Hamımız insanıq. Görəndə ki, bizi narahat edən suallar, problemlər hakimiyyətin yüksək təbəqəsinin dilindən səslənir, dərhal ümidə qapılırıq - bəli, düşünürük ki, deyəsən, bu başıbəlalı ölkə axır ki, düzələcək...
Qərəz, bir müddətdir ki, iqtisadiyyatın normallaşması, işgüzar təbəqənin müdafiə olunması, idarəçilikdəki, ayrı-ayrı strukturlardakı özbaşınalıqların aradan qaldırılması, korrupsiyanın və inhisarçılığın dəf edilməsi ilə bağlı çox böyük müzakirələr gedir...
Müzakirə deyəndə ki, hakim elita deyir, biz də eşidirik. Gəl ki, biz də bu ölkənin vətəndaşlarıyıq, bu ölkədə baş verənlərdən azacıq bizim də xəbərimiz var. Ona görə də deyilənlər bizim tərəfdən anlaşıqla qarşılanır...
Amma cəmiyyətin və ölkənin həyatının bir hissəsində problemləri görmək, o biri hissələrində isə onların mövcudluğunun inkar etmək, istər-istəməz müzakirələrə inamımızı sarsıdır...
Əsl dəyişikliklər heç vaxt “Məmməd çıxarıldı, Həsən təyin olundu!” kimi olmur. Nə vaxtsa ölkənin əsas probleminin - onun qüsurlu siyasi sisteminin də üstünə getmək və bu sistemi tamamilə yenisi ilə əvəz etmək lazım gələcək. Amma bu qədər vaxt keçsə də, bu xüsusda hələ ki bir kəlmə də belə deyilmir...
Təsəvvür edin, ölkədəki böyük problemlərdən danışılır, eyni zamanda parlament seçkisinin çox uğurla keçdiyi deyilir. İnsanlar nə etsin? Deyilənlərə inansın, yoxsa bütün baş verənləri sadəcə, “Həsən Hüseynin xətrinə dəyib, ona görə də gözdən düşüb!” kimi qəbul etsin?..
İnsanların bəlkə də ən yaxşı bildiyi və yaxşı baş çıxardığı problem birinci növbədə seçkidir. Təsadüfi deyil ki, onlar bu haqda heç vaxt ciddi danışmırlar, daim ironiya edirlər. Amma onlara deyilir ki, seçki çox böyük bir uğurla keçib...
Seçkilərə xüsusi yazı həsr etməsəm də bu konteksdə çox şey yazmışam. Mənə elə gəlir ki, parlamentin yeni tərkibinə ötəri nəzər salmaq kifayətdir ki, əmin olasan ki, bəli, bu, tamam süni konstruksiyadır. Necə olur ki, parlamentə düşmüş bütün digər partiyalar hamısı yalnız bir, nadir hallarda isə iki mandat qazanır? Dərhal sual yaranır ki, axı bu necə olur? Bu partiyaların içində heç üç və ya dörd, beş və ya on mandat qazananı yoxdurmu?
Bəli, heç bir əziyyət çəkmədən başa düşürsən ki, bu, çoxpartiyalı parlament görüntüsü yaratmaq üçün təşkil edilmiş illüziyadır. Təsəvvür edin, partiyalara hətta efir vaxtı da vermirlər. Üstəlik, məlum olur ki, yenidən seçilənlərin az qala yüzü elə köhnə deputatlardır. Bəlkə də dünya praktikasında da belə hallar olur, bir adam bir neçə dəfə seçilir, özü də eyni bir dairədən seçilir. Buna sözümüz yoxdur. Amma bir şey var ki, onlar həqiqətən də seçilirlər....
Bir daha digər partiyaların qazandığı mandatlara qayıtmaq istərdik. Biz seçkinin doğru-dürüstlüyünə o vaxt inanacağıq ki, tək mandat söhbəti bitib-qurtarmış olsun...
Qayıdaq yazının əvvəlindəki mətləblərə... Belə vəziyyət digər problemlərə də inamı sarsıdır. İlk qənaətin bu olur ki, bütün bunlar mənasız siyasi şoudur, çünki heç vaxt problemlərin əsl mahiyyətinə gedilməyəcək, hər şey öz adı ilə adlandırılmayacaq...
Ona görə də bir az düşünüb-daşınandan sonra artıq inam da qalmır. Bilirsinizmi bunlar ölkəni necə “dəyişmək” istəyirlər? İstəyirlər eyni adamlar, eyni idarəçilik fəlsəfəsi qalsın, amma rüşvət bir az azalsın, inhisarçılıq bir az zəifləsin. Mümkünmü? Mən ölkədəki son proseslərlə bağlı vəziyyəti dinləyən adamların yerində təsəvvür etmək istərdim özümü. Onlar nə düşünürlər? Bu adamlar düşünmürmü ki, əgər digər sahələrdə yalan və əyrilik hökm sürürsə, o halda başqa sahələrdə vəziyyət necə düzələ bilər?..
Təbii, düşünürlər. Hamı, necə deyərlər, hansı bir oyuna getdiyinin fərqindədirlər. Fikirləşirlər ki, öz bildiyimizi edək, harada qırılır qırılsın! Ona görə də ümid də qeybə çəkilir, yuxu da. Bəlkə ona görə ki, bu ölkədə elə ümid də yuxu kimidir?..
Amma hər şey başqa cür də ola bilərdi. Normal seçki keçirərdik. Parlament qarşısında məsul hökumət formalaşdıra bilərdik. Məhkəmələrin canını sifarişli qərarlardan qurtara bilərdik. Ölkədə ictimai nəzarət güclənərdi, onun davamlı və dönməz mexanizmləri formalaşardı. Bəli, onda nəyinsə dəyişəcəyinə ümid etmək olardı...
Amma bunları etmirik və bu azmış kimi insanları təkrar-təkrar məyus edirik. Hətta onu da nəzərə almırıq ki, hamımız insanıq - nə əsəblərimiz dəmirdəndir, nə də ürəklərimiz...
скачать dle 12.1