Hansısa maraqlı bir filmi və ya verilişi gözləyənlər yaxşı bilir ki, o filmdən, o verilişdən öncə onun anonsları olur. Bax son zamanlar dindar kəsimin hakimiyyət orqanlarının müxtəlif strukturlarıyla qarşıdurması, gələcəkdə baş verənlərin anonsudur. Ruslar demiş, "это еще цветочки, а ягодки впереди" . Gələcəkdə olanlara görə isə məsuliyyəti birbaşa hakimiyyət daşıyır. Çünki ölkədə normal cəmiyyət qurulmasına imkan verməyib. Bütün sivil toplum quruluşları bu və ya digər şəkildə məhv edilib. Narazılığını bildirmək iqtidarında olan bütün dünyəvi, milliyətçi, liberal, sağçı, solçu, bir sözlə istənilən siyasi cərəyana aid olan insanlar susdurulub. Kimiləri şərlənərək həbs edilib, kimiləri pulla satın alınıb, kimiləri ailəsiylə təhdid olunub, kimiləri də bu olanları görüb özü susub. Bir ovuc insan qalıb ki, onların da nəyisə dəyişməyə gücləri yetməz.
Narazıların özlərini tapa biləcəkləri yeganə yer din qalıb. Mən dinə qarşı deyiləm, hər kəsin də dini inancına sayqım var. Mən istənilən növ fanatizmə qarşıyam, o cümlədən də dini fanatizmə. Mən, mənə nəyisə diktə etmək istəyən dindar kəsimə qarşıyam. Namaz qılırsan, oruc tutursan, Allahla danışırsan, neyliyirsən elə, bircə mənə dəymə. Mənə dəyməyənə kimi də mən sənə dəyməyəcəm. Amma, sən gəlib desən ki, qadınlar avtobusa qabaq qapıdan, kişilər dal qapıdan minsin, desən ki, kişilər belə geyinsin, qadınlar helə, desən ki, bunu yemə onu ye, bax onda mən sənə qarşı olacam. Mətləbdən uzaqlaşmayım...
Deməli insanların çoxu, ölkədəki, çox şeydən narazıdır. Amma bu narazılığı tək-tək dilə gətirə bilmirlər. "Tək əldən səs çıxmaz", həm də ki, biz bir az gözü qorxaq millətik. Odur ki, "palaza bürün, elnən sürün" üçün təşkilat, qurum, partiya, hərəkat axtarırlar. (əslində daha axtarmırlar, artıq ya zəlzələdən, ya vəlvələdən inamları qalmayıb bu cür quruluşlara). Ancaq yuxarıda qeyd etdiyim kimi, sivil mübarizə aparmaq üçün, sivil narazılıq bildirmək üçün, sivil toplanıb nəyisə müzakirə etmək üçün heç bir quruluş, təşkilat və s. qalmayıb. O üzdən bu narazıların üz tutacağı və artıq tutduqları yeganə yer, dindir.
Uzun illərdir müşahidə edirəm. Bəzi dini qruplar biznesin müxtəlif sahələrində kök salıblar.Siyasətə qarışmırlar, sakitcə oturub pullarını qazanırlar və bacardıqca çox insanı öz təsirləri altına salmağa səy göstərirlər. İnsafən də yaxşı alınır. Siz bir cəhd edin onlarla siyasi mövzuda söhbət edin. Əgər sizə inanıb ağızlarını açsalar və bu ölkədə nəyi, necə görmək istədiklərini sizə söyləsələr, yumşaq desəm şoka düşərsiniz. Bu dövlət kanalları bəzi siyasi partiyalara "radikal, dağıdıcı müxalifət" deyir ha, bax o radikal, dağıdıcı müxalifət bunların yanında toya getməlidir. Yeri gəlsə radikallıqda, dağıdıcılıqda heç bunların əlinə su tökməyə də yaramazlar. Adamlar sakitcə oturub baş kəsmək, qan tökmək üçün münbit şəraiti gözləyirlər.
Bunlar nə qədər sivil olmaq istəsələr də, ən radikal sağçıdan, solçudan, mərkəzçidən daha radikal olacaqlar. Çünki bunların beyinləri yuyulub. O biz deyirik e məqsəddən asılı olmayaraq insan canına qıymaq olmaz, qan tökmək olmaz, istənilən mübarizə sivil olmalıdır, dialoq qurulmalıdı , falan filan, amma bunlar elə demir. Bunlar xoşları gəlməyən adama "Yezid" deyib qətlinə fətva çıxardıb qətlə yetirirlər, ya da kafir damğası vurub qanını halal elan edirlər. İndi gəl bunlarla mübarizə apar görüm, necə aparırsan. Məkkədən, Xorasandan, Qumdan, orda-burdan hansısa şeyx, üləma bir fətva verəcək, bunlar da zombi kimi o fətva üçün can qoyacaqlar. Çünki qəlbən inanırlar ki, tutduqları yol Allah yoludur. İnanırlar ki, bu dünyada da olmasa, o dünyada bunun mükafatın alacaqlar. Belələri asanlıqla bellərinə bomba bağlayıb özlərini ayaqları, sinələri, başları açıq qadınlarla dolu bir şəhərdə, bir məkanda partlada bilərlər. Bunlar əmidirlər ki, belə etməklə onlar "yolunu azmışları" Allahın izniylə cəzalandırılar.
Yenə deyirəm, indi bizim müşahidə etdiklərimiz elə-belə, yüngülvari bir şeylərdir. Bəlkə də cəmiyyətin reaksiyasın yoxlamaq üçün bir vasitədir. Onlara uyğun şərait olan kimi hər kəs bir nəfər kimi öz qonşusunu, qohumunu bunların sırasında görəcək. Bax onda hamımız ayaqlar altında qalacağıq. Sünniləri ərəblər, şiələri farslar silahlandıracaq ki, gedin öz ölkənizi "sionistlərin işbirlikçisi olan" hakimiyyətdən azad edin. Bunlar da beş güllə hakimiyyətə atanda, üç güllə də bir-birinə atacaqlar. Hamı hamıyla savaşacaq. Onda da nə ölkə qalacaq, nə də xalq. Siz bu ölkədə hansısa siyasi lider üçün, onun ideyaları üçün ölümə getməyə hazır heç on nəfər adam tapa bilməzsiniz, amma din üçün, Allah üçün, farsın ağası, ərəbin şeyxi üçün ölümə gedə bilən minlərlə insan tapa bilərsiz və belə davam etsə də tapacaqsınız.
Bunu oxuyanların bəziləri, bəlkə də çoxları məni İslam düşmənçiliyində günahlandıracaq, yazıda təsvir etdiyim dini qrupların "əsl İslamı təmsil etmədiklərini" deyəcək, ağıla gələn və gəlməyən şeylərdə suçlayacaq. Onlara deyirəm ki, mənə əsl İslamı göstərin. İndi heç nəyin əsli yoxdu, o da ola dinin. Dinlər yaxşı məqsədlər üçün yaradıla bilər, ancaq artıq bütün dinlər bu və ya digər dairələrin əlində təsir və təzyiq vasitəsindən başa bir şey deyildir. Yaxşı insan olmaq istəyirsinizsə, gedin kasıba əl tutun, xəstəyə yardım edin, yetimin başına sığal çəkin, amma yaxşı insan olmaq üçün gedib "filankəsin qanı halaldı", "filankəs ölməlidir" deyən kəslərə, qruplara qoşulmayın...
P.S. Guya demişdim ki, daha siyasi mövzuda heç nə yazmayacam. Nə edim ? Göz görəsi uçuruma gedən cəmiyyəti görüb laqeyd qalmaq olmur. Ən azından yazmaqla içim boşalır və güzgü qarşısında özümə baxıb vicdan əzabı çəkmirəm ki, mən nəyisə görüb susmuşam.
Ruslan Məmmədzadə