İldə cəmi bircə dəfə...

31-10-2015, 12:44
0
İldə cəmi bircə dəfə...
Bəli, lap elə məşhur bir mahnıda deyildiyi kimi: təəssüf ki, ad günləri ildə yalnız bircə dəfə olur... Bəlkə də inanmazsınız, zira Türkiyə Cümhuriyyətinin yaranması günü ağlıma gələn ilk fikir bu, oldu... 
Türkiyəni heç vaxt ideallaşdırmamışam, amma həmişə belə bir fikirdə olmuşam ki, bu ölkə Avropanın müsəlman dünyasında bir parçasıdır, nə təəssüf ki, avropalıların özü bunun fərqində deyillər - o qədər eqoist, o qədər doqmatik və stereotipçidirlər ki, az qalırlar, lap böyük Sabir demişkən, göydə günəşi dansınlar...
Təbii ki, Türkiyədə də problemlər var. Amma bu dəhşətin, bu çətinliklərin içində ölkə özünün adi həyat ritmini davam etdirə bilir - Allah eləməsin, başqa yerdə bircə dəfə mitinqdə bomba partlasa bəlkə də insanlar ora illərlə gəlməzlər... 
Amma bu günün Türkiyəsi heç də belə deyil - ölkə yaşayır və nəfəs alır. Bir azacıq əvvəl avropalıları qınadıq. Fəqət, elə özümüz də müsəlman dünyasını, o cümlədən də Türkiyəni və ərəb ölkələrini yetərincə tanımırıq... 
Bu günlərdə eşitdim ki, Avropa Parlamenti A.Saxarov adına mükafata Səudiyyə Ərəbistanının bloggeri Raif Bədəvini layiq görüb. Düzdür, belə mükafatları heç vaxt obyektivlik nümunəsi və təntənəsi hesab edib heyrətdən donmamışıq, hətta onlardakı siyasi maraqları və siyasi dəsti-xətti biz də sezmişik... Amma yenə də düşünürük ki, hər halda, Avropa Parlamentinin uzaq ərəb ölkəsində çalışan bloggeri mükafatlandırmaq üçün həqiqətən də çox böyük əsasları olmalı idi...
Son illər mükafatların vektorunun Asiya ölkələrinə tərəf dönməsi də təbii haldır, çünki hər şeyi bir tərəfə qoysaq, demokratiya uğrunda əsl mübarizə, bu bölgələrdəki siyasi rejimlərə qarşı əsl savaş məhz burada gedir, bəli, məhz şərqdə, Asiya ölkələrində heç nəyin fərqinə varmadan demokratiya uğrunda çarpışan insanlarla rastlaşmaq mümkündür. Təbii ki, bu mübarizəyə diqqət və reaksiya bəzən siyasi xarakter daşıyır. Amma nə etmək olar?.. 
O ki qaldı Avropaya, o, özü artıq təsdiqlənmiş demokratiya məkanıdır. Başa düşürəm, kiməsə son sətirlər şişirtmə kimi görünəcək... Amma səmimi olaq, Avropanın nəyinə şübhə etsək də, daxildəki demokratiyasına şübhə etməyək...
Bir daha deyirəm ki, ola bilsin, yazının əvvəlində eqoist adlandırdığım Avropa əhlini indi durub “demokratiya fədailəri” elan etməyimdə kimsə təzad görəcək. Amma belə deyil. Dünya təzəcə qloballaşmağa başlayıb. İnsanların çoxunun kənardakı vəziyyətlə bağlı dəqiq məlumatı yoxdur. Üstəlik, bizim kimi onların da çoxunun ölkələr və insanlar haqqındakı təsəvvürü nənələrinin və babalarının uşaqlıqda danışdıqları rəvayətlərdən başlanğıc gütürür...     
 
Məni bir az başqa məsələ narahat edir. İndi özünü cümhuriyyət-respublika adlandırmayan çox az ölkə vardır. Hətta Liviya da özünə respublika deyirdi və  B.Əsəd Suriyası da bu günə qədər respublika, Əsədin özü isə prezident adlanır... 
Amma Türkiyə, necə var, əsl respublikadır... Necə olur ki, bu boyda həqiqəti Avropa görə bilmir?..
 
Bir neçə il bundan əvvəl Türkiyəyə səfər etmiş Fransa prezidenti demişdi ki, nə Avropanın Türkiyəyə, nə də Türkiyənin Avropaya ehtiyacı var! Bəlkə də bu bəyanatdan yapışıb uzaqlara getmək olardı. Amma bu, elə də təqdir olunan üsul deyil...
Hesab edirik ki, Avropanın Türkiyəyə, Türkiyənin də Avropaya böyük ehtiyacı var. Qaçqın problemilə üzləşən Avropa Türkiyənin üstünə cummaqdan savayı bir yol tapa bilmədi. Bunun özü Türkiyənin necə coğrafi vəziyyətə malik olduğunu gündəmə gətirdi...
Amma tək bununla iş bitirmi? Güman ki, yox. Biz cümhuriyyəti Türkiyədən əvvəl qurduq. Fəqət, onu qoruya bilmədik. Həm də bizim böyük tarixlərə iddialı olmaq üçün zəruri gücümüz yox. Ona görə də düşünürük ki, müsəlman şərqi Türkiyənin Cümhuriyyət gününə xüsusi önəm verməlidir... Fransa inqilabından necə danışırıqsa, bu gün haqqında da, türk Cümhuriyyəti haqda da elə danışmalıyıq...
Bəlkə də bu da bir şişirtmə təsiri bağışlayacaq... Amma səbəb bilirsiniz nədir? 
Müsəlman dünyasının demokratlarının biri-birilə rabitəsi yoxdur...
O gün bir daha İsmayıl bəy Qaspıralı haqqında oxudum. Təsəvvür edin, həmin bu adam hələ 19-cu əsrdə bir olmağın, bir düşünməyin və bir işləməyin yolunu tapıb, bütün türklərin, hətta müsəlmanların oxuduğu qəzeti buraxmağa müvəffəq olub. Bunun özü çox şey demirmi?..
скачать dle 12.1