Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifdən azad olunması təkcə bu qurumu deyil, bir sıra nazirlik və idarələri də diqqət mərkəzinə gətirib. Hansı ki, bu əməliyyat çərçivəsində bir neçəsi general olmaqla, onlarla insan həbsə atılıb, daha bir nazir və digər yüksək vəzifəli məmurlar öz postları ilə vidalaşıb. Bundan sonra da bu “od-alov”un hələ çoxlarını yandıracağı şübhəsizdir.
Təbii ki, milli təhlükəsizliymizi qoruyan bir qurumun rəhbəri başda olmaqla, bir çox əməkdaşlarının öz səlahiyyətlərini aşıb, şantaj və təhdidlə məşğul olması utancverici hadisədir. Elə bu səbəbdən də belə əməllərlə məşğul olan şəxslərin həbs olunması, işdən çıxarılması təqdir olunmalıdır. Lakin onu da unutmayaq ki, onların qanunsuz əməlləri nə bir günün, nə bir ayın, nə də bir ilin işi deyil. O halda bəs nədən həmin insanlar məhz indi rejim başçısının qəzəbinə tuş gəlib?
Əlbəttə, bu suala cavab vermək o qədər də asan deyil. Çünki bu əməllər haqda ölkə başçısına daha öncə məlumat verilib-verilmədiyi bəlli deyil. Ancaq cəmiyyətimizdə bununla bağlı şoxsaylı şaiyələr də gəzməkdədir. Bəziləri deyir ki, bu qonşu dövlətin başçısının hansısa tədbirdə İlham Əliyeva verdiyi dezinformasiyadan doğan olaydır. Əgər belədirsə, istər-istəməz ortaya belə bir sual çıxır: məgər biz dövlət deyilik? Qonşu dövlətlər hansı havanı çalacaqlarsa, biz də oynayacağıq?
Bu düşüncədə olanlar öz sözlərini onunla təsdiqləyirlər ki, vaxtilə keçmiş İqtisadiyyat naziri Fərhad Əliyev də prezidentə verilən yanlış informasiya əsasında, əvvəlcə “dövlət çevrilişi”, sonra da korrupsiya ittihamı ilə həbs edilmişdi...
Qeyd edək ki, ölkə başçısının Eldar Mahmudov haqda sərəncamından öncə cəmiyyətdə nəqliyyat naziri Ziya Məmmədovun “vurulacağı” gözlənilirdi. Hətta bəzi qəzetlərdə onun Azərbaycandan qaçdığı haqqında da informasiyalar da verilmişdi. Sonradan Z.Məmmədov efirdə görünməklə, bu informasiyaların yalan olduğunu ortaya çıxardı.
Əlbəttə, Ziya Məmmədovun istefaya göndərilməsi haqda sərəncam olsaydı, bu, cəmiyyətdə tamamilə təbii qarşılanardı. Ən azı ona görə ki, onun rəhbərliyi dövründə Nəqliyyat Departamentinin işçiləri şəhərin ortasında adam döyməklə ad çıxarıblar. Hətta onların ölümə səbəb olduğu haqda informasiya və video çəklişlər də mövcuddur. Hansı ki, bütün bunlara görə Z.Məmmədova “gözün üstündə qaşın var” deyən yoxdur. Doğrudur, nazir haqqında şaiəyələr dolaşan müddətdə, belə desək, onun “ayağı sürüşən” kimi televiziyalar Nəqliyyat Nazirliyi işçilərinin özbaşnalıqlarını göstərən kadrları efirə verməkdə yarışa girmişdilər. Lakin o, özünü “sığorta etdirib” üzə çıxan kimi bu kadrlar efirdən yığışdırıldı. Cəmiyyətdə çoxlarını düşündürən bu suala isə hələ də cavab verən yoxdur: Ziya Məmmədovun qanunsuz əməlləri Eldar Mahmudovun əmələrindən azdır ki, ikinci istefaya göndərildiyi halda, birinci hələ də öz vəzifəsinin başındadır?! Axı, E.Mahmudov əksəriyyəti harınlamış olan sahibkarın pulunu alıbsa, Z.Məmmədov kasıb insanların canını alıb!
Bəlli olduğu kimi, iqtidar daxilindəki çaxnaşma daha bir nazirin istefasına səbəb oldu. Belə ki, Rabitə və Yüksək Texnalogiyalar naziri Əli Abbasov prezidentin sərəncamı ilə işdən azad olundu. Bu zaman məlum oldu ki, nazirlikdə keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İddia olunur ki, vətəndaşların, ölkə rəhbərliyinin qanunsuz dinlənilməsində yalnız RYTN rəhbərliyi deyil, MTN generalları da yaxından iştirak edib. Daha doğrusu, bu qanunsuz əməllər bilavasitə onların göstərişi ilə həyat keçirilib.
Sözsüz ki, biz sabiq nazir Əli Abbasovun öz vəzifəsinin öhtəsindən gələ bilmədiyini iddia edə bilmərik. Əksinə, onun kifayət qədər təcrübəli və imicini qoruyub saxlayan tək-tək nazirlərdən olduğu da sirr deyil. Lakin, əgər o, qanunsuz dinləmə faktına bu və ya digər səbəbdən göz yumubsa (və yaxud da buna məcbur olubsa), onun barəsində verilən sərəncamın yerində olduğunu deyə bilərik.
Qeyd edək ki, bu faktları sadalamaqda məqsədimiz heç də kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq deyil. Bununla, bəlli bir həqiqəti yenidən dəyərli oxucularımıza çatdırmaq istəyirik ki, mövcud hakimiyyətdə bir məmurun digərindən fərqi elə də çox deyil. O mənada ki, bu gün vəzifədə olanlar heç də hansısa cinayət əməllərinə görə işdən qovulanda az qanunsuzluqlar etməyib. Əslində, bu da təbiidir. Çünki kimliyindən asılı olmayaraq on ildən artıq nazir və digər yüksək çinli dövlət məmuru vəzifəsini daşıyan şəxs qanunsuluğa yol verməlidir. Bu, aksiomadır.
Eyni fikri Milli Məclis üzvləri haqqınd da demək olar. Hansı ki, bu ayın əvvəlində Azərbaycanda parlament seçkiləri keçrildi və deputatların böyük əksəriyyəti öz yerində qaldı.
Odur ki, Azərbaycanda hansısa məmuru dəyişməklə müsbət dönüş yaratmaq mümkün deyil. Bunun üçün sistemi kökündən dəyişmək lazımdır. Və ölkədə seçkilər demokratik keçirilməli, insan hüquq və azadlıqların sayqı ilə yanaşılmalıdır. O halda BİZ DÖVLƏT VƏ MİLLƏT OLARAQ CİDDİ NAİLİYYƏTLƏRƏ NAİL OLA BİLƏRİK!