Şər

4-09-2012, 06:56
0
Şər

Azərbaycanın müqəddəs dəyərlərini yedikcə şişən və quduzlaşan bir şər

Indi bu Şər yenidən Əli Kərimlinin üzərində cəmləşib. Təbii ki, söhbət yalnız Əli Kərimlidən getmir. Əli Kərimli Azərbaycan cəmiyyətinin məhək daşına çevrilmiş adamlardan, simvollardan biridir. Şər onun müqabilində daha iyrənc, yalan onun müqayisəsində daha eybəcər, diktatura onun müqabilində daha zəif görünür (Hərdən, bu məhək daşı, adicə bir daşa çevrilib kimlərinsə başına da düşür, təbii ki). Amma Azərbaycandakı Heydərizm yalnız Əli Kərimli faktoruna münasibətdəmi bu qədər eybəcər, iyrənc davranış nümayiş etdirir? Ölkənin bütün dəyərləri şərin və yalanın platforması üzərinə qoyulursa, bütün naqisliklər və namərdliklər hakimiyyət-vətəndaş münasibətlərinin kökünə dayalı qoyulubsa, bir siyasi opponentə qarşı münasibət bizi nədən heyrətləndirməlidir?

Nakəslər arasında bir kəs tapılmaz

Mən heyrətlənmirəm. 1993-cü ildən indiyə qədər Azərbaycan vətəndaşları şərin və böhtanın ictimai və inzibati davranış normasına çevrildiyini müşahidə etmirmi? Bütün cəmiyyət bu relsin üzərindədir. Indi artıq tam əminliklə demək olar ki, 1969-cu ilə qədər mövcud olan Azərbaycan mentaliteti büsbütün yox edilib. Ictimai dairələrdə çox zaman elə bu şəkildə də ifadə edirlər: “Heydərizm Azərbaycanda özünə layiq olan yeni bir nəsil və yeni dəyərlər sistemi yaradıb”. Ən ucqar kəndlərə gedin. Oralarda belə, əhalinin etimad etmədiyi, ənənəvi Azərbaycan mentalitetinə tüpürmək istəməyən kəslər (və ya nakəslər) görəv başındadır. Məktəb direktorları, icra nümayəndələri, bələdiyyə sədrləri, icra hakimiyyəti başçıları,.. nazirlər... Bunlar hamısı Heydərizmin Azərbaycan xalqına sırıdığı, bu sırıqlarla da eybəcər hala saldığı tamam yad və fərqli dəyərləri mənimsəmiş insanlardır. Hər biriniz ətrafınıza baxın. Sevmədiyiniz, hörmət etmədiyiniz, bənzəmək istmədiyiniz adamların və daşıyıcısı olmaq istəmədiyiniz dəyərlərin sahiblərinin hökmən bir inzibati məqam sahibi olduğunu görəcəksiniz. 1969-cu ildən sonra insanlara və cəmiyyətə təlqin olunan bu eybəcər psixoloji qatları içinə yerləşdirmiş nə qədər adam da rəqabətdədir və alternativ olaraq həmin mənsəblərə gözlərini dikib durublar. Buna görə də, azərbaycanlıların bir prokuroru, bir icra başçısını, bir məktəb direktorunu,.. dəyişmək, bu mənsəblərə yeni adamların qoyulması uğrunda xırda mübarizələrini görüncə şaşırmayın: onlara nəsihət edin ki, bu mənsəblərdə kimlərin oturacağı ilə bağlı polemikalar, mübarizə qırıqları çox dəyərsiz və əhəmiyyətsiz enerji itkisidir. Heydərizmin kadrları yalnız onun dəyərlərini əxz etmiş insanlar arasından seçilir. Bu kadrların və bu dəyərlərin isə Azərbaycan xalqına heç bir dəxli yoxdur.

Nacinsliyin anatomiyası olmaz

Mən onun adını çəkmək istəmirəm. O, indi Azərbaycanda pisliyin, yaramazlığın, bəşəri iyrəncliyin ekvivalenti kimi xatırlanır. Amma o da olmasaydı, guya belələrinin qıtlığı varmı? Bu tipdə olanlar çoxdur. Onlar böyük və müqəddəs dəyərləri təhqir etmək üçün düşünülmüş, hazırlanmış, düzəldilmiş varlıqlardır. 
Hz.Məhəmməd (sav) kimi Taifdə daşlandı, dişini qırdılar, üzünə tüpürdülər. Bu, 1500 il bundan əvvəl oldu. Bu sayaq naqis və nacins hərəkətlər insanlığın hələ qutsal dəyərlərə tam sahib olmadığı, bəşəri davranış normalarını tam əxz etmədiyi zamanlarda baş verən yaramaz hərəkətlərdi. 1500 illik və ya bundan daha qədim tarixin gerçəkliyi budur ki, bu yaramazlıqlar tədricən islah olunur, bəşəriyyət yeni, daha kübar, daha nəcib normaların hakim olduğu cəmiyyətə hazırlanır, daha mədəni, daha insani yaşamı haqq edir. Bu, tarixin məntiqidir. Amma avtoritar idarəetmə sistemləri bu məntiqi inkar edir. Onlar bəşəriyyəti mağara dövrünə qədər geri qovalayıb şüursuz, ictimai instinktlərsiz, informasiyasız, ibrətsiz və görksüz zamanlara soxub daha bir era hakimiyyətdə qalmaq istərlər. Adını çəkmək istəmədiyim zat və ona bənzərlər avtoritar rejimlərin, Azərbaycan misalında Heydərizmin eksperimentlərinin uğurlarındandır.

O, bir tarixlik missiyanın sahibidir

 

 

Əli Kərimliyə yönələn şər birinci dəfə deyil. Əli bəy bu şər və böhtanlara zaman-zaman məruz qalıb. Ifrat altruizm onu təbdən çıxmağa qoymayıb. O özünü Azərbaycan tarixi qarşısında xüsusi missiyası olan adam hesab edir. On minlərlə, yüz minlərlə adam da belə hesab edir. Buna görə də Əli Kərimlinin ona böhtan atanlardan şəxsi qisas almaq fikrinə düşməməsi təbiidir. Ona atılan şər və böhtan Azərbaycan xalqına, Azərbaycan tarixinə atılır. Bu böhtanlar bir zamanlar Əbülfəz bəyə də atılıb. Bax, elə bu Heydərizmin indi ortalıqda çığır-bağır salan qəzetləri, təbliğat vasitələri Əbülfəz Elçibəyə nə qədər şər və böhtanlar atıblar. Tarix qarşısında missiyası olan insanların şəxsi haqq-hesab yürütmə haqları yoxdur. 
Əli Kərimliyə atılan bu şərin qarşısına çıxan insanları, tanınmış ziyalıları müşahidə etdikcə bu həqiqətə daha çox tapınıram: bu insanlar sadəcə Əli Kərimlini yox, Azərbaycan həqiqətlərini, bəşəri dəyərləri, Heydərist avtoritarizmin hələ tamam-kamal sıradan çıxara bilmədiyi nəcibliyi və müqəddəsliyi qoruyurlar.

Məhv edilmiş bir nəsil üçün ağı

Söhbət Əli Kərimlidən gedə bilməz. 1969-cu ildən indiyə qədər Azərbaycanın nə qədər görkəmli insanları təhqir, yalan və şər qarşısında duruş gətirə bilməyib, məhv edilib. 70-80-ci illərin repressiya qurbanlarının bir çoxu ilə şəxsən tanışam. O illərdə şərlənərək 10 illərlə həbsxanada oturmağa məhkum edilmiş adamlar, (bəziləri hətta ölüm hökmü altında da məhbəslərdə ömür çürüdüblər) 90-cı, 2000-ciillərdə belə Heydər Əliyev haqqında söhbət düşəndə səslərini içlərinə salıb pıçıltı ilə danışarlar, ucadan danışanda isə onların ömürlərini məhv edən diktator haqqında sayğıyla səslənərlər. Bu adamlar Azərbaycan xalqının taleyində mühüm və parlaq rollar oynaya bilərdilər, amma insan dözümünün son qatları ilə sınağa çəkilib sındırılıblar. Indi onların həyat nağılları yalnız özləri üçün maraqlı ola bilər. Bir də 69-dan üzübəri tarixi araşdıran kəsləri.

***

Amma Əli Kərimli məhək daşıdır. O, diktaturanın şəri, böhtanı, təzyiqləri, təhdidləri qarşısında geri durmayacaq insanlardandır. 40 illik istibdad Azərbaycanı bu cür insanlardan məhrum edə bilmədi. Hətta 400 illik istibdad belə bu cür insanların kökünü kəsə bilməz. Bu günə gəlib çıxan Azərbaycan bu gündən o yana da gedər, inşallah... 
Əli Kərimli ram edilməmiş müqavimət deməkdir
Əlbəttə, söhbət Əli Kərimlidən gedir. Onu Elçibəyin ölümündə ittiham edənlər “uf” demədən özlərinə, ən adi insani məntiqlə, ən əziz və ən doğma sayıla biləcək şəxsləri bir qəpiyə sata, qətlinə fərman verə bilərlər. 1969-dan üzübərini hesablayın. Baxın, görün Azərbaycan diktaturası nə qədər heyrət doğuracaq xəyanətlərin, satqınlıqların üzərində qurulub. Bu qədər xəyanət və satqınlığın üzərində hökmranlıq quranların laboratoriyasında şərin və böhtanın da hüdudu olmaz, əlbəttə. 
Söhbət ona görə Əli Kərimlidən gedir ki, o, Azərbaycanın müqavimət potensialının ekvivalenti kimi nəzərdən keçirilir. O, ram edilməmiş milli müqavimətdir və onu qırmaq, sındırmaq, məhv etmək Heydərizmin özü üçün təntənə saya biləcəyi ən mühüm göstəricilərdən biri olardı. Amma çətin! Mümkünsüz!
Söhbət Əli Kərimlidən gedir və onu daşıdığı, daşımağa məhkum olduğu tarixi missiyadan kimsənin ayıra bilməyəcəyindən. Onu kimsə cinayətdə ittiham edə bilməyəcək, çünki ortalıqda bu cinayət yoxdur. Avtoritarizm onu, sadəcə olaraq, şərləyə bilər. Şər isə Azərbaycan avtoritarizminin mahiyyətindən heç nəyi əksiltməz, heç nəyi də artırmaz. Çünki bu avtoritarizm  yalnızca şərdən ibarətdir. Getdikcə quduzlaşmaqda olan Şərdən.
Şərə qarşı çıxmasanız Allah sizi şərdən qorumayacaq, əksinə şərə təslim olanlar Allahın qəzəbinə gələrlər.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1