Bəli, 21-ci əsrə bəzən kommunikasiya əsri də deyirlər. Amma mən düşünmürəm ki, əvvəllər əlaqələr, kommunikasiya daha zəif idi. İndi bizim sərəncamımızda hər şey var. Amma tənbəlləşmişik, onları lazımi istiqamətə yönəldə bilmirik...
Əvvəllər isə heç də belə deyildi. Ona görə ki, istək vardı. Məhz bu istək İsmayıl bəy Qaspıralı kimi bir ümumtürk fenomenini yetişdirmişdi. Bəli, indi belələri yoxdur...
Kimsə deyə bilər ki, bəlkə heç ehtiyac yoxdur?! Amma niyə ki?.. Ehtiyac elə həmişə var, işığa, nura və ünsiyyətə həmişə ehtiyac olduğu kimi...
Bəli, indi keçək mətləbə... Rusiya mətbuatında Krım tatarları ilə bağlı bir yazı oxudum. Yazı mənə çox təsir etdi. Ona görə yox ki, çox yaxşı bir yazı idi - yox, sadəcə, bir rus təhlilçisinin Rusiya imperiyasının Krım tatarlarını yenidən öz orbitinə cəlb etmək yolunda qarşılaşdığı maneələrlə bağlı ortabab yazısı idi. Amma yazı məni bir qədər keçmişə apardı...
İndi heç kim keçmiş AXC-ni xatırlamaq istəmir. Səbəbi də aydındır. O vaxtkı AXC-ni hamı bugünə görə xatırlamaq istəmir - ona görə ki, cəmi bir il hakimiyyətdə olan AXC bizi elə bir girdaba, elə bir uçuruma yuvarladı ki, bu bəladan nə vaxt qurtaracağımızı hətta təsəvvürümüzə gətirə bilmirik...
Fəqət, mən bu məsələdə hakim olmaq niyyətində deyiləm. Kim necə fikirləşirsə, qoy, fikirləşsin. Mənim bununla işim yox. Sadəcə, yadıma düşdü ki, o illərdə AXC-nin toplantılarında, hətta qərargahında Krım tatarlarına, qaqauzlara, Orta Asiya türklərinə, Şimali Qafqaz türklərinə rast gəlmək adi hal idi...
İndi isə bunların heç biri yoxdur. Axtarsan partiyaların heç əməlli-başlı qərargahları da yoxdur... Amma onda... Yadıma gəlir, hətta onda biz türklərin toplantısını da keçirə bildik. Hətta Sibir türklərindən də gələnlər vardı...
O vaxtki təəssüratımdan bu gün yadımda qalan odur ki, biz qaqauzları, bir də Krım tatarlarını çox yaxşı başa düşür, anlayırdıq... Sonradan, üstündən az qala on il keçəndən sonra mən Krım tatarlarını Polşada gördüm. O vaxt da anlaşma problemi olmadı...
Qərəz, məsələ heç bunda da deyil. Rusiya Krımı təkrar götürdü. Amma tatarları hələ tam “götürə” bilməyib. Krımda təxminən 250 min tatar var və bu yerli əhalinin təxminən 13 faizini təşkil edir...
O qədər də çox deyil... Amma bundan azı üç dəfə az olan Qarabağ ermənilərini Rusiya artıq 30 ildir ki, başımıza bəla edib! Bundan üç dəfə az olan ermənilər üçün dünyanın bəzi ölkələri elə “muxtariyyat” tələb edirlər ki, hətta Ermənistandakı ermənilərin özlərinin belə “muxtariyyat”ı yoxdur...
Tatarların İ.Stalin vaxtında deportasiyası da maraqlı olub. Təsəvvür edin, bu xalqın içindən neçə nəfər Sovet İttifaqı Qəhrəmanı çıxıb! Amma bunun fərqinə varmadılar. Dedilər ki, tatarlar guya faşist Almaniyası ilə əməkdaşlıq edib! Di gəl, belə əməkdaşlıq harada olmamışdı?! Məgər işğal olunmuş ərazilərdə rusların bir hissəsi faşistlərlə əməkdaşlıq etmirdimi?..
Təbii ki, işğal olunmuş bütün ərazilərdə belələri vardı. Amma deportasiya olunan tatarlar, çeçenlər və b. oldu. Fərqinə varmadan 1944-cü ildə Krım azad ediləndən bir həftə sonra tatarları Orta Asiyaya deportasiya etdilər. “Xalqlar atası” üçün, yəni İosif Stalin üçün bütöv bir xalqı bir yerdən başqa yerə sürgün etmək elə də çətin iş deyildi...
Qərəz, tatarların başına belə bir müsibət gəldi... Həmin dövrün ağrıları hələ bu gün də yaşanır...
İndi, bir az əvvəldə qeyd etdiyim kimi, Rusiya Krımı ikinci dəfə götürdü və bu yoldan daşınmaq niyyətində deyil, baxmayaraq ki, heç kim Krımın ilhaqını tanımır...
Deyilənə görə, Krım tatarları indi daha çox Ukraynaya meyl edirlər. Rusiya da bunun fərqindədir. Krım tatarlarını öz orbitinə qaytarmaq istəyir. Amma bunu bir o qədər də ürəkdən istəmir, çünki əvvəldə qeyd etdiyim kimi, tatarlar özlərinin vətənlərində azlıqdadırlar, əhalinin cəmi 13 faizini təşkil edirlər. Ona görə də onlar Rusiya üçün hava-su kimi aktual deyillər...
Həm də Rusiya heç vaxt istəməz ki, Krım yenidən dönüb türk torpağı olsun. Halbuki bir azacıq əvvəldə adını çəkdiyim Krım tatarı İ.Qaspıralının hətta bu xüsusda çox maraqlı fikirləri var...
O, Rusiyanın gələcəyi ilə bağlı da maraqlı fikirlər deyib. Rusiya təhlilçiləri vaxt tapıb bunları da oxusaydılar çox yaxşı olardı...