Onları başqa cür görmək istəyən varmı?

15-11-2015, 17:34
0
Onları başqa cür görmək istəyən varmı?
Bəlkə də bir az ironiya doğuracaq. Amma Rusiya qəzetlərindən birinin olduqca maraqlı devizi var: “Həqiqəti demək asan və xoşdur...” Bir daha deyirik ki, bu, ironiya da doğura bilər. Ona görə ki, söz demək bir şeydir, onu etmək tamam başqa. Və mən də belə hesab edirəm ki, bu sözləri deyənlərin vətənində - Rusiyada həqiqəti demək elə də asan deyil. Ən azı ona görə ki, onu - həqiqəti deyənlərin aqibətini də görmüşük o ölkədə...
 
Nə isə. Bu gün heç də Rusiyadan danışmaq fikrində deyilik. Hamı kimi bizi də Fransada baş vermiş terror aktı sarsıtdı desək izafi şişirtməyə yol vermərik və güman edirik ki, 150 - dən çox günahsız insanın ölümü heç kimi biganə buraxa bilməz...
Bəlkə də sonra dəqiqləşmələr olacaq. Amma ilkin məlumatlar terror aktını İŞİD və Suriya ilə bağladı. Ona görə də bir sual vermək istərdik. Dedik ki, bu terror aktı Fransada 150-dən artıq adamın həyatını aparıb. Amma dörd il ərzində Suriyada nə qədər adam ölüb? Min? On min? Yüz min? Bəli, sayıb və hesaba alıb bir söz demək olduqca çətindir...
Təbii ki, Suriyada vətəndaş müharibəsində yüz minlərlə adam ölübsə bu, o demək deyil ki, Fransada da günahsız insanlar ölməlidir. Əlbəttə ki, yox! Əgər kimsə bunun əksini düşünürsə, deməli onun ürəyi yoxdur, yaxud da nifrət gözlərini elə tutub ki, ağı qaradan ayıra bilmir...
Amma bu gün müsəlman Şərqi bir bumeranqa dönüb dünyanın aparıcı dövlətlərinin sifətinə dəyir. Niyə görə? O səbəbdən ki, illərlə həmin dövlətlər bu ölkələrə yalnız neft çəlləyi kimi baxdılar, bundan o tərəfi görmədilər, görmək istəmədilər...
Bu yaxınlarda bir Qərb qəzeti həyəcanla yazmışdı ki, bir müddətdən sonra Yaxın Şərqdə artıq xristian qalmayacaq. Amma biz bunu yazanlardan soruşmaq istərdik: siz heç olmasa bircə dəfə orada xristianların da yaşamasını düşündünüzmü?
Yox, düşünmədilər. Elə “müsəlman ölkələri” deyib durdular. Suriya azsaylı islam ölkələrindən biri idi ki, onun çox qədim xristian əhalisi də vardı. Amma nə oldu? Təbii ki, biz Suriyada baş verənləri bütünlüklə Avropa ölkələrinin boynuna yükləmək istəməzdik. Amma baş verənlərdə hamı təqsirkardır. Kimi bunları görmək istəmədiyinə, etinasızlığına görə, kimi də bu işlərdə fəal iştirakına görə təqsirkardır. Bəli, Qərb ölkələri müsəlmanları ən yaxşı halda öz ölkələrində kiçik və nəzarətdə olan dini azlıq kimi görməyə razı oldular... 
Bundan o tərəfə getmədilər. İndi terrorçu dini radikallar hamını qorxudur və hətta dəhşətə gətirir. Amma yenə də sual vermək istərdik: siz onları başqa cür görmək istədinizmi?...
Bir məsələdən o birisinə keçmək olmasın. Amma bir məsələni gərəkdir ki, qeyd edək. Bu günlərdə Türkiyə Avropa Birliyindən növbəti “yox” cavabı aldı. Bircə ay, bəlkə də bundan da az müddət əvvəl Türkiyəyə qaçqın problemini nəzarətə götürmək istəyilə yollananlar belə öz vədlərini heç yada salmadılar. Fransanın əvvəlki prezidenti - N.Sarkozi Türkiyə səfər edəndən və bu ölkə ilə azacıq yaxından tanış olandan sonra demişdi ki, Türkiyənin Avropaya, Avropanın da Türkiyəyə ehtiyacı yoxdur! Amma həqiqətdə belədir, ya yox? Təbii, belə deyil. Hamımızın biri-birimizə ehtiyacımız var...
Bəzən deyirlər ki, guya Qərb ölkələri digər ölkələrə demokratiya ixrac etməyə çalışır. Amma buna yalnız ironiya etmək olar. Niyə görə? Ona görə ki, indi bəhs etdiyimiz dövlətlər digərlərinə demokratiya ixrac etməyə çalışsaydı buna  yalnız sevinərdik. Onlar əksinə demokratik üsul-idarəni qısqanır və belə hesab edirlər ki, bu, yalnız xristian ölkələri üçündür...
Bəli, onlar müsəlmanları və müsəlman ölkələrini başqa cür görmək istəmirlər. 
Özləri qəliblər yaradıblar. Müsəlman kimdir? Əslində avtomat tutmuş və qara paltarlı adam!.. Qəlib o qədər xoşlarına gəlib ki, müsəlman ölkələrini onun hüdudlarına qovurlar... 
Şərq ölkələrinin çoxu bir vaxtlar Qərbin müstəmləkələri olublar. Qərbin  bu yerlərin əhalisinə fərqli və daha mütərəqqi düşüncə tərzi aşılamaq üçün çox vaxtı olub. Amma etməyiblər. Əksinə Şərq ölkələrində despotizmi və geriliyi stimullaşdırıblar. O səbəbdən bu gün Şərqdə baş verlənlərin müəllifləri həm də Qərb ölkələridir və bütün bu prosesdə adamı yalnız bircə məsələ təəssüfləndirir: yüzlərlə günahsız insan həlak olur, minlərlə insan təlaş keçirir və hərə də bir səbəb deyir. Əslində isə sadə şey baş verir: Şərq Avropanın illərlə görmək istədiyi kimi olmağa başlayıb. Min təəssüf...
скачать dle 12.1