Sükut illəri...

3-11-2015, 10:51
0
Sükut illəri...
Artıq ölkədə baş verən hadisələrə acıqlanmıram. Əksinə, çalışıram ki, hər hadisədən özüm üçün gülməli nəsə tapım. Deyim sizə ki, cəhdlərim boşa da çıxmır, baxıb görürsən ki, bizim ölkədə gülməli hadisə daha çoxdur, nəinki acıqlanmalı...
Budəfəki seçkilərdən də yadımda bir ifadə qaldı: “sükut günü”!.. Bəli, bizim telekanallar Türkiyənin ardınca ölkədə bir günü sükut günü elan etdilər...
Türkiyəni başa düşürəm. Orada çox şey olur, danışmaq vaxtı və sükut məqamı olur. Amma bizə nə olub, əzizlərim? İlin 365 günü bizim üçün elə sükut günü deyilmi? İlin 365 gününü dilimizi necə farağat saxlamaq haqqında düşünmürükmü? “Sükut günü” deyib dilimizə daha bir qıfıl vurmaq haramıza yaraşır?..
Bizim müxalifət partiyaları bu vaxta qədər seçkilərdə üç mandatdan çox qazanmayıblar. Bu, hələ bir az bundan əvvəlin statistik göstəricisidir. Bu il necə olacaq, hələki bilmirəm, çünki mən bu sətirləri yazanda hələ tam nəticələr elan olunmamışdı... 
Amma hansı mandatdan danışmaq olar ki, bizim partiyalar guya efir vaxtı almaq üçün lazımi qədər namizəd də qeydiyyatdan keçirə “bilmirlər”? 
Doğrusu, mən seçkilərdən yalnız tele-debatları gözləyirəm. Ona görə ki, orada çox gülməli məqamlar olur. Hər dəfə belə tele-debatlardan sonra hakimiyyətimizə şükürlər diləyirəm ki, bizə belə gülməli və əyləncəli dəqiqələr bəxş edir...
Amma bunu da çox gördülər. Səhv etmirəmsə, artıq ikinci dəfədir ki, bizim partiyalar efir vaxtı ala bilmirlər. Prinsipcə, pullu efir vaxtı almaq olardı və bu yolla azacıq da olsa, nəsə demək olardı. Amma bunun üçün nə pul var, nə də imkan. Hətta pul tapılsa belə bizim telekanallar cəsarət edib müxalifətə efir verməz!..
Ona görə də xam xəyallara düşməyək. Ən maraqlısı heç bilirsinizmi nədir? Hər sahədə müəyyən mərtəbəyə çatmış insanlara xüsusi rəğbət olur. Siyasət və siyasətçilər də belədir.... 
Bəli, düşünürsən ki, bu adamlar bir yox, bir neçə dəfə deputat olubsa, deməli, nəyəsə qadirdilər. Amma həqiqət nə deyir?..
Onu deyir ki, bu hakimiyyətin adamlarının çoxu parlament nədir, heç qəsəbə bələdiyyələrinə seçkilər zamanı belə özlərini sınamayıblar, doğru-dürüst seçki nə olduğunu bilməyiblər...
Ona görə də siyasi həyatımız çox kasad görünür. Həm intellektual baxımdan, həm də digər meyarlardan. Demirəm ki, bizimkilər siyasətdə göydə quş özünü hiss edən kimi hiss edirlər... 
Yox, qətiyyən belə deyil. Onların da 80-ci illərdən qalmış şüarları tamam bezdirib bizi! Amma, qardaş, nə etmək olar? Hətta belə bir müxalifət, axırıncı dəfə kitabı 80-ci illərdə açan və elə dərhal da örtən müxalifət də qorxudur bu hakimiyyəti! Hətta onlarla da yarışmağa cəsarət etmirlər...
Ona görə də efir vaxtı vermirlər müxalifətə... Olsun. Adamı dilxor edən odur ki, hamısı olmasa da, bəzi təşkilatlar yenə də yazacaqlar ki, ölkə irəliyə doğru bir addım atdı. Olsun... Qoy, lap bir yox, üç addım olsun! Amma hara? Hansı istiqamətə?..
Seçki ərəfəsində baxırdın ki, rusiyalı müşahidəçiləri danışdırırlar. Nəyə lazım bu?.. 
Məgər aydın deyilmi ki, bu adamlar seçkinin-filanın fərqində deyil və bu ölkəyə nə məqsədlə gəldiklərini bir Allah, bir bizim hakimiyyət və bir də ki, özləri bilirlər?!.
Üstəlik, rusiyalı müşahidəçilərdən elə kobudlarını danışdırırdılar ki, bu adamların Azərbaycanda demokratiyanın fərqində olmasına heç yuxuda da inana bilməzsən...
Ona görə də ən yaxşısı sükut günüdür... Bu ifadəni yaxşı tapıblar. Amma daha yaxşısı sükut illəri olardı...
Bəli, bu illər ərzində susmalı olduq... Nə etmək olar? Burada yadıma hələ ki oxumadığım bir əsər, A.Soljenitsının bir əsəri düşür. Adında maraqlı bir ifadə vardı onun: palıd kötüyü ilə döyüşmək... Bax, belə... Əvvəllər həmişə oxuduğum və bəzən də təkrar - təkrar oxuduğum əsərlərdən misal gətirirdim. Gördüm ki, bu, bir fayda vermir, indi başlamışam oxumadığım əsərlərdən sitat gətirməyə...
Ona görə ki, bu ölkədə hər şey baş-ayaq olub, tərsinə çevrilib. Ən maraqlısı bilirsiniz nədir? Tələbəlik vaxtı müşahidə etdiyim detalı deyəcəm... 
O vaxt tələbələr də iki cür olurdu: imtahanda köçürənlər və prinsipial olaraq köçürməyənlər. Köçürənlər bəzən köçürməyənlərdən də yaxşı qiymət alırdılar. Amma heç vaxt bununla öyünmürdülər, çünki özləri də bilirdi ki, köçürərək yaxşı qiymət alıblar. İndi düşünürəm ki, görən, bizim deputatların bəzisi necə, heç özlərinin necə seçildiklərinin fərqindədirlərmi?..
скачать dle 12.1