Bakıda Allahu- Əkbər sədaları

6-11-2015, 15:44
0
Bakıda Allahu- Əkbər sədaları

Pərakəndəlik protest elektoratını parçalayır 

 

 
Yenə də ölkədə dindar-sekulyar qarşıdurmasının imitasiyası yaradılmaqdadır. Belə ki, Müsəlman Birliyi Hərəkatının sədri, sabiq vicdan məhbusu Tale Bağırzadənin müavini Elçin Qasımovun polis tərəfində saxlanılması təşkilatın üzvlərinin etirazına səbəb olub. Maraqlıdır ki, bir neçə gün əvvəl T.Bağırzadə Yasamal Rayon Polis İdarəsində fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi. Göründüyü kimi, təşkilat özü hədəf seçilib.
Ötən gecə polislə qarşıdurma nəticəsində inanclı fəalların bir qismi də saxlanılıb. Baş verənlərdə maraqlı məqam etirazçıların polisə açıq müqavimətə hazır olduqlarını nümayiş etdirmələri və hansısa mərhələdə hakimiyyətin yeganə fəxr predmeti olan “sabitliyin” bir anın içindəcə göyə sovrula biləcəyi mesajını vermələri idi. Bu insanların bu dərəcədə mübariz görünmələri “Allahu-Əkbər” şüarına qarşı mübarizənin səmərəsizliyini göstərən amillərdən sayıla bilər. 
 
Öncə vurğulayaq ki, ölkədə dini problemlər kimi son dərəcə həssas olan məsələyə hakimiyyətin qadağalar yolu ilə yanaşması məntiqə uyğun deyil. Bu məsələyə sırf insan haqları prizmasından yanaşılması problemin həlli hesab oluna bilər. 
İslamfobiyanın təhlükəsi barədə bu sətirlərin müəllifi  dəfələrlə yazdığından bu məqalədə baş verən aksiyanın yalnız siyasi tərəflərini təhlil etmək lazım gəlir. 
Aksiyada adı hallandırılan Tale Bağırzadə dini və siyasi çevrələrdə artıq kifayət qədər yaxşı tanınır. Sabiq vicdan məhbusunun hakimiyyətə əzələ nümayiş etdirməklə davam etdirilməsi inanclı kəsimin dirəniş metodlarından biridir. Lakin vaxtından əvvəl, tam hazırlıq olmadan, əsas resurslardan məhrum olan bir halda belə aksiyaların həyata keçirilməsi nəyin bahasına olursa-olsun məqsədə çatmaqdan xəbər verir. 
Onu da qeyd edək ki, cəmiyyətdə məhdudiyyətlər o dərəcədə artıb ki, artıq hamını və hər şeyi inkar etməkdən, düşmən görməkdən başqa yol qalmayıb. Bu, istər dini çevrələrdə, istərsə də siyasi çevrələrdə belədir. Belə qruplar azsaylı olduqda isə onların marjinallığı artır. Əgər problemlər mövcuddursa və meydan boşdursa, özünü təsdiq üçün şərait yaranır, lakin bunu realizə etməyə resurslar kifayət etmədiyindən, radikal aksiyalarla diqqəti cəlb etmək lazım gəlir. Polis idarəsinin srağagün gecə aksiya təşkil edənlər bununla problemi həll etmək əvəzinə, onu daha da dərinləşdirdiklərinin fərqində olmalı idilər. 
Bir sual yaranır: bu məsələdə hakimiyyət maraqlı idimi? Bu suala cavab bir çox məqamlara aydınlıq gətirə bilər. İlkin təhlillər hakimiyyətin bu məsələdə də maraqlı olduğu barədə rəyə gəlməyə imkan verir. 
Birincisi, Qərbi “islam xoxanı” ilə qorxutmaq, özünü yeganə sekulyar həyat tərzinin daşıyıcısı kimi göstərmək üçün meydanlarda yalnız “Alalhu Əkbər” şüarlarının səsləndirilməsi vacibdir. İqtidar buna qismən nail olsa da, növbəti mərhələdə daha ağır sınaqlarla üzləşə bilər. Canını asanlıqla fəda etməyə hazır olan insanlarla mübarizəyə iqtidarın hazır olmadığı aksiomadır. 
İkincisi, iqtidar bu aksiyanın fonunda hakimiyyətdaxili qalmaqallı həbslərə münasibəti yayındırmağa çalışa bilər. Beləliklə, aksiyanın təşkilatçıları vaxt seçimində yanıldılar. 
Üçüncüsü, baş verən aksiya protest elektoratını yenidən parçalaya bildi. Ateist-inanclılar  qarşıdurması bir-birinə qarşı yönəldi. Bu da hələ son deyil. Baş verənlər fonunda məzhəblərarası savaş qığılcımları alovlanmağa başladı. Aksiya təşkilatçıları ilə digər məzhəb təmsilçiləri arasındakı uçurumun dərinliyi də üzə çıxdı. Bir sözlə, bütün problemləri yaradan hakimiyyətə qarşı mübarizə ikinci plana keçməyə başladı. 
Ehtimal etmək olar ki, bu müstəvidə aksiyalar və etirazlar davam edəcək. Ümumiyyətlə, ölkədə bir gərginlik yaşanmaqdadır. Etiraz aksiyalarının genişlənə biləcəyi zaman siyasi və dini elektoratı   parçalamaq üçün addımlar atmaq lazım idi. Odur ki, protest elektoratı etiraz aksiyaları zamanı addımlarını koordinə etməyə məhkumdur. İnanclı kəsimin tələbləri insan haqlarının əsas elementlərindən biri olduğu kimi, “Azad seçki” şüarı da İslam dininin əsas şüarlarındandır. Bu yolda təkfirçilik, marjinallıq, ultra-sekulyarlıq hədəfdən yayındırmağa xidmət edən ən əsas amillərdəndir. Odur ki, mübarizə müstəvisini yenidən sekulyar-inanclı və yaxud dini cameənin daxilinə transfer etmək tendensiyasına indidən son qoyulmalıdır. Bunu aksiya təşkilatçıları da anlamalıdırlar...
скачать dle 12.1