İran Azərbaycandan nə istəyir?

13-11-2015, 10:00
0
İran Azərbaycandan nə istəyir?
Təbriz etiraz aksiyaları ilə çalxalanır. Kənar baxışla görünən budur ki, İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm basır. Yaxın zamanlarda Bakı və Tehran arasında münasibətlərin daha da gərginləşəcəyini ehtimal edə bilərik. Görünür, İranın Qərblə münasibətlərini normallaşdırmağa çalışması Bakını narahat edir. Məsələ ondadır ki, Tehranla münasibətlərini normallaşdırmağa çalışan Qərbin Bakı ilə münasibətləri son aylar xeyli dərəcədə korlanıb. Qərb Azərbaycan hakimiyyətinə təzyiqlərini artırır. 
Azərbaycan və ABŞ münasibətlərinin gərginlik yaşadığı bir dönəmdə Tehran və Bakının münasibətlərinin “soyuq müharibə” həddinə çatması təəccüblü görünür. Xarici siyasətində daima “düşmənimin düşməni mənim dostumdur” devizini rəhbər tutan İran məntiqə əsasən Bakı və Vaşinqton münasibətlərinin daha da gərginləşməsinə çalışmalı, əvəzində öz “qardaşlıq missiyasını” təklif etməli idi. Lakin gözlənilənlərin əksinə olaraq, İran-Azərbaycan münasibətlərində gərginliklər artan xətt üzrə inkişaf etməyə başladı. Tehranın Azərbaycana münasibətini emosional amillərlə bağlamaq da düzgün olmazdı. 
Tehran rejimi “burnunun ucunda” müstəqil Azərbaycan dövlətinin olmasını özü üçün təhlükə hesab edir. Tehran Şimali və Cənubi Azərbaycan əlaqələrini düşmənçilik həddinə çatdırmağa cəhd edir. İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin hüquqlarının pozulması da münasibətlərə təsir etməyə bilməz. İran müstəqil Azərbaycanı özünə təhlükə görür. Əslində Şimali Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran üçün bu təhlükə daim gündəmdə olub. Lakin beynəlxalq təcrid, Qərb tərəfindən düşmən obrazında təqdimat, İranı Azərbaycanla münasibətləri düzəltməyə vadar edir. Buna baxmayaraq, İran əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın hərbi qüvvələrinə, İsrailin kəşfiyyat orqanlarına ərazisində fəaliyyət göstərməsinə imkan yaratmayacaq. 
Bu gün İran rejiminin qalmasında ən maraqlı ölkə kimi Rusiyanın adı çəkilir. Moskva “burnunun dibində” amerikapərəst bir rejimin olmasında maraqlı deyil. İrana sahib olmaq Orta Şərq, Cənubi-Qərbi Asiya, Cənubi Asiya, Cənubi Qafqaz, Orta Asiya, Fars körfəzi, Ərəb dənizi, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. Buna ABŞ-ın sahib olması isə Rusiyanın sonu demək olardı. 
Qeyd edək ki, İranın Azərbaycana təsir imkanları yetərincədir. Vaxtilə İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni belə bir şüar ilə çıxış etmişdi - dünya şiələri birləşin! Bu şüar bu günədək İranın xarici siyasətinin göstəricilərindən biri kimi nəzərdən keçirilir. İran Azərbaycana təzyiq üçün hansı addımları ata bilər?  Bu məsələ barədə bir qədər düşünmək lazım gəlir. 
Tehran rejiminin Azərbaycanla bağlı ən əsas silahının bəzi İslam təmayüllü təşkilatları maliyyələşdirməsi olması sirr deyil, lakin bu qüvvələr yetərincə güclü deyillər və Azərbaycanda ictimai rəyə təsir imkanlarına malik deyillər. Buna baxmayaraq, İranın Azərbaycan dindarlarının bir qisminə təsir imkanları az deyil. Burada mötədil islamçıları da gözləmək yersiz görünür. Çox sadə bir həqiqətə görə - ac ölkədə yalnız siyasilərmiş və radikal islam meydana çıxa bilər. Bunun əsas amillərindən birinin də Azərbaycanda liberal ideologiyanın iflasa uğraması ilə bağlıdır. 
Liberalizmlə bərabər Azərbaycanda Qərb dəyərləri də çökməyə başladı. Vurğulayaq ki, Qərb dairələri Azərbaycanda 2003-cü ildən etibarən məhv olmağa başladı. Bu əhval ruhiyyə ilə yanaşı, qərbyönümlü siyasi partiyaların da siyasi meydandan sıxışdırılması müşahidə edilməkdədir. Necə deyərlər, müqəddəs yer boş qalmır; bu dəfə də belə oldu. Qərbyönümlü siyasi qrupların iflası ilə yaranan boşluğu İslam təmayüllü mərkəzlər doldurmağa başladılar. Cəmiyyətdə İslam dəyərlərinin populyarlaşması siyasətə gəlmək arzusunda olan yeni müxalifətçilər qrupu üçün də başlıca amilə çevrildi.  
Burada bir məqamı xatırlatmaq lazım gəlir. İran hərbi baxımdan Azərbaycandan xeyli güclüdür, bu ölkənin 13 milyon hərbiçisi var.  Əhalisinin sayı, büdcəsi də Azərbaycanla “haqq-hesab çürütməyə” imkan verir. Bir anlığa təsəvvür edək ki, Azərbaycan Qərbin dəstəyi ilə İranla açıq qarşıdurmaya gedir, situasiya İranın hərbi müdaxiləsi ilə sonuclanır. Cənub bölgəsində “TMR”-ə bənzər “Cənub İslam Respublikası” qurulur. Bundan istifadə edən Rusiya şimal bölgəsindəki əhalini müdafiə etmək adı ilə bizim ərazilərə daxil olur, Ermənistan isə Qərb bölgəsinə qoşun yeridir. Bakı belə bir riskə gedə bilərmi? Ritorik sualdır. Odur ki, ehtimal edə bilərik ki, Bakı Tehranla münasibətlərini bərpa etməyə çalışacaq...
скачать dle 12.1