Bəli, biz istəsək də, istəməsək də və nə qədər prosesləri öz iradəmizə tabe etməyə çalışsaq da, onları istədiyimiz istiqamətə yönəltməyə cəhd etsək də, baxıb görürsən ki, yox, zamanın öz hökmü var, zaman öz hökmünü diqtə edir...
Hər dəfə metroda stansiyaların adları ingilis dilində elan ediləndə düşünürəm ki, hakimiyyət özünü hifz etmək üçün çox yerə meyl edə bilər, amma hara meyl etsə də, zamanla hesablaşmaq zorundadır. Zamanın əqrəbi isə fərqli bir istiqamət göstərir, hər halda, bu istiqamət Rusiya deyildir...
Amma bizim hakimiyyət Rusiyanı seçdi. Düşünürük ki, bu da müvəqqəti olacaq, təbii ki, əgər indi qlobal dünya bazarındakı tendensiya davam edərsə və enerji daşıyıcılarının qiyməti aşağı düşərsə...
O vaxt ölkənin böyük ehtimalla konkret kreditlərə ehtiyacı olacaq. Kreditləri isə müəyyən şərtlər müqabilində verirlər...
Hətta belə olmasa da, neftin qiyməti yenidən qalxmağa başlasa belə, əgər qazı nəzərə almasaq, ölkənin neft ehtiyatları tükənmək üzrədir. Bu isə o deməkdir ki, ölkə bütün digərləri kimi beynəlxalq maliyyə institutlarının qapısını kəsdirəcək. Təbii ki, biz heç də bu ölkəyə qara günlər arzulamaq niyyətində və zorunda deyilik. Kaş ki, hər şey yaxşı sovuşsun, insanlar rahat yaşasın...
Amma bir faktdır ki, hakimiyyət Qərbi seçmədi. Ona görə seçmədi ki, Qərbin demokratiya və siyasət institutları ilə bu hakimiyyətin problemləri yaranıb, elə bu səbəbdən də Qərbdən kənara çəkiliblər...
Bəli, indi bizə maraqlı gəlir ki, görən, Rusiya Xəzərin üstündən Suriyadakı İŞİD mövqelərini raket atəşinə tutarkən bizim hakimiyyətin razılığını alıbmı?..
Fəqət, yada salaq ki, axırıncı prezident seçkisi zamanı bu hakimiyyətə dəstək vermək üçün V.Putin az qala bütün donanmanı Bakı limanına yeritmişdi. Elə o vaxtlar söhbət düşəndə ki, kimlər daha çox rusofildir və Rusiyanın dəstəyinə söykənir, deyirdik ki, Xəzərdəki mənzərəyə baxın, onda hər şey sizə aydın və anlaşıqlı olacaq...
Doğrusu, indi də özümüzü inandırmağa çalışırıq ki, yox, sadəcə, bizə belə gəlir, hər şey reallıqda daha mürəkkəbdir. Amma baxıb görürsən ki, yox, elə şeylər var ki, onları görməmək tamam mümkünsüzdür...
Amma siyasət siyasətdir. Həyat davam edir. Ona görə də Azərbaycan ətrafındakı geosiyasi teatra ötəri bir nəzər salmaq istədik. İndi ətrafda bir az fərqli vəziyyət yaranır...
Təbii ki, mən ilk növbədə İranı nəzərdə tuturam. Bu yaxınlarda dedilər ki, Qərb bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları götürməyə başlayıb. Ona görə də İran bölgədə yeni geosiyasi vektor kimi təzahür edir...
Belə mənzərə Azərbaycana nə vəd edir? Burada iki detalı vurğulamaq lazım gələcək. Birincisi, İran özünün Qərblə problemlərini daim Azərbaycanla paylaşmaq və onu öz problemlərinin orbitinə cəlb etmək istəyirdi. Bəli, indi bu təhlükə bir az sovuşub. Düzdür, İranda antiqərb, antiABŞ ritorikası hələ səngiməyib. Bu yaxınlarda ölkənin ali dini rəhbəri Ə.Xameneyi ABŞ-la nüvə danışıqlarından savayı bütün danışıqları yasaq etmişdi...
Bu, onu göstərir ki, problem hələ özünü tükəndirməyib. Elə ABŞ və digər Qərb dövlətləri də İran rejimini hələ axıradək, necə deyərlər, həzm etməyiblər, bilavasitə bu ölkədəki siyasi rejimlə bağlı tətbiq olunan sanksiyaları götürmək niyyətində deyillər...
İran rejimi isə qalır. Onun dəyişməsi və yaxud transformasiya olunması hələki müzakirə predmeti deyil...
Azərbaycanla bağlı ilişgilər üçün də problem yaradan detallardan biri budur və heç kim üçün sirr deyil ki, İran bir ideoloji dövlətdir, özünün ideologiyasını və siyasi sistemini Azərbaycanda da yaymağa cəhd edir...
Ona görə də geosiyasi səhnəyə baxanda görürsən ki, vəziyyət bəzilərinin düşündüyü qədər də primitiv və ya sadə deyildir. Bu səhnədə Azərbaycanın dostu yoxdur. Bəli, Azərbaycan hakimiyyətinin dostları var, amma gəl ölkənin dostları yoxdur...
Bəlkə də kimsə düşünür ki, Azərbaycan o qədər kiçik dövlətdir ki, onun milli maraqlarını hakimiyyətin milli maraqları içərisində əritmək olar...
Amma belədirmi? Təbii ki, yox. Ola bilsin, dövlətlərin coğrafi ölçüləri onların milli maraqlarının çevrəsini bir az daraldır. Amma milli maraqlar həmişə hansısa siyasi qüvvənin maraqlarından daha üstün, geniş və önəmlidir. Fəqət, bizlər o qədər biganələşmişik ki, qətiyyən bunun fərqində deyilik. Elə ölkəyə də milli kimliyimizin ünvanı və mənbəyi kimi deyil, az qala bir mehmanxana kimi baxırıq...