Ramiz Mehdiyevin şahidləri

5-12-2014, 01:54
0
Ramiz Mehdiyevin şahidləri

Sokrat deyib ki, dövləti idarə edənlərin yanında filosoflar olmalıdır, amma filosoflara dövlət idarəçiliyini həvalə edəndə, o dövlət bərbad günə qalır

(Ola bilsin, Sokratın belə bir sözü yoxdur)

Mənə baxın. Bu adam Kantdan, Mahatma Qandidən, Vladimir Lenindən və sair insanlardan iqtibaslar, paralellər daşıyıb gətirir. Bu müəllif dünyada mövcud olan və ya ola biləcək siyasi-nəzəri təlimlərdən tezislər qeyd edir. Hansısa 5-ci və sair kolonlardan danışır. Onun yazısının bu hissələri kimsə üçün əhəmiyyətli deyil. Bu qədər böyük preambulada onun özü də nə demək istədiyini tamam qatıb-qarışdırıb və oralarda anlaşıqlı bir mətləb yoxdur.

Dövlət terroru haqqında

Amma cənab Mehdiyevin bu qarmaqarışıq yazısından bəzi mətləbləri daha sadə və anlaşıqlı dilə tərcümə etməyi qərara aldım, hər halda. Ölkədə tutduğu çox böyük vəzifə ona imkan vermir ki, geniş kütlələrin anlaya biləcəyi dildə yazı yazsın (və ya yazdırsın). Sizi əmin edirəm, geniş kütlələr bir yana, hətta təyin etdirdiyi icra hakimiyyəti başçılarının da çoxu onun bu yazıda nəyi demək istədiyini anlaya bilməyiblər. Özünü elmli göstərmək üçün bu qədər hıqqanmağa isə ehtiyac yoxdur.

Beləliklə, cənab Mehdiyev izah etmək istəyir ki, Leninin ideyaları Cin Şarpın ideyalarından daha anlaşıqlıdır. Izah edim. Vladimir Lenin dünya tarixində dövlət terrorunun ən dahi təşkilatçılarından biridir. Cin Şarp isə dövlət terroruna qarşı vətəndaş itaətsizliyinin nəzəri əsaslarını yazan bir adamdır. Yəni, terrordan qorunmağın və ondan xilas olmağın qansız yolunu göstərir. Ramiz Mehdiyev bu müqayisədə Vladimir Leninə üstünlük verir.

Saxta şahidlərdən biri

Cənab Mehdiyevin öz yazısında güvəndiyi və iqtibaslar çıxardığı Hans Morqentau müasir ABŞ siyasətinin ideoloqlarından olmayıb. Təqdimat yalançı təqdimatdır. O, sadəcə teoretik olub və onun nəzəriyyəsi Makiavellizmin davamı hesab edilir. Makiavellizm (“məqsəd vasitəni doğruldur”) cənab Mehdiyevin və eləcə də yeni dünyanın neodiktaturalarını təbliğ edən başqalarını təmin edən bir nəzəriyyə olduğuna görə onlar siyasi nəzəriyyələrin belə bir qolunun da olduğunu vurğulamağa cəhd edirlər. Hətta buna baxmayaraq, Morqentau dövlətlərin siyasətində universal dəyərlərin arxa plana atılaraq “milli maraq” anlayışını önə çəkərkən milli dövlət faktoruna istinad edib. Azərbaycanda milli dövlətin mövcud olduğunu isə kimsə mənə əsaslandırsın.

Cənab Mehdiyevin preambulası bu qədərdir və bundan qalanı ibarəpərdazlıqdan başqa bir şey deyil.

Onun yazısının, haradasa, orta hissəsində, çox ehtiyatla və sürətli keçid vüsətilə konstitusional quruluşdan bəhs edilir. Azərbaycanda konstitusional quruluşun olduğunu əsaslandırmağa olduqca sürətli bir cəhd edir, amma bunun mümkün olmadığını görüb daha səmərəli müstəviyə keçir. Bu müstəvi ölkədəki müxalifətin Mehdiyevsayaq təsnifatı üçündür. Burada o, özünü suda balıq kimi hiss edir. Illərdir ki, eyni yalançı faktlardan və saxta tezislərdən istifadə etmək əzbərə çevrilməlidir, axı.

5-ci kolon

Amma yox, bir azca səbr edin. Cənab Mehdiyev ABŞ və onun Qərbdəki müttəfiqləri haqqında danışarkən, başqa ölkələrin daxili işlərinə müdaxilə barədə yanğı ilə izahat verir. Və dərhal da “beşinci kolon” haqqında xatirələrinə keçid edir. Aman, Tanrım! Bu “5-ci kolon” söhbəti necə də ləzzətlidir və onu öz opponentlərinə yapışdırmaq üçün bu 21 səhifəlik (12-lik şriftlə), 100 min 167 işarəlik (ara buraxılmış yerlərlə birlikdə) yazını yazmağa dəyərdi!

“5-ci kolon” və böyük dövlətlərin başqa ölkələrin daxili işlərinə qarışmaq məsələsinin izahatı nəinki səhvdir, hətta Azərbaycanın milli maraqlarına vurulan zərbənin tərəfində dayanacaq qədər günahdır. Indi bizim milli maraqlarımızın və milli dövlətçiliyimizin əsas atributu - ərazi bütövlüyümüz xəsarət çəkmiş vəziyyətdədir. Bizim qarşımızda bu xəsarəti aradan qaldırmaq və ərazi bütövlüyümüzü təmin etmək vəzifəsi dayanır. Bir qədər azacıq, 100 min 167 işarəlik deyil, sadəcə 167 işarəlik səmimi olmaq və demək lazımdır ki, bizim ərazi bütövlüyümüzün təmin olunması üçün ən böyük əngəl ABŞ və ya onun Qərbdəki müttəfiqləri deyil, sizin 5-ci, eləcə də ondan əvvəlki və sonrakı bütün kolonlarını təşkil etdiyiniz Rusiyadır. Vicdanla etiraf etmək lazımdır ki, əgər Rusiya olmasa, Azərbaycan hücum edib Qarabağı geri ala bilər. Amma Rusiya buna imkan verməz. Gürcüstandakı 6 günlük müharibənin qorxusunun Morqentauya, Cin Şarpa, Mahatma Qandiyə nə dəxli var ki? Heç olmazsa, tamam tək qalanda, sadəcə özünüz olanda, pıçıltı ilə, yaxud ürəyinizdə (Ştirlits kimi, məsələn) deyirsinizmi ki, Rusiya olmasa, Qarabağı geri alardıq? Yəqin ki, onu da demirsiz, çünki sizə Qarabağ deyil, Rusiya lazımdır ki, hakimiyyətinizi qoruyub saxlasın, ey, bu millətin vətənpərvər oğullarını “5-ci kolon” olmaqda ittiham edən Vətən bülbülləri!

Bəli, siz Rusiyanın qorxusundan Dağlıq Qarabağ məsələsini həll edə bilmirsiniz, məhz Rusiyanın qorxusundan sonuncu dəfə Soçidə həbs edilən o “Lazım” Azərbaycana gəlib çıxa bilmir. Ramiz Mehdiyev və onun təmsil etdiyi hakimiyyət komandası isə Rusiyanın 5-ci kolonu olaraq bu gerçəkliyi dəyişə bilmir və dəyişə də bilməz.

Dəyişməyib də, göründüyü kimi. Axı, müasir politologiyada it yerinə qoyulmayan, adı belə çəkilməyən Vladimir Lenindən sitat gətirməklə 100 min işarəlik yazı yazan adamdan hansı produktiv fikirlər gözləmək olar ki?

Qrantlar məsələsi

Cənab Mehdiyev ABŞ və Qərb institutlarının Azərbaycandakı qeyri hökumət təşkilatlarına verdiyi qrantı milyonlarla sayır. Doğrudur, həm də ona görə doğrudur ki, o səviyyədə yalnız milyonlarla sayırlar. Amma doğruçuluq və səmimiyyət hisslərindən məhrumiyyət ona imkan vermir ki, bu qrantların 70 faizindən artığını kimlərin aldığını bildirsin. Axı, həmin o milyonları, məhz, Ramiz Mehdiyevin himayə etdiyi və istiqamətləndirdiyi saxta qeyri hökumət təşkilatları və hökumət idarələrinin özü alıb!

Yeri gəlmişkən, Azərbaycandakı vətəndaş cəmiyyəti fəallarının üzərində belə bir öhdəlik var - o qrantları kimin aldığını araşdırmaq öhdəliyi. Bu faktı çıxarıb ortalğa qoyun və bu adamların qaxınc arqumentləri tükənsin, nəhayət! Bunlar həm xarici qrantları basıb yeyiblər, həm də onun fakturasını vətəndaş cəmiyyətinə kəsmək fikrində israrlıdırlar.

Müxalifət barədə

Bu parametr üzrə cənab Mehdiyev, yumşaq desək, çox irrasional davranıb. O, hələ də 90-cı illərin ampluasındadır. Bu qədər uzun girişdən, yüksək materiyanın vəsfinə ayrılmış, təqribən 78 min işarəlik yorumdan sonra, belə düşünmək olardı ki, o, ölkədəki müxalifət haqqında hansısa fövqəladə dəyəri ola biləcək söz deyə biləcək (Irad tuta bilər ki, müxalifət yenilənməyib və buna görə də yeni söz demək mümkün deyil). Axı, bu qədər iqtibas və ekskurs onun göstəricisi olmalı idi ki, Ramiz Mehdiyev çoxlu kitab oxuyub və onun yazı leksikonunda yeni sözlər olmalıdır. Amma yoxdur. O, leninizmin sadiq davamıçısıdır və əsl Leninsayağı öz politoloji yazılarında söyüşdən istifadə etməklə onun effektini qaldırmaq istəyir.

Mən qətiyyən hesab etmirəm ki, o, Rauf Arifoğlundan sitat gətirməklə hansısa yeniliyə imza atıb. Əksinə, bu, onun göstəricisidir ki, Mehdiyevin bir zamanlar düzüb-qoşduğu, yaratdığı, güvəndiyi təbliğat maşını indi tamamilə istifadəsiz hala düşüb və buna görə də yeni mənbələrdən istifadə edir. Hərçənd, o, Rauf Arifoğlundan gətirdiyi sitatı “etiraf” kimi qələmə verir, amma bunun da etirafa bir dəxli yoxdur. Bu, ənənəvi böhtanın yeni ifada (hətta o qədər də yeni də deyil) təqdimatıdır və belə təəssürat yaranıb ki, Ramiz Mehdiyev bu qədər böyük bir yazını yazıb gözləyirmiş ki, bax, elə bu gün sabah, Rauf Arifoğlu Əli Kərimli haqqında “Trend” informasiya agentliyinə verdiyi müsahibəsində bir fikir deyəcək və həmin fikri bu yazıya əlavə etmək lazım gələcək? Belə təəssürat yaranıb.

Sumqayıtda Xalq Cəbhəsinin 52 üzvünün partiyadan getməsi haqqında saxta informasiyanın bu qədər “mötəbər” və ağır vəznli yazıya əlavə edilməsi isə Mehdiyevin idarə etdiyi böhtan maşınının qalıqlarından necə ustalıqla istifadə etməsinin daha bir göstəricisidir.

Axı, bu saxta xəbər ortaya atılandan dərhal sonra bəlli olmuşdu ki, orada belə bir şey baş verməyib. Sumqayıtda Xalq Cəbhəsini tərk etməyən 52 nəfər haqqında yalan ifadə vermək üçün Vladimir Lenini, Mahatma Qandini, Cin Şarpı və onlarla başqalarını şahid olaraq məhkəməyə sürümək də Mehdiyevin konstisional bölgüyə əsaslanmayan saxta bir hakimiyyətin təmsilçiliyinin sübutlarındandır.

“Azadlıq”la bağlı

O, “Azadlıq” qəzetini yalan və böhtan, iftiralar yazmaqda ittiham edir. Mən də cənab Mehdiyevin 100 min işarəlik növbəti yalan yazdığını indicə sübut etməkdəyəm. Cənab Mehdiyev Azərbaycanda korrupsiya ilə bağlı durumun yaxşılaşdığını əsaslandırmaq üçün hansısa sorğuya istinad edir. Ölkə əhalisinin 68 faizi korrupsiya ilə bağlı durumun yaxşılaşdığını hesab edirmiş və bu sorğunu “Transparency International” keçiribmiş.

“Transparency International” lap elə bu məqalənin yayılmasından bircə gün əvvəl bütün dünyaya yaydığı hesabatda göstərir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 175 ölkə arasında 126-cı yerdə dayanır. Nədir, hörmətli Mehdiyev, 175-ci yerdə dayanmaq istəyirsiz? Etməyin, o yer tutulub və orada Somali oturur.

Azərbaycanda iqtisadiyyatın 60 faizi qara iqtisadiyyatdır və vergidən gizlədilir. Bu isə cənab Mehdiyevin idarə etdiyi və etmədiyi hökumət kadrlarının biznesidir ki, onlara qara bizneslə məşğul olmaq imtiyazı tanınıb.

Deməli, siz dövlətin və xalqın malını talan edəcəksiz, insanlarını həbsxanalara dolduracaqsız, inzibati terrora rəvac verəcəksiz, milli dövlət yerinə klan hakimiyyəti quracaqsınız, Konstitusiyanı urvatsız kökə salaraq respublikanı monarxiyaya çevirəcəksiz, vətəndaşları təbəələrə çevirəcəksiz, amma “Azadlıq”ı yalançı çıxaracaqsız, eləmi?

Yeri gəlmişkən, bu “təbəəlik” söhbəti də cənab Mehdiyevin sinəsinə yağ kimi yayılan bir söhbət olaraq yazısında, deyəsən, haradasa, oralarda bir yerdə Immanuel Kantın adından təqdim edilib. Yaxşı ki, rəiyyət yazmayıb.

Mirmahmud Mirəlioğlundan sitat

Ramiz Mehdiyev Mirmahmud Mirəlioğlundan sitat gətirərək deyib ki, o hansısa qəzetdə, bir zamanlar dövləti yaxşı idarə edə bilmədiklərini etiraf edib.

Bilmirəm, Mirmahmud Mirəlioğlu həmin müsahibəsində nə deyib, çünki sizin qaynaqları araşdırmaq mənim işim deyil. Amma axı, siz heç idarə edə bilmirsiniz. Bunun adı, axı, dövlət idarəçiliyi deyil. Siz dövləti yeyirsiniz və elə bilirsiniz ki, bunun adı idarəçilikdir…

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1