində, saytın imkanları daxilində saytda, sosial şəbəkələrdə bu təbriklər tam bir həftə ərzində gündəmi qərarlaşdırdı. Azərbaycan cəmiyyətinin elitası sadəcə “Azadlıq” adlı qəzeti təbrik etmirdi, həm də Azadlıq adlı anlayışı, fenomeni dəyərləndirirdi. “Azadlıq”ın ən böyük uğuru da ondan ibarətdir ki, öz adını bəşəri azadlıq normaları və duyğuları ilə həmahəng etməyi bacarıb.

Ölkədə və dünyada demokratiya, azadlıq dəyərləri möcüzəsini dərk edən, bunları həyat idealına çevirən ictimai kəsimin elitası “Azadlıq”ın varlığını, dirənişini, uğurlarını sevinclə, səmimiyyətlə təbrik etməyi özünə borc bildi. Tanınmış Azərbaycan ziyalıları, siyasiləri, ictimai xadimləri, eləcə də başqa ölkələrin nüfuzlu ictimai-siyasi xadimləri və media quruluşları “Azadlıq” qəzetinin nümayiş etdirdiyi vətəndaşlıq və ümumbəşəri dəyərlərə sədaqəti sayğı ilə qeyd etdilər.

Biz, “Azadlıq”ı təbrik edən hər kəsə təşəkkürlərimizi bildiririk.

Elə buradaca, mühüm bir fikri yazmadan keçə bilmirəm. Azərbaycanda elə bir şərait yaratmaq istəyiblər ki, “Azadlıq” kimi bir qəzeti qoruyub saxlamaq, o qəzetdə işləmək bir yana dursun, onu oxumaq da böyük fədakarlıq hesab edilsin. Amma fərqindəsinizmi, bu qəzeti nə qədər insan açıq-aşkar, səmimiyyətlə təbrik edir, onun Azərbaycanda fikir və söz azadlığı naminə mövcudluğunu alqışlayır?!

Zənnimcə, bu cəsarət həm qiymətləndirilməlidir, həm də düşünmək üçün yaxşı material verir. Deməli, Azərbaycanda azad fikri tamamilə məhv edə bilmədilər. Ölkədəki repressiya instrumentləri nə qədər aramsız və intensiv işləsə də, azadlığın daşıyıcılarını sıradan çıxara bilməyib. Onlar bizim cəmiyyətimizin qaymaqlarıdır. Onlar Azərbaycanda mütərrəqqi fikrin və azadlıq ideyalarının ötürücüləridirlər. 

Sadəcə, bir mərhələdə tıxanıb qalmışıq. Bu, ictimai elitanın özü üçün siyasi platforma təşkil etmək, dissidentlikdən təşkilati fəaliyyətə keçmək mərhələsidir. Bu, keyfiyyətcə yeni mərhələ olmalı və ölkədə keyfiyyətcə yeni və zəruri dəyişikliklərin əsasını qoymalıdır.

“Azadlıq”ı yubiley münasibətilə təbrik edən hər kəsə təşəkkür edirik!

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1