Ölkə qəribəliklərlə doludur. Amma bilirsiniz ən qəribəsi nədir? Adam müxalifət partiyalarının fəaliyyətinin konkret dövr üçün yekunundan danışa bilmir... O gün Türkiyə kanallarına baxırdım. İnsanlar müxalifət partiyası CHP-nin növbəti qurultayını keçirmək üçün imza toplayırdılar...
Hiss olunurdu ki, onlar seçkinin nəticələrindən narazıdırlar, çünki artıq neçənci dəfədir ki, partiya parlament seçkilərində nəticələrini nəinki yaxşılaşdıra bilmir, əksinə, getdikcə mövqelərini itirir. Düzdür, o, yenə də əsas müxalifət kimi qalır, gəl, nəticə insanları qane etmir...
Bizim problemimiz isə ondan ibarətdir ki, biz müxalifət partiyalarının liderlərinə öz iradlarımızı da bildirməyə fürsət və ən başlıcası isə zəmin tapa bilmirik. Ona görə ki, hamı özünü qalib hiss edir. Hamı deyir ki, əsl seçki olsaydı biz qalib olacaqdıq. Hamı deyir ki, təqsir partiyalarda, onların rəhbərlərində deyil, ölkənin mövcud siyasi reallıqlarındadır...
Nə demək olar?.. Lap “Dədə Qorqud” filmində deyildiyi kimi: Tural düzmü deyir, bəylər?..
Bəlkə də düzdür, amma bizim də öz suallarımız var. Bəs əsl seçkini bu ölkəyə kim gətirməlidir? Bu ölkənin siyasi reallıqlarını kim dəyişməlidir?..
Deyəcəklər ki, bacarmırıq, gücümüz çatmır, cəmiyyət zəifdir. Buna da iradımız yox. Sadəcə, burada bir detala toxunmaq istəyirəm. Bəs onda siyasi partiyalarda rəhbərlik üstündə niyə bu qədər qovğa gedir? Nədən heç kim demir ki, bəs gücüm bura qədər çatdı, bundan sonra isə kim istəyir, buyursun, partiyanı irəli aparsın!..
Yox, belə demirlər. Bir tərəfdən daha heç bir şansın qalmadığını deyir, o biri tərəfdən də partiyanın sükanından dörd əllə yapışırlar!
Bu nədir? Sadəcə, təqaüd yaşına qədər bir təhər öz başını qatmaqmı? Bəlkə bu adamların elə doğrudan da getməyə yeri yoxdur, elə ona görə də partiyadan belə dörd əllə yapışıblar?
Məsələ bundadır ki, biz onları başa düşməyə çalışırıq, amma onlar bizi başa düşmək istəmirlər, hətta buna cəhd də etmirlər...
Mənə qalsa, bu müxalifətin bütün şansları tükənib. Ən dəhşətlisi isə odur ki, bu vəziyyətə adekvat təhlil yoxdur. Bəli, bu hansı mərhələdir? Bu mərhələdə biz nə edə bilərik və yaxud nə etməliyik?
Bu haqda zərrə qədər də düşünən yoxdur. Fikirləşmirəm ki, insanların, daha doğrusu, müxalifət funksionerlərinin hamısı etinasız və biganədir. Yox, belə deyil. Amma özünə əziyyət vermək istəyən yoxdur...
Əziyyət deyəndə ki, elə bir böyük bir şey də tələb olunmur. Sadəcə, müxalifətin düşdüyü indiki bu vəziyyəti təhlil edən, ondan qurtuluş yollarını göstərən, yeni hədəfləri işarə edən bir proqrama ehtiyac var. Bunun da adını “Yol xəritəsi” qoymaq olardı... Amma əsas bu deyil. Odur ki, böhrandan çıxış yolu aransın... Əks təqdirdə heç nə dəyişməyəcək. Bizə qalsa, müxalifətin sükanını gənclərə tapşırmağın vaxtıdır. Yox, bu, qorxmaq, aradan çıxmaq və ya başqa bir məsələ deyil...
Kimsə hətta deyə bilər ki, gənclər buna hazırdırmı? Onlar müxalifət olmağın ciddiliyini və məsuliyyətini dərk edirlərmi? Heç nə deməyəcəm. Bircə onu deyəcəm ki, indi klassik müxalifət partiyalarına rəhbərlik edənlər də siyasətə gələndə tamam gənc idilər, üstəlik, o vaxt müxalifətçilik, siyasi fəaliyyət təcrübəsi də yox idi. Amma onlara inandılar, onlara etimad göstərdilər! Nədən bəs onlar digərlərinə etimad göstərmirlər?..
Burada bir məsələni də qeyd etmək istərdim. Biz siyasi-tarixi isimlərə yetərincə sayğı göstərmədik. Düşündük ki, bu adları mənimsəmək kifayətdir ki, uğur bizə tuş gəlsin. Düşünürdük ki, bu adlar bizim ictimai şüura proyeksiyamızı asanlaşdıracaq. Daha insanlar “Bu kimdir? Bu hansı partiyadır?” deməyəcəklər. Ona görə də indi müəyyən mənada adların qisasını yaşayırıq. Əlbəttə, durub filan adlı partiyanı necə taleyin ümidinə buraxasan?
Riskli deyilmi? Əlbəttə risk var. Fəqət, bunu vaxtında bilmək lazım idi. Biz bu adları mənimsəməyə çalışmaqla təkcə özümüz üçün deyil, tarix üçün də problem yaratdıq, tarixin müəyyən hissəsini də müxalifətçi etdik. Özümüzü elə apardıq ki, guya həmin tarix canlı olsaydı yüzə-yüz bizim tərəfimizdə olacaqdı...
Bunları yazıram, bir sual keçir beynimdən: İlahi, biz nə qədər problem yaratmışıq? Nə vaxtsa bu problemlərin bizdən hesabı soruşulsa onda nə cavab verəcəyik? Onda da öz mövqelərimizdən dörd əllə yapışacağıqmı?..