Türkiyədəki son parlament seçkisinin nəticələri yerli təhlilçilər tərəfindən yetərincə müzakirə edilib çözüldüyündən buna vaxt sərf etməyəcəyik-türkiyəli təhlilçilər bu mövzuda ətraflı şərhlər verdilər...
Həm də bu yazı işıq üzü görəndə artıq seçkinin bütün təfərrüatları ətrafllı şəkildə, ən kiçik detallarına qədər müzakirə edilib bitəcək. Sadəcə, düşündük ki, təhlilçilər bir sualın üstündən sükutla keçdilər...
O sual da budur ki, nədən türkiyəli seçici hakim partiyaya belə etimad göstərdi? Bəli, sözsüz ki, türkiyəli seçici müxalifət partiyalarını cəzalandırdı, buna söz yox. Bunu biz də qəbul edirik...
Amma bir məqam da var. Orta statistik seçici vəziyyəti düzgün qiymətləndirdi və öz həyatı, ölkənin taleyilə risk etmək istəmədi...
Seçici Ərdoğana və onun partiyasına daha bir şans verməyi ölkədəki partiyalararası siyasi didişmələrə rəvac verməkdən üstün tutdu. Müxalifət bir neçə ay bundan əvvəl, koalision hökumətlə bağlı müzakirələr aparılarkən özünü heç də yaxşı tərəfdən göstərməmişdi...
Seçici də qərara aldı ki, məsələn, D.Bağçalının milliyətçi ritorikasını hakim partiyanın özündə tapsın. Və deyim ki, tapdı da. Ümumiyyətlə, götürdükdə isə müxalifət partiyaları bu bir neçə ayda önəmli bir söz deyə bilmədilər. Təbii ki, seçici də bunu tutdu və cəzalandırdı...
İndi nə demək olar? Bəli, Ərdoğana geniş mandat verildi. O, indi planlaşdırdıqlarını həyata keçirə biləcək. Düzdür, siyasi təhlilçilər, xüsusən də Türkiyədən kənardakı təhlilçilər Ərdoğana və onun partiyasına bir qədər kritik yanaşırlar...
Biz də bu iradları qismən qəbul edirik. Amma nə demək olar? Türkiyəli seçici belə istəyir. Əsas da budur. Ərdoğana mandatı türkiyəli seçici verdi. Bəli, bu kimdəsə qınaq doğura bilər. Amma bu gün orta statsitik türkiyəlinin qəbul edə biləcəyi demokratiya var. Bu demokratiya Hollandiyada olduğu səviyyədə deyil. Əslində ola da bilməz, çünki fərqli cəmiyyətlərdir...
Əsas nədir? Odur ki, Türkiyədə demokratik seçki var, demokratik parlament var və parlament qarşısında hesabat verən hökumət var, azad media var... Məgər bunu inkar etmək olarmı? Bəli, ola blsin, Türkiyədə seksual azlıqlarlın problemləri daha çoxdur. Amma əsas odur ki, Türkiyədə din-iman var, halal-haram var və bu, necə deyərlər, inkaredilməz bir faktdır...
Sözsüz ki, Türkiyədəki demokratiya orta statistik türkiyəlinin anlayacağı səviyyədədir. Düşünürük ki, bu, da yetərlidir və kafidir. Qoy, o cəmiyyətlər düşünsün ki, onlara hətta öz səslərinə sahib olmaq imkanı da verilmir, onlara hələ də seçki hüququ (bəli, hər şeyi öz adı adlandırmaq lazımdır!) verilmir...
Bununla demokratiyanın universiallığı məsələsinə kölgə salmaq istəmirik. Həm də kimsə düşünə bilər ki, cəmiyytələr fərqlidir və onların anlaya biləcəyi demokratiya da fərqlidir. Hətta deyə bilərlər ki, elə cəmiyytələr var ki, onlar hələ seçməyi də əməlli-başlı bilməyirlər...
Nə demək olar bu xüsusda? Həmin adamlardan soruşmaq istərdim ki, bəs siz özünüz necə, bu cəmiyyətin arasından çıxmamısınızımı? Yoxsa zənbillə göylərdən düşmüsünüz? Bəs sizə kim hamı adından danışmaq, hamı adından qərar qəbul etmək hüququ verib?..
Bir neçə dəfə demişik ki, Türkiyədə demokratiya ideal səviyyədə deyil. Amma onu qənaətbəxş hesab etmək olar. Əgər, tutaq ki, Azərbaycanda da belə demokratiya olsaydı özümüzü xoşbəxt sayardıq. Amma yoxdur və nə vaxt olacağı da bəlli deyil...
Türkiyədəki seçkilər günü guya Azərbaycanda da seçki idi. Amma mən daha çox Türkiyədəki seçkilərlə nəfəs alırdım...
Həmin seçki axşamı seçilən və seçilməyən türk siyasətçilərinin hisslərini duymağa çalışdım. Bizim deputatların bəzisi bunun nə olduğunun fərqində deyillər, elələri var ki, bir neçə dəfədir ki, parlament üzvüdürlər, amma seçməyin, seçilməyin və eləcə də seçilməməyin nə olduğunu hələ də bilmirlər. Nə demək olar? Onların halına ürəkdən acıyıram və bu adamlara heç olmasa, bircə dəfə, bəli, bircə dəfə həqiqətən seçilməyi arzulayıram...
Seçki axşamı Türkiyədə möhkəm müzakirələr gedirdi. Bəs bizdə, Şərqin ilk demokratik ölkəsində nə baş verirdi? Deməsək yaxşıdır. Həm də hər şeyi elə özünüz də yaxşı bilirsiniz...
Elə bu səbəbdən də birincisi türk seçicilərinə uğurlar diləyirik, çünki onlar seçimlərini edə bildilər. Sonra da parlamentə seçilən türk siyasətçilərinə uğur diləyirik, çünki onlar həqiqətən də seçildilər...