İlin sonunda prezidentlər görüşəcəkmi?

1-11-2015, 10:57
0
İlin sonunda prezidentlər görüşəcəkmi?
Bəlkə də yazının əvvəllində ondan başlamaq daha düzgün olardı ki, Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonunda görüşməsini Minsk Qrupunun həmsədrləri təkid edir. 
 
Rəsmi Bakı buna etiraz etməsə də və səlahiyyətli mənbələr Azərbaycanın bununla bağlı prinsipial razılığının olduğunu etiraf etsələr də Bakı həmin həmsədrlərə öz iradını bildirməyi də vacib hesab edir. Elə bu yaxınlarda rəsmi Bakı həmsədrləri münaqişə bölgəsindəki vəziyyətə adekvat reaksiya verməməkdə qınadı...
Amma belə qınaqlar həmişə olub və indi də davam edir. Sadəcə, bu dəfə həmsədrlərin özləri atəş altına düşdüklərini etiraf etdilər. Ona görə də Bakının bu mövzudakı iradları onlar üçün anlaşıqılı olmalı idi...
Bəli, anlaşıqlı olmalı idi, amma... Amması da budur ki, prezidentləri görüşməyə təhrik edən Minsk Qrupunun həmsədrləri heç olmasa müzakirə üçün bir predmet tapıblarmı? Tapıblar, fəqət, onu dilə gətirmək belə adamın sinirlərinə toxunur – atəşkəsin elan olunmasından düz 21 il sonra həmsədrlər münaqişə bölgələrində iriçaplı silahlardan istifadə etməməyə çağırırlar... Amma biz nə gözləyirdik? Gözləyirdik ki, bu qədər vaxt ərzində münaqişənin siyasi həlli ilə bağlı ciddi irəliləyiş olacaq...
Fəqət, bu xüsusda heç bir açıqlama yoxdur, ən yaxşı halda Minsk Qrupunun həmsədrləri sosial şəbəkələrdə ürəklərini boşaltmaqla məşğuldurlar...
Bir azacıq əvvəldə qeyd etdyimiz kimi, yaxın vaxtlarda prezidentləri görüşməyə təhrik etmək istəyirlər. Ən maraqlısı isə budur ki, son vaxtlar Bakının diplomatik ritorikasında maraqlı bir məsələ yer alıb. Elə ki, Dağlıq Qarabağdan söhbət düşür, dərhal Azərbaycanın Avrasiya İttifaqına üzv olmağı istisna etmədiyi bildirilir və elə təsəvvür yaranır ki, bununla Bakı rəsmiləri həm yerli ictimaiyyətin rəyini öyrənməyə cəhd edir, həm də Moskvanın “damar”ını tutmağa çalışır. Fəqət, yerli ictimai rəy son illərdə az qala “dibsiz quyu”ya dönüb, Moskva isə belə ismarışlara hələki “müdrikcəsinə susmaq”la cavab verir...
Nə demək olar bu xüsusda? Təbii ki, prezidentlər görüşə bilərlər. Əgər indiyə qədər görüşüblərsə bundan sonra niyə görüşməsinlər? Hərçənd, bu görüşlərin səmərəli ola biləcəyinə heç vaxt əmin olmamışıq, amma güman edirik ki, elə rəsmilər də ondan hansısa ciddi nəticə ummurlar. Amma həmsədrlər bu xüsusda çox israr edirsə, görüşməyə dəyər, ən azı onun üçün ki, belə təsəvvür yaranmasın ki, Bakı konstruktiv mövqe tutmur və görüşlərdən yayınır...
O ki qaldı Moksvanı hər dəfə Avrasiya İttifaqına qoşulmaqla şirnikləndirmək cəhdlərinə, bu yaxınlarda Rusiyanın Azərbaycandakı səfirinin özü etiraf etdi ki, Rusiyada vəziyyət o qədər də qənaətbəxş deyil – sanksiyaların təsiri özünü biruzə verir, rublun alıcılıq qabiliyyəti aşağı düşür, itisadiyyatı proqnozlaşdırmaq çətinləşir. Bizə hətta elə gəlir ki, səfir bir qədər diplomatik tərzdə bütün bunları ifadə etməyə çalışdı. Vəziyyət isə diplomatik dildə ifadə olunandan daha gərgindir... Hökumət təmsilçilərinin çxışlarında pessimist ton və həyəcanlı notlar daha qabarıq hiss olunur...
Təbii ki, Rusiya Suriya münaqişəsinə girməklə müvəqqəti olaraq diqqəti Ukraynadan yayındıra bildi. Bunu etiraf edirik. Amma bunun hələ sanksiyalara təsiri olmayıb – onlar qüvvədə qalır və onların daha sərtləşməsi ehtimallı görünür, nəinki götürülməsi...
Ona görə də Avrasiya İttifaqı məsələsi gündəmə gəlməsə daha yaxşıdır. Hətta Rusiya diplomatlarının çıxışlarından belə məlum olur ki, Bakının indi yürütdüyü neytral siyasət onları prinsipcə qane edir. Əslində buna heç tamam  neytral siyasət də demək mümkün deyil – ölkənin geosiyasi vektoru son vaxtlarda hiss olunacaq dərəcədə Rusiyaya tərəf dönüb. Amma olsun. Hər bir halda, bunu neytral siyasət adlandırmaq olar...
Həm də ola bilsin ki, Bakı Avrasiya İttifaqı məsələsini gündəmə gətirməklə bir növ Qərb dövlətlərinə “diplomatik mesaj” göndərmək istəyir. Amma indi Qərbin başı elə qarışıb ki, çətin ki, Bakının ismarışlarına cavab verməyə vaxtı olsun...
Sadəcə, burada riskli olan nədir? Məsələ bundadır ki, bunu Rusiyada da ciddi qəbul edə bilərlər. Onda artıq neytral qalmaq üçün yer qalmaz... 
Onsuz da rəsmi Moskva öz keçmiş satellitlərinin suverən hüquqlarına lazımınca dəyər vermir. Bir vaxt Moskva Qəbələ RLS-ni ABŞ-a müştərək istifadə üçün təklif edəndə bu məsələ ilə bağlı Azərbaycanın rəyini nə qədər öyrənmişdisə, indi də Xəzərin üstündən Suriyadakı İŞİD mövqelərini atəşə tutarkən sahil dövlətlərinin mövqeyini bilməyə bir o qədər ehtiyac duyur...
Ona görə də diplomatlar həmişə lazım olandan artıq nəsə deməyə cəhd etmir və öz niyyətlərini gizlədə bilirlər. İndi həmsədrlər, o cümlədən də rəsmi Moskva ilin sonunda bir daha prezidentləri bir stol arxasında oturtmağa cəhd edirlər. Olsun. Bununla Azərbaycan heç nə itirməyəcək. Amma Rusiya onun Avrasiya İttifaqı ilə bağlı dediklərini ciddi qəbul etsə biz o vaxt həqiqətən də nəsə itirə bilərik... 
скачать dle 12.1